İranda aclıq edən azərbaycanlı məhbuslara Bakıda dəstək aksiyası keçirilib

  Avqustun 1-də Uluslararası Güney Azərbaycan Konseyi Bakının “Rich House” restoranında “Təbriz gecəsi” adlı tədbir keçirib.

"Media forum" saytının məlumatına görə, tədbir İranda 20 gün davam edən ölüm aclığı keçirən 5 siyasi fəala dəstək məqsədi daşıyıb.

Konseyin təşkilat məsulu Mərdan Seyidbəyli aksiyanın İranda qanunsuz həbsə atılan və ölüm aclığı keçirən azərbaycanlılara həmrəylik daşıdığını qeyd edib. Bu cür aksiyaların davamlı keçiriləcəyini bildirən Mərdan Seyidbəyli dünyanın bütün sivil ölkələrində yaşayan azərbaycanlıları İranda tüğyan edən haqsızlığa qarşı haqq səslərini qaldırmağa çağırıb.

“Təbriz gecəsi” tədbirinə Amerika, İsrail, Kanada, İngiltərə, Türkiyə və Almaniyada yaşayan azərbaycanlılar qatılıb.

Tədbirin rəsmi hissəsindən sonra “Savalan” qrupu konsert proqramı ilə çıxış edib.

İranda 9 il azadlıqdan məhrum edilmiş azərbaycanlı fəallar Lətif Həsəni, Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Quluzadə iyulun 13-dən məhkəmə hökmünə etiraz olaraq aclıq aksiyası keçirir.

 
 
 
 
 
 
 
əsas linklər