Azərbaycan-Türkiyə müttəfiqliyi əbədi və sarsılmazdır

96 il əvvəl Bakı şəhəri erməni-bol­şe­vik işgalından azad edildi

 

Dünya təcrübəsində tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və də­yərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çox­­saylı nümunələr gətirmək mümkündür. Bu baxımdan Azərbaycan və Türkiyə xalqları arasında dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlıq, eyni zamanda ortaq tarixə malik olmaları  əlaqələrin inkişafına təsir göstərən mühüm amillərdən biridir. Tarixin ən çətin sınaqları ilə üz-üzə gələndə də bu iki qardaş xalqlar bir-birlərinə kömək əllərini uzatmışlar.

1918-ci ilin mayında Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasına baxma­yaraq, respublika ərazisinin müəyyən hissəsi, o cümlədən Bakı və ətraf rayonlar erməni-bolşevik birləşmələrinin nəzarəti altında idi. Birinci Dünya müha­ri­bəsindən, habelə Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çev­rilişlə­rindən istifadə edən ermənilər mənfur iddialarını bol­şevik bayrağı altında real­laşdır­mağa nail ol­muş, Azərbaycanın bəzi bölgələrini, o cümlədən Bakını işğal etmişdilər. Bu isə ye­ni yaranmış Cümhuriyyətin tam müstəqilliyinə imkan vermir, onun fəaliyyətini məh­dudlaşdırırdı. Müstəqilliyə yeni qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətin özünün ərazi bütövlüyünü təmin etmək və daxildəki erməni-bol­şe­vik birləşmələrini zərərsizləşdirmək imkanları hələ yetərincə deyildi.

Azərbaycan Xalq Cümhuriyyəti daxildə və­ziy­­yəti sabitləşdirmək, respublikanın bəzi bölgələrini, o cümlədən Bakını erməni-bol­şevik iş­ğalından təmizləmək üçün qardaş Osmanlı Türkiyəsinin hərbi-si­yasi dəs­tə­­yinə ehtiyac duyurdu. 1918-ci iyu­nun 4-də imzalanmış «Osmanlı imperator­luğu hö­­ku­­məti ilə Azərbaycan Respublikası arasında dost­luq müqaviləsi» isə bu baxım­dan xü­susi əhəmiyyət daşıyırdı. 11 maddədən ibarət müqavilənin mü­hüm əhə­­miy­yə­tə malik 4-cü maddəsində «Dinclik və asayişi möhkəmləndirmək, ölkənin təh­lü­kəsiz­liyi­­nin təmini üçün əgər zərurət olarsa Osmanlı hökuməti Azər­baycan Res­pub­­likasına hərbi yardım gös­tər­məyi öz üzərinə götürür» müddəasının əksini tap­ması qar­daş ölkənin Azərbaycana hərbi dəstəyinə imkan yaradırdı.

    Avqustun 25-dən sentyabrın 13-nə qədər davam edən döyüşlərdə Qafqaz İslam Ordusu böyük uğurlar qazanaraq Bakıya yaxınlaşdı. Sentyabrın 14-də  Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı şəhərinə hücumu başa çatdırmaq üçün 100 saylı əmri imzaladı. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatdırıldı. Bunların 8 mini osmanlı, 6 mini isə azərbaycanlı əsgər və zabit idi. Sentyabrın 15-də döyüşlər səhər başladı. Bütün qüvvələrin əsas vəzifəsi kimi Bakının ələ keçirilməsi müəyyənləşdirildi. Səhər saatlarında bütün istiqamətlərdə başlanan hücum öz uğurlu nəticəsini verdi. Qaraşəhər, Ermənikənd və Əhmədli istiqamətində düşmənin hücumu qətiyyətlə dəf edildi. Qafqaz İslam Ordusunun qarşısının alınmasının qeyri-mümkünlüyünü görən "Sentrokaspi" rəhbərliyi danışıqlara başlamağı qərara aldı. "Sentrokaspi" ordusunun qərb cəbhəsinin komandanı üzərində ağ bayraq asılan avtomobillə 5-ci diviziyanın qərargahına yaxınlaşdı. Beşinci diviziyanın qərargahına danışıqlara gələn "Sentrokaspi" rəhbərliyinə aşağıdakı şərtlər diktə edildi: şəhərin qeyd-şərtsiz təslim edilməsi; şəhərdəki düşmən qüvvələrin təslim edilməsi; top və silahların, binaların və digər obyektlərin təslim edilməsi; Nargin adasında olan türk, alman və Avstriya əsirlərinin azad edilməsi; silah anbarlarının, ərzağın, avtomobillərin, yük maşınlarının, zirehli avtomobillərin, təyyarələrin və digər hərbi mülkiyyətin təslim edilməsi. Bu şərtlərin qəbul edilməsi ilə yanaşı əhalini sakitliyə çağıran, onların həyatları və mülklərinin təhlükəsizliyi üçün xüsusi bəyanat hazırlanaraq "Sentrokaspi" nümayəndə heyətinə verildi. Ümumiyyətlə, Qafqaz İslam Ordusu iyunun ortalarından sentyabrın 15-nə kimi Azərbaycanın azadlığı uğrunda döyüşlərdə 4 mindən çox əsgər və zabit şəhid vermişdi. Bu döyüşlərdə Azərbaycan könüllü dəstələrinin də itkiləri çox idi. Beləliklə, sentyabrın 15-i Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi.

 Bakıya daxil olan türk ordusunun komandanları Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqaları Hacı Zeynalabdin Tağıyevin dəvətini qəbul edərək onun evində qaldı. Qoşunların Bakıya gəlib bu şəhəri azad edəcəyi təqdirdə ikimərtəbəli böyük malikanəsini (indiki Azərbaycan Tarix Muzeyi) türk qoşunları komandanlığına bəxşiş edəcəyini vəd edən Tağıyev sözünə sahib çıxdı. O öz mülkünü türk qoşunlarının komandanlığının istifadəsinə verdi. Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. Qafqaz İslam Ordusunun bir hissəsi isə Dağıstan istiqamətində xilaskarlıq yürüşünü davam etdirməyə başladı... 1919-cu ilin sentyabrında indiki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyuldu. Təəssüf ki, 1920-ci ilin bolşevik çevrilişi bütün şəhidlərə ümumxalq məhəbbətinin və minnətdarlığının simvoluna çevrilməli olan bu abidənin tikintisinin başa çatmasına imkan vermədi. Yalnız ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Qafqaz İslam Ordusunun xilaskarlıq yürüşləri ilə bağlı mətbuatda yazılar görünməyə başladı. Qafqaz İslam Ordusunun tarixi xidmətləri nəzərə alınaraq 1999-cu ildə onun şərəfinə Şəhidlər xiyabanında möhtəşəm bir abidə ucaldıldı.

 Bu tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti höku­mətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçü­rülmüş, Azər­baycanda dövlət qurucu­luğuna start verilmiş, bir neçə ay sonra isə parlamentə demokratik qaydada seçkilər keçirilmişdir. Bütün bunlar təsdiqləyir ki, hələ 1918-ci ildə məhz Türkiyənin dəstəyi, bilavasitə iştirakı ilə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü təmin olunmuş, bolşeviklərin, daşnakların Bakı və ətraf rayonlarda ağalığına son qoyulmuşdur. 70 illik sovet hakimiyyəti illərində bu hadisə yanlış kontekstdə izah olunsa da, Azər­baycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmamış, onu qəlbində yaşat­mışdır. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbay­can tarixinin ən şərəfli səhifələrindən biri kimi daim ehtiramla xatırlanır.

1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dost­lu­ğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan hadisəyə çevrildi. 70 illik so­vet hakimiyyəti dövründə bu hadisə yanlış kontekstdə izah olunmasına bax­ma­yaraq Azər­baycan xalqı türk əsgərinin qəhrəmanlığını unutmadı, onu qəlbində ya­şatdı. Respublikamız ötən əsrin sonlarında müstəqilliyini bərpa etdikdən sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, digər rayonlarda da Azərbaycanın ərazi bü­töv­lüyü uğrunda şəhid olmuş türk əsgərlərinin məzarları ziyarət olunur.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Türkiyə ilə münasi­bətləri tarixi təməl üzərində sürətlə inkişaf etmişdir. İki ölkə arasında münasibətlərin əlahiddə xarakteri həm də onunla şərtlənir ki, qardaş Türkiyə Azərbaycanın dövlət müs­təqilliyini ilk ta­nı­­­yan, kifayət qədər çətin və mürəkkəb şəraitdə belə bir qərar qəbul edən ölkə ol­muşdur. İki dost ölkə arasında strateji müttəfiqlik münasibətləri ötən müddətdə ən yüksək pilləyə yüksəlmiş, əbədi və dönməz xarakter almışdır.

Bu gün Azərbaycan-Türkiyə münasi­bətləri ta­ma­mi­lə fərqli, analoqu olmayan strateji müttəfiqlik səviy­yəsinə yüksəl­mişdir. Türkiyə döv­ləti də yaxşı başa düşür ki, onun Cənubi Qafqaz regionunda ən eti­bar­lı, sına­nıl­mış müttəfiqi məhz Azərbaycandır. Eyni zamanda Azərbaycan iqtidarı da bu dostluq və qardaşlıq münasibətlərinin yüksələn xətlə inkişafı üçün bütün zə­ru­ri tədbirləri görür.

Strateji müttəfiq ölkələr müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqe­yi­ni dəstəkləyir, ortaq maraqlardan çıxış edirlər. 2005-ci ilin iyulundan başlayaraq Azər­baycanla Türkiyə münasibətlərində «ikinci nəfəs» açılmışdır. Azərbay­can Prezi­denti İlham Əliyev Şimali Kiprlə iqtisadi əlaqələrin qurulmasına siyasi razılıq verməklə, iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin əsasını qoy­muş­dur. Bu, Türkiyə üçün əsl hədiyyə, Kipr türkləri üçün isə iqtisadi diplomatiya sahəsində mü­­hüm nailiyyət olmuşdur. Azərbaycan bir tərəfdən BMT-nin Baş Kati­binin çağı­rışına uyğun hərəkət edərək beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş, o biri tərəf­dən Türkiyə qarşısında qardaşlıq borcunu yerinə yetirmişdir. Rəsmi Bakı bu mə­sə­lə­yə BMT mövqeyindən yanaşmaqla, münaqişəsinin həllində də məhz BMT Təhlükə­sizlik Şurasının qətnamələrinə və beynəlxalq hüquqa istinad edilməsinin zəruriliyini dolayısı ilə önə çəkmişdir. Bu həm Şimali Kiprin, həm də Ermənistan-Azərbaycan, Dağ­lıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın xey­rinə olan məqam idi. Eyni zamanda rəsmi Bakı 2010-cu ildə qondarma «erməni soyqırımı»nın ABŞ Konq­resinin Nümayəndələr Palata­sının Xarici Əlaqə­lər Komitə­sində tanınması, ha­belə İsrail hərbi dəniz qüvvə­lərinin «Azadlıq» donan­masına hücumu məsələlə­rində Tür­kiyənin haqlı mövqeyini müdafiə etmişdir.  

Bütün bunların müqabilində qardaş Türkiyə də regionda güvənməli həqiqi müt­­tə­fi­qinin məhz Azərbaycan olduğunu yaxşı bilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən bir həftə keçməmiş ölkəmizə rəsmi səfəri də iki ölkə arasında əməkdaşlığın bütün sahələr üzrə uğurla inkişaf etdiyini bir daha təsdiq etdi. Səfərin gedişində bir daha təsdiq­ləndi ki, ölkələrimiz arasında əlaqələr tarixi-si­yasi zəmin üzərində inkişaf etməklə, bütöv­lük­də regionun siyasi taleyinin və gə­ləcək inkişaf perspektivlərinin müəy­yən­­ləş­mə­sində mühüm rol oynayır. Birmə­nalı demək olar ki, bu gün bölgədə Türkiyə və Azərbay­ca­nın işti­rakı olmadan hər hansı layihəni gerçəkləşdirmək müm­kün de­yildir. Cənubi Qafqaz kimi mürək­kəb geo­siyasi məkanda təhlükə­sizlik prob­­lem­ləri­nin birgə həlli, sülh, sabitlik və iqtisadi in­ki­şafın təmin olunması zəru­rəti iki türk­dilli dövləti daha da sıx birləş­məyə sövq edir.

 

Baba TAĞIYEV,

«İrəli Azərbaycan» İctimai Birliyinin Sədri

əsas linklər