
İstanbulun Şişli rayonunda yerləşən Abideyi-Hürriyyət meydanında Osmanlı ordusunun son ali baş komandanı Ənvər paşanın xatirəsi yad edilib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Milliyyətçi Hərəkat Partiyası İstanbul vilayət təşkilatının keçirdiyi yad etmə mərasimindən sonra tədbir iştirakçılarına iftar yeməyi verilib.
Qeyd edək ki, Osmanlı hökumətinin baş naziri Ənvər paşa 4 avqust 1922-ci ildə səhər tezdən bölgədə yerləşən rus hərbi hissəsi ilə girdiyi qeyri-bərabər savaşda açılan pulemyot atəşiylə şəhid edilib.
Ənvər paşanı öldürmək üçün əmr verən hərbi hissənin komandiri isə Yakov Melkumyan adlı erməni olub. Birinci Dünya müharibəsi davam edərkən yaranmış vəziyyəti düzgün təhlil edən baş nazir və ali baş komandan Ənvər paşa Orta Şərqdəki bəzi hərbi hissələri Qafqaz bölgəsinə göndərməyi qərarlaşdırıb.
29 yaşlı qardaşı Nuriyə general rütbəsi verib onu Qafqaz İslam Ordusunun komandanı təyin edən Ənvər paşa Nuri paşanın bölgədə həyata keçirdiyi əməliyyatlara İstanbuldan özü nəzarət edib. 15 sentyabr 1918-ci ildə Bakı erməni quldurlarından təmizlənib və 28 mayda Tiflisdə elan edilərək əvvəlcə Gəncəyə köçən Milli Azərbaycan hökuməti Gəncədən Bakıya köçüb.
Osmanlı İmperiyasının Birinci Dünya savaşındakı məğlubiyyətindən sonra ölkəni tərk edən Ənvər paşa 1920-ci ilin sentyabrında Bakıda Şərq Xalqlarının İ qurultayında iştirak edib, daha sonra Moskvaya gedib. Sovet rəhbərləriylə razılığa gələ bilməyən Ənvər paşa Turan idealını həyata keçirmək üçün 1921-ci ildə Orta Asiyadakı Basmaçı hərəkatını təşkilatlandırmağa çalışıb və ruslara müqavimət göstərib. 4 avqust 1922-ci ildə Pamir dağlarının ətəyindəki Belçivan təpəsində qətlə yetirlib və orada dəfn olunub.
Ölümündən 74 il sonra - 3 avqust 1996-cı ildə prezident Süleyman Dəmirəlin təşəbbüsü ilə sümükləri Tacikistandan Türkiyəyə gətirilib və 4 avqustda Şişli bölgəsindəki Abideyi-Hürriyət meydanında Tələt paşanın yanında dəfn edilib. Dəfn mərasimində prezident Süleyman Dəmirəl, müdafiə naziri Turhan Tayan, dövlət naziri Abdullah Gül və başqaları iştirak ediblər.