
Qriqoriu nə istefaya gedəcək, nə də ermənilərdən üzr istəyəcək; ölkə ictimaiyyəti onun müdafiəsinə qalxdı...
Moldova ombudsmanı Aureliu Qriqoriunun Ermənistan paytaxtında Azərbaycanın xeyrinə məlum cəsarətli çıxışından sonra erməni diasporu ilə yanaşı, öz ölkəsində də təqiblərə məruz qaldığı barədə yazmışdıq. Bu arada “Moya Moldova” (“Mənim Moldovam”) adlı ictimai assosiasiyanın insan haqları müvəkkilini yerli hökumətin və Kişinyov polisinin təhdidlərindən qorumağa söz verdiyi məlum olub. Xəbəri rusdilli 1news.az saytı “İnfotaq” agentliyinə istinadən yayıb.
Qurumun sədri Fyodor Qeliç iki gün öncə ombudsmanın Kişinyovda keçirdiyi mətbuat konfransında “müvəkkilin siyasi çəkişmələrin günahsız qurbanına çevrildiyini” deyib. O, Aureliu Qriqoriunu “cəsarətli və mərdanə qadın” adlandırıb və daha kimsənin onu incitməsinə imkan verməyəcəyini söyləyib. Lakin “müvəkkilin müdafiəsi necə təşkil olunacaq” sualına o, aydınlıq gətirməyib.
Mətbuat konfransında Qriqoriu özünə və ailəsinə qarşı təhdidlərin detallarından, o cümlədən yaşadığı mənzilə sanitar tədbir keçirmək və guya öz doğma anasını taleyin ümidinə buraxması bəhanəsi ilə soxulma cəhdlərindən ətraflı danışıb, bütün bu qanunsuz hərəkətlərin İrəvandakı çıxışı və həmin çıxış zamanı Ermənistanı işğalçı adlandırması, zəbt edilmiş ərazilərdə ermənilərin Azərbaycan xalqına qarşı soyqırım törətdiyini deməsi ilə birbaşa əlaqəli olduğunu söyləyib.
O zaman xanım ombudsman dərhal Ermənistanın rəsmi və qeyri-rəsmi qurumlarının, bütövlükdə erməni toplumunun azğın hücumlarına məruz qalmış, hətta ölüm təhdidi ilə üzləşmişdi. Yalnız Rumınayanın İrəvandakı səfirliyinin köməkliyi ilə Qriqoriu təcavüzkar ölkəni sağ-salamat tərk edə bilmişdi.
İndi isə hüquq müdafiəçisi öz doğma şəhərində təhlükə ilə üzləşib. Belə ki, erməni millətindən olan sahə müvəkkili açıqca bildirib ki, Qriqoriu rəsmi üzr istəməyincə və istefa verməyincə bu işi elə-belə qoymayacaq. Ombudsman isə mətbuat konfransında nə istefaya, nə də ermənilərdən üzr istəməyə hazırlaşmadığını, İrəvandakı çıxışının da BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair çıxardığı və Moldovanın da səs verdiyi qətnamələrə əsaslandığı bəyan edib.
“Bu, mənim mövqeyimdir. Mənim dövlətimin mövqeyi isə həmin qətnamələrin altındakı imzada əskini tapıb”, - deyə o, bildirib. “Hazırda baş verənlər ikili standartların birbaşa təsdiqidir. Qətnamə var, ancaq onun haqqında danışmaq olmaz”. Bu da Qriqoriunun sözüdür.
Assosiasiyanın sədri isə öz növbəsində Qarabağ dair BMT qətnamələrinin Moldovada kommunistlərin hakimiyyətdə olduğu dönəmdə qəbul edilməsinin məsələyə dəxli olmadığını deyib: “O vaxt səsvermə zamanı iqtidarda kimin olması vacib məsələ deyil. Moldova BMT-də müstəqil və suveren dövlət kimi səs verib. Bu gün isə ölkənin bəzi siyasətçiləri özlərini başını quma soxan dəvəquşu kimi aparırlar”.
Qeyd edək ki, bizə həm də GUAM bloku ilə müttəfiq və yaxın olan Moldovanın bu qorxmaz insan haqları müvəkkilinin mövqeyi alqışlanmaya bilməz. Yaxşı olardı ki, rəsmi Bakı da Azərbaycanın haqq davasını aparan xanım ombudsmanın müdafiəsinə fəal şəkildə qoşulsun, bu yöndə effektli mexanizmlər tapsın.
Bu məqsədlə məsələni hansısa beynəlxalq mötəbər qurumda qaldırmaq, Qriqoriuya ikili vətəndaşlıq, yaxud siyasi sığınacaq da təklif eləmək olar. Moldovadakı diasporumuzun da hüquq müdafiəçisinin təhlükəsizliyinin daha zəmanətli təşkili üçün səfərbər edilməsi pis olmazdı.