Parlamentdə Konsul Nizamnaməsinə dəyişiklik edildi
Hərbi mükəlləfiyyət daşıyan şəxslərin ölkədən çıxması icazə ilə mümkün olacaq
Dünən Milli Məclisin payız sessiyasının 2-ci plenar iclası keçirilib. İclasda gündəlikdə duran məsələlərin müzakirəsindən əvvəl deputatlar cari məsələlərə münasibət bildiriblər.
Deputat Zahid Oruc Kobani uğrunda döyüş aparan İŞİD terrorçularına hərbi müdaxilə etmədiyinə görə Türkiyənin beynəlxalq aləm tərəfindən təzyiqlərə məruz qalmasını pisləyib. "Türkiyənin hərbi qüvvələrinin İraqa qoşun yeritməsi üçün Ankaraya təzyiq edilir. Halbuki o hadisələrin birbaşa Türkiyəyə heç bir aidiyyatı yoxdur. Bu səbəbdən Türkiyənin İraqa qoşun yeritməsi üçün ona edilən tələblər başadüşülən deyil. Heç kim zəmanət verə bilməz ki, Suriyadakı və İraqdakı kürd silahlılarının hədəfi Türkiyə olmayacaq".
Deputat vurğulayıb ki, Azərbaycan parlamenti adından Türkiyənin dəstəklənməsi ilə bağlı bəyanat verilməlidir.
"18 oktyabr qeyri iş günü olsun"
Deputat Fərəc Quliyev 18 oktyabr - Müstəqillik Gününün qeyri-iş günü elan olunmasını təklif etdi. O, həmçinin Azərbaycanın müstəqilliyinə səs vermiş keçmiş deputatların xidmətlərinin nəzərə alınmasını istəyib. Vahid Əhmədov da onun təklifini dəstəkləyib və bildirib ki, Müstəqillik Günü qeyri-iş günü olmalı və silsilə tədbirlər keçirilməlidir. "Müstəqilliyə səs vermiş keçmiş həmkarlarımızın bəzilərinin vəziyyəti ağırdır, mənzilə ehtiyacı olanlar var. O insanlara kömək edilməsi yaxşı olardı" - deyə deputat qeyd edib.
Deputat Siyavuş Novruzov isə müstəqillik tarixinin Naxçıvanla birbaşa bağlı olduğunu və Naxçıvan Muxtar Respublikasının 90 illiyinin keçiriləcəyini nəzərə alaraq, müəyyən bir qərar qəbul edilməsini təklif edib. "Azərbaycanın üçrəngli bayrağı ilk dəfə Naxçıvanda dalğalanıb. Naxçıvan Türkiyə ilə 11 kilometrlik sərhədi çıxmaq şərtilə blokada şəraitindədir. Ermənistanla ən böyük sərhədə malikdir. Leninqrada 4 il mühasirəyə görə "Qəhrəman Şəhər" adı verildi. Naxçıvan isə 20 ildir ki, blokadadır. Milli Məclisdə məsləhətləşib, Naxçıvanla bağlı bir qərar qəbul etməliyik" - deyə deputat bildirdi.
O.Əsədov: "Dünyada ədalət prinsipi itib"
Deputat Fazil Mustafa çıxışında bildirib ki, Avropa Parlamentində Dağlıq Qarabağdakı separatçı rejimin "parlamenti" ilə "dostluq qrupu"nun yaradılması gündəmə gəlib. O, buna rəsmi etiraz edilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, bu təşəbbüsü Avropa Parlamentinin Ermənistanla yaxşı münasibətləri olan şəxslər gündəmə gətirib. F.Mustafa Qarabağ münaqişəsinə qərəzli yanaşan və bununla da separatçı rejimlə dostluq edənlərin Azərbaycan tərəfindən "qara siyahı"ya salınaraq "arzuolunmaz şəxs" (persona non-qrata) elan edilməsini təklif edib.
Millət vəkili Qənirə Paşayeva isə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qanun qəbul edilməsini təklif edib. O, analoji qanun layihəsinin Gürcüstanda qəbul edildiyini deyib. Deputatın sözlərinə görə, qanunda Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edən şəxslərin, şirkətlərin nümayəndələrinin, əcnəbi parlamentarların Azərbaycana səfərinə qadağa qoyulması əksini tapmalıdır. O, Avropa Parlamentində qondarma "Dağlıq Qarabağ Respublikası" ilə dostluq qrupu yaradılmasının fonunda bu məsələnin aktuallıq kəsb etdiyini bildirib.
Sədr Oqtay Əsədov isə qeyd edib ki, Avropa Parlamentinin separatçı qurumla dostluq qrupu yaratması barədə məlumat yalnız erməni mətbuatında çıxıb: "Mən tapşırıq verdim, yoxladılar, rəsmi olaraq belə bir qərar yayımlanmayıb. Avropa Parlamentində qondarma "Dağlıq Qarabağ Respublikası" ilə dostluq qrupu yaradılması barədə qərar qəbul edilməyib".
O.Əsədov hazırda dünyada ədalət prinsipinin itdiyini vurğulayıb: "Dağlıq Qarabağ məsələsi də hər dəfə hansısa dövlət və ya təşkilat tərəfindən oyuncaq kimi istifadə olunur. Biz millət vəkili Rövşən Rzayevə imkan veririk, beynəlxalq qurumlarda Dağlıq Qarabağ icmasının təmsilçisi kimi çıxış edir. Rövşən Rzayev fəallığı artırmalıdır".
"DQR"lə dostluq qrupu yaradılması mümkün deyil
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ermənilər tərəfindən müəyyən təşəbbüslər ola biləcəyini, ancaq Avropa Parlamentində "DQR"lə dostluq qrupu yaradılmasının mümkün olmadığını söyləyib. O, Ermənistan nümayəndə heyətinin Avropa Şurasının Dağlıq Qarabağla bağlı təyin etdiyi məruzəçi ilə işləməyəcəyini bəyan etdiyini xatırladıb: "Əgər Ermənistan belə addım atacaqsa, işğalçı mahiyyətini ortaya qoyacaq. Bu gün Avropa Şurasının deputatları əksər hallarda Azərbaycanın mövqeyini dəstəkləyirlər. Ona görə də ermənilər və Azərbaycanın əleyhinə olan qüvvələr Azərbaycanda insan haqları məsələsini qabartmağa çalışırlar. Azərbaycanda qaçqın və məcburi köçkünlər haqqında danışmamaq, bir-iki insan və qruplar barədə danışmaq qəbuledilməzdir. Erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı belə təzyiq cəhdləri olur. Bu gün Azərbaycanın mövqeyi kifayət qədər güclüdür və belə cəhdlərin qarşısını almağa qadirik". O. Əsədov və S.Seyidov çıxışlarında Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin son qərarında Azərbaycanın separatizmdən əziyyət çəkən ölkələr sırasında yer almasının mühüm məqam olduğunu vurğulayıblar.
Deputat mətbəx verilişlərindən şikayətləndi
Daha sonra gündəlikdə duran məsələlər müzakirə edilib. İlk olaraq "Hərbi qulluqçuların statusu" haqqında qanuna dəyişiklik müzakirə edilib. Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib ki, dəyişikliyə əsasən Silahlı Qüvvələrdə və yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycanın hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycandan gedə bilərlər".
Deputat Rafiq Məmmədhəsənov hərbi vətənpərvərlik verilişlərinin az verilməsi ilə bağlı televiziya kanallarını tənqid edib. "Televiziya kanallarının hansını açırsan, şou və mətbəx verilişləri gedir. Mən hərbi hissələrdə olmuşam. Oradakı hərbi qulluqçular xahiş edirlər ki, televiziya kanallarımızda heç olmasa həftədə bir dəfə hərbi-vətənpərvərlik verilişləri yayımlansın" deyə deputat bildirib. Səsvermədən sonra qanun layihəsi qəbul edilib.
Konsul Nizamnaməsinə dəyişiklik edildi
"Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ndə dəyişiklik layihəsi barədə deputat Səməd Seyidov məlumat verib.
Dəyişikliyə əsasən, konsullar xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarını qeydiyyatdan keçirəcəklər. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
"Yol hərəkəti haqqında" Qanun dəyişdi
Milli Məclisin iclasında "Yol hərəkəti haqqında" qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib ki, bundan sonra nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən müvafiq icra hakimiyyəti orqanına göndərilən məlumat sırasına fiziki şəxslər qeydiyyatda olduqları və yaşadıqları ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə olunmasını həvalə etdikləri şəxsin müvafiq məlumatlarını da əlavə etməlidir. Digər dəyişikliyə görə, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.
Ailə Məcəlləsinə dəyişiklik edildi: Nikaha girən şəxslər tibbi arayış təqdim etməlidir
Ailə Məcəlləsinə dəyişikliklər layihəsi barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. Dəyişikliyə əsasən bundan sonra nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizəyə tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da əlavə etməlidir. Bu arayış təqdim olunmaması nikahın bağlanmasına mane olan hallar sırasına daxil edilib.
H.Rəcəbli bildirib ki, son variantda həkim məsləhətinin də həmin arayışların arasında olması təklifi yer alıb. Digər dəyişikliyə əsasən nikaha daxil olan şəxslərdən biri özündə zöhrəvi xəstəliyin və İİV virusunun törətdiyi xəstəliyin (QİÇS) olmasını o biri tərəfdən gizlətdikdə digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
Deputatın sözlərinə görə, 20 minə qədər uşaq anadangəlmə əlilliyə görə müavinət alır. Onun sözlərinə görə, Azərbaycanda ildə 300-ə yaxın talassemiyalı, 200 hemofiliyalı uşaq dünyaya gəlir, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Talassemiya Mərkəzi tikiləndən sonra bu statistikada azalma qeydə alınır. H. Rəcəbli bildirib ki, əvvəllər bu uşaqlar 17 yaşadək yaşayıb, hazırda isə müalicələr nəticəsində 22 yaşadək yaşayırlar.
Müzakirələr zamanı İqbal Ağazadə təklif edib ki, bu arayışlar olmadan nikaha daxil olmanın inzibati məsuliyyət yaratması barədə qanuna dəyişiklik edilsin.
H.Rəcəbli isə qeyd edib ki, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinə ilə bağlı arayışları bir-birinə təqdim etmələri barədə öhdəlik qoyulmasa da, həkim məsləhəti də həmin arayışların arasında yer alacaq. "Yəni insanlara məsləhət veriləcək ki, özlərini müalicə etdirsinlər".
Rəfael Cəbrayılovun sözlərinə görə, tərəflərdən tibbi müayinə ilə bağlı arayışı bir-birinə təqdim etməyi tələb etmək olmaz: "Nəzərə almaq lazımdır ki, tibbi müayinənin nəticələrindən sonra bu insanlardan biri nikaha daxil olmaqdan vaz keçə bilər". Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
İclasda gündəlikdə nəzərdə tutulmuş digər qanun dəyişiklikləri də müzakirə olunaraq səsə qoyulduqdan sonra qəbul edilib.