
|
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) həyata keçirdiyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Türkiyə və Gürcüstan universitetlərində Qarabağ guşəsi yaradılması” layihəsi çərçivəsində Türkiyədəki Karabük Universitetində Qarabağ problemi ilə bağlı əsərlərin nümayiş etdirildiyi guşə açılmışdır. "Tədbirin təşkilatçıları arasında Karabük Universitetinin Beynəlxalq Münasibətlər Klubu (Uluslararası İlişkiler Kulübü) də yer almışdır." Noyabrın 4-də Karabük Universitetində “Türkiyə-Azərbaycan Dostluq və Elm Guşəsi” adı ilə açılan guşədə Qarabağ problemi, uydurma erməni iddiaları, Azərbaycan-Türkiyə münasibətləri, Azərbaycanın keçdiyi inkişaf yolu, Cənubi Qafqazdakı etnik münaqişələr, problemlər və əməkdaşlıq imkanları barədə kitablar, mövzu ilə bağlı məqalələrin dərc olunduğu jurnallar və elektron resurslar nümayiş etdirimişdir. Guşənin açılışında QAFSAM-ın sədri Araz Aslanlı, universitetin müəllimləri Əli Əsgər, Umut Kedikli, Mərziyə Məmmədli, universitetin tələbə məclisinin rəhbərliyi və tələbələr iştirak etmişdir. Qeyd edilmişdir ki, guşə ilkin olaraq univesitetin İqtisadiyyat və İdarəetmə Fakultəsində açılsa da yaxın zamanlarda universitetin kitabxanasının giriş hissəsində guşə üçün xüsusi daimi yer ayrılması ilə bağlı hazırlıqlar da başa çatmaq üzrədir. Məhz univesitetin kitabxanasında daimi xüsusi yerin bu guşəyə ayrılması guşədəki əsərlərin universitetin müəllim-tələbə kollektivinin diqqət mərkəzində olmasına səbəb olacaqdır. Xatırladaq ki, Karabük Universiteti 2007-ci ildə qurulsa da universitetdə 40-a yaxın ölkədən 42 mindən çox tələbə təhsil alır. Bu universitetdə informasiya guşəsinin açılması Azərbaycanın haqlı mövqeyinin təbliği və Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı baxımından faydalı olacaqdır. QAFSAM ilə universitet arasında razılıq əldə edilmişdir ki, layihənin başa çatmasından sonrakı mərhələdə də Karabük Universitetindəki informasiya guşəsi daimi olaraq yeni ədəbiyyatlarla təmin edilsin.
|
|
|
|||||