
“Biz azərbaycanlı girovların ailəsindən baş vermiş hadisə ilə bağlı faktları əks etdirən məktub gözləyirik”. Bunu Modern.az saytına Türkiyə mediasında Azərbaycanın Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələrinin girov götürdüyü soydaşlarımızla bağlı başlayan kampaniyanın fəaliyyəti barədə danışan Türkiyə Qəzetçilər Federasiyası başqanı Atilla Sertel deyib.
O, qeyd edib ki, girovlarımızın yaxınları ilə əlaqə saxlayıblar. Onlar hadisə ilə bağlı həqiqəti əks etdirən məlumatları Atilla Sertele göndərəcəklər: “Məlumatları əldə edəndən sonra müzakirələrə başlanılacaq və bu yöndə konkret fəaliyyətlər həyata keçiriləcək”.
Bir neçə gün əvvəl Türkiyə mediasında Dağlıq Qarabağda girov götürülən azərbaycanlılarla bağlı kampaniyaya başlayıb. Bu barədə mətbuata Türkiyə Qəzetçilər Federasiyası başkanı Atilla Sertel məlumat verib.
O, qeyd edib ki, indiyə qədər Türkiyə ictimaiyyətinin bu məsələ ilə bağlı ciddi məlumatı olmayıb:
“Biz mediada bu məsələni ciddi şəkildə qaldıracağıq. Dilqəm Əsgərov və Şahbaz Quliyevin sərbəst buraxılmaları üçün bütün imkanlarımızdan istifadə edəcəyik. Öz babalarının qəbrini ziyarət edənlərin girov götürülməsi, qondarma məhkəməyə məruz qalması yolverilməzdir. Dünya buna qarşı olmalıdır”.
Türkiyə Qəzetçilər Federasiyası Azərbaycanda fəaliyyət göstərən QHT Şurası nəzdindəki Media İşçi Qrupu ilə birgə bu məsələnin dünya ictimaiyyətinə doğru şəkildə çatdırılması üçün noyabrın 9-dan kampaniyaya başlayıb.