
BMT-nin baş katibi Pan Gi Mun Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin eskalasiyasına gətirib çıxarmamağa çağırır.
Bu barədə BMT-nin rəsmi nümayəndəsi Farxan Xak jurnalistlərə bildirib.
O qeyd edib ki, BMT baş katibi Pan Gi Mun qoşunların təmas xəttində Azərbaycan tərəfinin Ermənistan ordusuna məxsus Mi-24 helikopterinin vurulmasından sonra tərəfləri təmkinli olmağa çağırıb.
“Baş katib baş vermiş hadisə ilə ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin narahatlıqlarını bölüşür. Tərəflərə xatırladır ki, atəşin dayandırılması haqqında sazişə hörmət etsin”,-deyə Farxan Xak söyləyib.
BMT rəsmisi qeyd edib ki, Pan Gi Mun tərəfləri sülhlə bağlı öhdəliklərə əməl etməyə çağırır.
Qeyd edək ki, noyabrın 12-də Azərbaycan hava sərhədlərində təxribat törətmək istəyən Ermənistan ordusuna məxsus Mİ-24 hərbi təyinatlı helikopteri Azərbaycan tərəfindən zərərsizləşdirilib. Helikopterdə olan Ermənistan ordusuna məxsus 3 hərbçi həlak olub