Qonşu ölkədə yaşanan iqtisadi fəlakət Azərbaycana necə təsir edəcək?
Ekspertlər proseslərin Azərbaycanda da təkrarlanmasını mümkün sayırlar

 

Rusiya rublu yeni antirekorda imza atıb. Dünən axşam saatlarında Moskva birjasında xarici valyuta yenidən bahalaşıb. 1 ABŞ dolları 4,85 rubl bahalaşaraq 63,03 rubla bərabər olub. 1 avro isə axşam saatlarında 78,48 rubla satılıb. Dünya bazarında neftin sürətlə ucuzlaşması, Ukraynadakı böhran, Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar rublun dəyərini itirməsinə səbəb olub.
Rusiyanın maliyyə naziri isə belə düşünmür. Anton Siluanovun sözlərinə görə, rublun dəyəri Mərkəzi Bank tərəfindən müəyyən edilmiş çərçivədə oynayır: "Ödəniş balansı, cari əməliyyatların hesablaşmaları ilə yanaşı, ticarət balansının və kapitalın axınını nəzərə alır. Neft qiymətləri bir qədər aşağı düşür, kapitalın xaricə axması isə eyni səviyyədədir". Onu da qeyd edək ki, son 6 ayda Mərkəzi Bank ilk dəfə valyuta bazarında satıcı rolunda çıxış edib. O intervensiyalarını 5 dəfə artıraraq bazara 16 milyon dollar çıxarıb. Lakin mütəxəssislərin fikrinə görə, baş verənlər ölkə iqtisadiyyatının bərbad vəziyyəti ilə əlaqədar Moskvaya ciddi siqnaldır. Onların fikrincə, belə bir hal üç il əvvəl - 2009-cu ildə baş vermişdi. Həmin vaxt Amerika valyutası 33,19 rubla satılırdı. İndi mövcud proses davam edərsə, rubl tamam dərinliyə bata bilər (faktxəbər.com).
İqtisadçı ekspert Azər Mehtiyev isə başqa cür düşünür: "İnanmıram ki, hər hansı mərkəzi bank qısa müddət ərzində öz valyutasının dəyərinin 50%-dən çox dəyərsizləşməsinə razı olsun. Bunu təbii ki, çarəsizlikdən atılan addım kimi qeyd etmək olar. Rusiya Mərkəzi Bankı rus rublunun aşağı düşməsinin qarşısını ala bilmir, bu baxımdan özünün valyuta ehtiyatlarının bir hissəsinin daxili bazara müdaxilə etməklə ən azından rubl məzənnəsinin müəyyən bir pillədə saxlanılmasına çalışır. Təbii ki, bundan sonra da buna cəhd göstərməkdə davam edəcək" - deyə ekspert "Bizim Yol" qəzetinə şərhində bildirib. 
İqtisadçı ekspert də rublun düşmə prosesinin hələ davam edəcəyini dedi: "Azərbaycan Rusiya arasında ticarət əlaqələri mövcuddur və bu həlledici əlaqələrdir. Lakin ötən illə müqayisədə bu əlaqələr 40% azalıb, bu baxımdan Azərbaycandan Rusiyaya ixracın artması üçün yaxşı imkanlar yaranıb. Əfsuslar olsun ki, Azərbaycanın ixrac edəcək məhsulları məhdud saydadır. Rusiya kimi nəhəng bir bazarın boşaldığı zaman Azərbaycan öz ixracını artırmaq iqtidarında deyil". Ekspert ixracın mühüm hissəsini qaz təşkil etdiyini bildirdi. "Bunun da ixtisar edilməsi bütövlükdə ticarət əlaqələrinin ixtisarına gətirib çıxarır. Azərbaycanın kənd təsərrüfatı bu sahədə yaxşı imkanlara malik ola bilər, ancaq hazırda ölkədə kənd təsərrüfatının inkişaf etməməsi bu bazarda möhkəmlənməyə imkan vermir. Bu baxımdan xarici ticarət əlaqələrində rubl-manat qarşıdurmasında kəskin bir mövqe gözlənilmir. Sadəcə bu münasibətlərdə daha çox dollar və ya avro ilə ticarət işlərinin aparılması müəyyən riskləri aradan qaldıra bilər" - deyə A.Mehtiyev əlavə etdi. 
Ekspert gündəmdə olan əsas iki məsələyə diqqət çəkdi: "Azərbaycan valyuta ehtiyatlarının bir hissəsinin rublda olması və ehtiyat valyutanın bir hissəsini Rusiya qurumlarında saxlanılması. Söhbət Vneştorbank (VTB) səhmlərinin Neft Fondu tərəfindən alınması və Rusiyada müəyyən daşınmaz əmlakların əldə olunmasından gedir. Artıq bunların dəyərsizləşdirilməsi prosesi gedir və bu baxımdan Neft Fondunun itkiləri göz önündədir. 
Digər tərəfdən, Rusiyada yaşayan azərbaycanlıların gəlirlərinin azalması baş verir. Bu da Azərbaycana daxil olan vəsaitlərin azalmasına gətirib çıxara bilər".
Ekspertə görə, Rusiyada baş verən proseslərin Azərbaycana daha çox təsir etdiyi iqtisadi yox, siyasi kanallarda baş verir: "Hətta bu siyasi proseslər bəzən iqtisadi hadisələr formasında özünü göstərir. Dövlət Neft Şirkətinin Rusiyadan kredit alması kimi hadisələr təbii ki, Azərbaycana təsir edən amillərin artırılmasına hesablana bilər".
İqtisadçı ekspert Natiq Cəfərli "Facebook"da bu barədə şərhində yazıb ki, ildə Rusiyadan Azərbaycana 3,-3,5 mlrd. dollar daxil olurdu. Bu vəsait, əsasən, regionlarda sosial gərginliyin azaldılmasında, daşınmaz əmlak, avtomobil, məişət əşyaları bazarında ciddi rol oynayırdı. Yəni, o vəsaitlə həm insanlar dolanırdı, həm də daxili bazarda ticarət dövriyyəsinin canlı tutulmasında Rusiyadan gələn pulların ciddi rolu var idi. Multiplikator effektinə görə həmin vəsaitin bir hissəsi yerli şirkətlərin qazancına, onların da vergi ödənişlərinin artmasına gətirib çıxarırdı". Ekspert hazırda neftin ucuzlaşması, rublun dəyərdən düşməsi, iqtisadi fəallığın zəifləməsi Rusiyada ciddi problemlərin olduğunu deməyə əsas verdiyini bildirib: "Dünən gecə Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 17%-ə qədər artırdı, bu o deməkdir ki, gələn il Rusiyada neftin qiymətini də nəzərə alaraq, ÜDM 5% azalacaq, insanların gəlirləri düşəcək, ciddi inflyasiya olacaq, kreditlər baha, kreditlərə çıxış imkanı məhdud olacaq. Təbii ki, bu da bizim soydaşlarımızın qazanclarının, öz ailələrinə göndərilən vəsaitlərin ciddi azalmasına gətirib çıxaracaq. Deməli, sosial gərginliyin artması, daxili bazarda dövriyyənin azalması da qaçılmaz olacaq".
Ekspertə görə, ölkənin problemləri növbəti ilə daha da artacaq. Bunu isə iqtisadçı ekspert ölkənin resurslardan asılı olduğu ilə əlaqələndirir. "Rusiya büdcəsinin neft və qaz gəlirlərindən asılılığı 2013-cü ildə 46,1% idi, ixracatda neft-qazın payı 60%-dən bir az çoxdur. Azərbaycanda büdcənin neft gəlirlərindən birbaşa asılılığı 66%, dolayı asılılığı 75-80%, ixracatda neft, neft məhsulları və qazın payı - 95%. Yəni biz resurs "iynəsinə" daha dərin oturmuşuq və neftin qiymətinin uzun zaman aşağılarda qalması bizdə də devalvasiyaya, inflyasiyanın artmasına, gəlirlərin azalmasına, iş yerlərinin ixtisarına, investisiyaların azalmasına gətirib çıxaracaq". 
əsas linklər