Türkiyə Gənclik Birliyinin başqanı: Ermənistan bir an əvvəl işğal etdiyi Azərbaycan torpaqlarından çıxsın.
“Ermənistana müraciət edirəm ki, bir an əvvəl işğal etdiyi Azərbaycan torpaqlarından çıxsın, Türkiyəyə qarşı mənasız tələblərindən vaz keçsin”


İstanbul. Mayis Əlizadə - APA. Ermənilərin uydurma “soyqırım” iddialarına qarşı dünya miqyasında mübarizə aparan Türkiyə Gənclik Birliyinin lideri Çağdaş CengizinAPA-ya müsahibəsi

 

- Ötən həftə öyrəndik ki, gələn il aprelin 23-də Ankarada “soyqırım” iddialarına qarşı böyük mitinq keçirməyi planlaşdırırsınız. Bunun təfərrüatları barədə danışa bilərsinizmi?

 

- Biz sadəcə gələn il aprelin 23-də yox, il boyu “soyqırım” iddialarına qarşı Türkiyə və Avropada aksiyalar keçirməyi planlaşdırmışıq. Almaniyada olarkən TGB-nin Avropa ölkələrindəki təmsilçilərinin iştirakıyla 3 günlük toplantı keçirdik. Avropada keçirəcəyimiz aksiyaları o toplantıda geniş müzakirə etdik. Türkiyədə isə 26-28 oktyabrda keçirdiyimiz toplantılar silsiləsində planlarımızı müzakirə etdik, o toplantılarımızda TGB-nin 420 təmsilçisi iştirak edirdi. Son qərarımızı 27 dekabrda  keçirəcəyimiz toplantıda verəcəyik. Gələn ilin fevral-aprel aylarında Türkiyə və Avropadakı elmi konfranslar və aksiyalar keçirməyi planlaşdırmışıq. 1915-ci il hadisələri “soyqırım” deyil. Əslində 1915-ci ildə tarixin gedişatını dəyişdirən hadisə biz türklərin Çanakkaledə imperialistlərə keçid verməməsi idi. O vaxtın İttihad və Tərəqqi iqtidarı imperialistlərin dünyanı yenidən bölüşdürmələrinə əngəl törətdikləri üçün imperialistlər bunun intiqamını bizdən “soyqırım” yalanını şişirtməklə almaq istəyirlər. İmperialist dövlətlərdən fərqli olaraq, Birinci Dünya müharibəsində İttihad və Tərəqqi iqtidarı dünyanın sərvətlərini bölüşmək uğrunda yox, öz vətənini müdafiə etmək üçün savaşıb. Vətənimizi müdafiə edib müstəqil cümhuriyyət qurmağımız imperialist dövlətlərin xoşuna gəlmədiyinə görə, müxtəlif yollarla bunun intiqamını bizdən almağa çalışırlar. Bunu ermənilərin özləri də etiraf edirlər; baxın, daşnak hökumətinin son baş naziri Ovanes Kaçaznuni yazıb ki, imperialistlər bizi aldadıb Osmanlıya qarşı istifadə etməyə çalışdılar, bundan sonra daşnak partiyasının görəcəyi heç bir iş qalmayıb, ona görə də qapadılmalıdır. Biz o vaxt vətənimizi müdafiə etdiyimizə görə, özümüzə olan o güvənlə bu gün “soyqırım” böhtanlarına qarşı mübarizə aparırıq. 23 aprel bizim milli müstəqillik bayramımızdır, məhz o gün 24 aprel böhtanlarına qarşı layiqli şəkildə cavab verəcəyik. Türkiyənin hər yerindən yüz minlərlə insanın o aksiyamızda iştirak edəcəyini bilirik. 24 aprel böhtanına qarşı biz cavabımızı 23 apreldə - bir gün erkən verəcəyik. Əslində bu işdə cavab bəllidir; 1915-ci il hadisələri soyqırım deyildir. Dünyanın bütün ciddi alimləri biz türklərin ermənilərə soyqırım yapmadığını yazıblar. Bu işdə imperializimin köləsi olan parlamentlərin qəbul etdikləri qərarların zərrə qədər əhəmiyyəti yoxdur. Avropa İnsan Haqları Məhkəməsinin 17 dekabr 2013-də verdiyi hökmdə deyilir ki, 1915-ci il hadisələrinin “soyqırım və ya Holokost”la heç  bir əlaqəsi yoxdur. Mən 28 yanvarda da AİHM-in eyni məzmunda hökm verəcəyinə inanıram, çünki məhkəmə qovluğuna təzə heç bir sənəd əlavə edilməyib ki, bizim əleyhimizə hökm verilsin. 1915-ci ildə imperializm erməniləri necə aldatmışdısa, indi də eyni şəkildə aldadıb bizə qarşı istifadə etməyə çalışır. Ona görə də imperializmin aldatdığı bu millətin öz ağlını başına yığması lazımdır. Çünki imperializmin yaratdığı bir günahın imperializm tərəfindən başqa bir millətin  boynuna yüklənməyə çalışılmasına biz Türk gəncləri icazə verməyəcəyik.

 

- 1915-ci il hadisələrinə öz istədikləri donu geyindirməyə çalışanlar bununla Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının və Xocalısoyqırımının üstünü örtməyə çalışırlar. Bu barədə nə demək istərdiniz?

 

Xocalı soyqırımı bizim ürəyimizdə də yara bağlayıb, bunu unutmaq və unutdurmaq mümkün deyil. O faciəni törədənlərin beynəlxalq ədalət məhkəməsinə verilməsi üçün əlimizdən gələn hər şeyi edəcəyik. “Kiçiklik” psixologiyasından xilas ola bilməyən Ermənistan qonşu ölkənin torpağını işğal edərək, Türkiyədən torpaq və təzminat tələb edərək, özünə ciddiyyət qazandırmağa çalışır. Bu isə mümkün deyil. Ermənilər bir an əvvəl imperializmlə əməkdaşlıqdan vaz keçməlidirlər. Biz bölgəmizdə imperialist əməllərin zərərini görən bütün qonşularımızın köməyinə getmişik. Azərbaycan isə bizə ən yaxın qardaş ölkədir, biz bir millət, iki dövlətik. Ona görə hər an Azərbaycanın yardımına getməyə hazırıq. Azərbaycan torpaqlarındakı erməni işğalına bir an əvvəl son qoyulmalı, ermənilər o torpaqlardan çıxmalıdırlar. İmperializm bölgəmizdə məğlub olma mərhələsinə girib, bunu hamıdan əvvəl ermənilər dərk etməlidir. Bu bölgədəki ölkələr imperializmdən müstəqil şəkildə dost və mehriban qonşuluq şəraitində yaşamalıdırlar. Ermənilər bunu dərk etməsələr, özləri çox şey itirəcəklər. XXİ əsr neokolonializm  və işğalçılıq əsri yox, xalqların qardaşlığı əsri olmalıdır.

 

- AİHM-in 28 yanvardakı məhkəməsi ərəfəsində Türkiyə hökuməti bu prosesə nə dərəcədə dəstək verir? Hökumətin bu məsələ ilə bağlı mövqeyindən razısınızmı?

 

- Təəssüf ki, AKP hökuməti bu məsələ ilə bağlı lazımi addımları atmır. Bu işdə Avropadakı türklərin böyük mübarizə potensialı var, onların fəaliyyətini yenə də Tələt Paşa Komitəsi, Atatürkçü Düşüncə Dərnəyinin Avropadakı şöbələri və biz koordinasiya edəcəyik. Türkiyə hökuməti bu məsələdə ABŞ və AB-nin təsiri və təzyiqi altında qalıb. Rəcəb Tayyib Ərdoğanın 24 apreldə 1915-ci il hadisələrinə görə başsağlığı mesajı verməsi də ABŞ və AB-nin yürütdüyü siyasətə boyun əyməsinin   nəticəsidir. Biz isə imperializmin bu bölgədən çəkilməsini və ölkələrin müstəqil siyasət yürütməsini istəyirik. İndi bizim üçün Türkiyə cəbhəsi və Türkiyənin düşmənləri cəbhəsi var. Biz həmişə Türkiyə cəbhəsinin səngərində olacağıq.

 

Türkiyə-Ermənistan sərhədinin açılacağına dair söhbətlər uzun müddətdən bəri gündəmdə qalır. Əgər şərtlər yerinə yetirilmədən sərhədin açılmasına cəhd göstərilərsə, sizin reaksiyanız necə olacaq?

 

- Biz qonşularımızla heç bir sərhədimizin bağlı qalmasını istəmərik, buraya  Ermənistan da daxildir. Ancaq o sərhədi açmazdan əvvəl nədən qapadıldığına baxmaq lazımdır. Sərhəd 1993-cü ilin aprelində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə Türkiyənin verdiyi haqlı reaksiya nəticəsində qapadılıb. Azərbaycan torpaqlarını uzun müddətdən bəri işğal altında saxlayan Ermənistanın o torpaqlardan çıxmaq niyyətinin olmadığını görürük. Bu, az deyilmiş kimi, Türkiyənin də mövcud sərhədlərini tanımırlar, imperialistlərin oyunlarına alət olub bizdən də torpaq və təzminat tələb etmə xəyalına düşürlər. Bunu qəbul etməyimiz mümkün deyil. Azərbaycana qarşı bir əl uzadılarsa, biz türk gəncləri o əli tutarıq. Buradan Ermənistan dövlətinə müraciət edirəm: bir an əvvəl işğal etdikləri Azərbaycan torpaqlarından çıxsın, Türkiyəyə qarşı mənasız tələblərindən vaz keçsin. İmperialistlərin çaldığı havalara oynayan ermənilərin tarixdə etdikləri səhvlərin heyfini bu gün Azərbaycandan və Türkiyədən almağa gücləri yetməz. Sərhəd açılarsa, bunun faydasını hamıdan çox iqtisadiyyatı çökmüş vəziyyətdə olan Ermənistan görər. Ancaq sərhədin açılmasının şərtləri məlum və dəyişməzdir: Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeydsiz-şərtsiz çıxması və Türkiyəyə qarşı tələblərindən vaz keçməsi. Sərhədin açılması imperialistlərin bizim iqtidarımıza diktə etdiyi bir oyundur. Hər kəs əmin olsun ki, hökumətin bu istiqamətdə niyyəti olsa, ona ən radikal şəkildə biz qarşı  çıxacağıq.

 

- Bu mübarizədə Azərbaycan gəncliyinə hər hansı müraciətiniz varmı?

 

- Türk millətinin Azərbaycandakı övladlarına sayğı və sevgilər göndərirəm. Bu mübarizədə oradakı qardaşlarımızın bizdən nə tələbi olsa, həmişə hazırıq. Biz də onların məsləhət və tövsiyələrini həmişə dinləmək istəyərik. Bu mübarizədə qüvvələrimizi nə qədər çox səfərbər etsək, o qədər çox uğur qazanacağıq. Ən önəmli məsələ imperializmə baş əyməmək, ölkələrimizin tam müstəqilliyi, torpaq bütövlüyü, xalqlarımızın  sülh, əmin-amanlıq, yüksək rifah içində yaşamalarıdır. Qardaş Azərbaycan gəncliyi ilə bu yolda birlikdə yürümək bizi daima sevindirəcək, gücümüzə güc qatacaq.

əsas linklər