
Vurğun Həsənli: "İran üzərindəki qara buludları dağıtmaq üçün Ruhani variantını seçdi"
Ankara Universitetinin əməkdaşı, sabiq diplomat, politoloq Vurğun Həsənlinin müsahibəsi
- İranın yeni prezidenti Həsən Ruhani and içərək fəaliyyətə başladı. Sizcə, o, Azərbaycan türklərinin hüquqlarının qorunması ilə bağlı verdiyi vədlərə əməl edəcəkmi?
- İran eks-prezident Mahmud Əhmədinejatın dövründə bir çox problemlərlə qarşı-qarşıya qaldı. Bunu Əhmədinejatın bacarıqsızlığı ilə əlaqələndirənlər də oldu, molla rejiminin nəticəsi olaraq görənlər də... Amma acı həqiqət ortadadır. İran iqtisadi baxımdan son dərəcə çətin vəziyyətdədir. İllik inflyasiya və İran pulunun dəyərsizləşməsi davam etməkdədir. Əlbəttə, bu da birbaşa xalqın cibini "yandırır". Həmçinin nüvə müzakirələri nəticəsində xarici siyasətdə yalnızlaşan bir İran mənzərəsi mövcuddur.
Mən düşünürəm ki, İranın üzərindəki qara buludları dağıtmaq üçün Ruhani variantını seçdilər. Guya liberalist prezidentdir. Halbuki Həsən Ruhani də Mahmud Əhmədinejat kimi İran İnqilabının məşhur fəal gənclərindən biridir. İnqilabçı fəal gəncin bu yaşda siyasi fikir baxımından dəyişməsi inandırıcı görünmür. Sadəcə, dünya ictimaiyyətində İrana qarşı yumşaq fikir yaratmaq üçün adını liberalist prezident qoyublar.
Həsən Ruhani liberalist olduğunu sübut etmək üçün müəyyən addımlar ata bilər. Xüsusən də, azərbaycanlılara qarşı bir-iki məktəb olsun və ya Azərbaycan dilində nəşrlər olsun, bu kimi addımlar ata bilər. Lakin seçkilərdə verilən vədlərin hamısının yerinə yetiriləcəyini güman etmirəm. Hər namizəd prezident seçilənə qədər bol vədlər verir. Seçiləndən sonra dövlət siyasətinin həqiqi üzü ilə qarşılaşır və vədləri istər-istəməz bir kənara qoyur. Cənab Ruhaninin də o yolda yürüyəcəyinə inanıram.
- Ümumiyyətlə, İranın Azərbaycanla bağlı siyasətində hansısa dəyişikliklər gözlənilirmi?
- Ruhani xarici siyasətdə daha yumşaq, daha xoşniyyətli siyasi kurs mənimsəyəcəyini bəyan etdi. Yəqin ki, Azərbaycanla olan ikitərəfli münasibətlərdə keçmişə nisbətən daha intensivlik seziləcək. Amma ənənəvi Azərbaycan-İran ikitərəfli münasibətlərinin davam edəcəyini düşünürəm. Çünki cənubdakı soydaşlarımızla əlaqədar olaraq İran bizimlə daha isti ikitərəfli münasibət qurmağın tərəfdarı deyil.
- Bəs Ermənistanla bağlı siyasəti necə?
- İrana qarşı xarici təzyiqlər davam etdikcə, Ermənistanla olan münasibətlərdə hər hansı dəyişikliyi gözləmək faktiki mümkün deyil. İranın Ermənistanla tarixi əlaqələrdən başqa hazırkı vəziyyətə bağlı olaraq bu iki dövləti bir-birinə sıx bağlanmağa vadar edir. Çünki hər iki dövlət mənimsədikləri siyasi kursun nəticəsi olaraq demək olar ki, blokada vəziyyətindədirlər və bir-birindən "nəfəs" alırlar.Hər iki dövlət siyasi kurslarında dəyişikliyə getmədikcə, onların ənənəvi münasibətlərində nəyinsə dəyişəcəyinə inam yaratmır.