
Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış situasiyadan danışıb.
Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Aleksandr Lukaşeviç 2015-ci ilin ilk aylarından etibarən qoşunların təmas xəttində müşahidə olunan gərginlikdən söz açıb.
XİN rəsmisi bildirib ki, fevralın ikinci yarısından sonra cəbhə xəttindəki gərginlik nisbətən sakitləşib. O qeyd edib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin qrupu tərəfindən keçirilən monitorinq nəticələrində də gərginliyin olduğu vurğulanıb.
XİN nümayəndəsi martın 4-də Anjey Kaspşikin təmas xəttində monitorinq keçirdiyini də xatırladaraq bildirib ki, bununla bağlı ətraflı məruzə hazırlanacaq.
Aleksandr Lukaşeviç Azərbaycan və Ermənistanı təmkin nümayiş etdirməyə, gərginliyin daha da artmasına səbəb ola biləcək hərəkətlərə yol verməməyə çağırıb.