Azərbaycanda nazirliklərin sayının azaldılıb 12 olması təklif edildi

“Neft gəlirlərinin azalması səbəbindən formalaşan yeni iqtisadi situasiyada dövlət aparatının saxlanması ciddi maliyyə tələb etdiyindən bu sistemdə mərhələli islahatlara start verilməlidir”. Modern.az xəbər verir ki, bu təkliflə iqtisaçı Qubad İbadoğlu çıxış edib.

O qeyd edib ki, əslində Nazirlər Kabineti Rusiya federal hökumətini təkrarladığından ölkədə şişman dövlət idarəetmə aparatı yaranıb: 

“Bu istiqamətdə aparılmalı olan islahatların 1-ci mərhələsində Azərbaycanda 12 nazirliyin saxlanılması optimal hesab oluna bilər. Bunlar Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Xarici İşlər, Maliyyə, Kənd Təsərrüfatı və Ərzaq, Səhiyyə Təhsil və Rifah, Sənaye, Elm və Texnologiyalar, 10) Nəqliyyat və İnfrastruktur, Vergi və Rüsumların Tənzimlənməsi, Əmək nazirlikləridir.
Hesab edirəm ki, hökümətin parlamentdə hesabat verdiyi zaman bu məsələlər üzrə də ciddi müzakirələr aparılmalıdır”.

Onun sözlərinə görə, neftin qiymətinin ucuzlaşmasının müsbət təsirləri də müşahidə olunmaqdadır: “Dünya bazarındakı qiymətlər əvvəlki kimi baha qalardısa, nə hakimiyyət, nə biznes və nə də ki, ailərlər mövcud iqtisadi durumdan indiki qədər qayğılanmazdılar. Hazırda sıravi vətəndaş da demək olar ki, hər gün bir neçə dəfə manatın məzənnəsi və neftin qiyməti ilə bağlı faktiki və proqnoz məlumatları axtarır. Axtarışlar da onu göstərir ki, yaxın zamanlarda neftin qiymətində ucuzlaşma, manatın dəyərində isə bahalaşma gözlənilmir. Belə olan halda ev təsərrüfatlarında və biznesdə olduğu kimi hökümətdə də rasional xərcləmələr mövzusu getdikcə aktuallaşır.

Büdcə xərcləmələrinin optimallaşdırılması, iş yerlərinin bağlanması və əmək haqqı gəlirlərinin azalmasına yol vermədən dövlətin izafi məsrəflərinin ixtisarı yolu ilə səmərəliliyin artırılması hazırda həlli vacib olan əsas məsələlərdən hesab olunur. Belə ki, Nazirlər Kabinetinin strukturuna 20 nazirlik, 10 dövlət komitəsi, 2 dövlət adminstrasiyası, 4 dövlət xidməti və 1 dövlət fondu daxildir və onların hamısı dövlət büdcəsindən maliyyələşdirilir.

Beləliklə də kabinetin tərkibində müxtəlif adlarla yer alan mərkəzi icra strukturlarının sayı 37-yə çatır. Müqayisələr göstərir ki, Azərbaycanda dövlət nazirliklərinin sayı hətta Avropa ölkələri ilə müqayisədə belə çoxdur. Məsələn, dövlət nazirliklərinin sayı İtaliyada 14, Almaniyada və Belçikada 11, İspaniyada 9-dur.

ABŞ-da da nazirlik səviyyəsində olan 11 federal hökümət qurumu fəaliyyət göstərir. Həqiqətən də Azərbaycanda 20 nazirliyin olması dövlət idarəetmə xərclərinin optimallaşdırılmasının və idarəetmədə struktur islahatlarının aparılmasının potensialının yüksək olmasının göstərəcidir”.

əsas linklər