
Asif Kurban: İnkişaf edən və böyüyən Türkiyəyə, millətimə və partiyama xidmət üçün əlimdən gələni əsirgəməyəcəyəm
Məlum olduğu kimi, hazırda Azərbaycan dövləti uğurlu diaspora quruculuğu siyasəti həyata keçirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Məhz dövlət başçısının diqqət və qayğısı nəticəsində həmvətənlərimizin təşkilatlanması, onlar arasında ideya-mənəvi birliyin daha da möhkəmləndirilməsi, diaspor quruculuğu işinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində mühüm addımlar atılıb. Onu da qeyd edək ki, bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycanın haqq səsini çatdıran diaspora təmsilçilərimiz qardaş Türkiyədə də fəaldırlar. Həmin fəallardan biri də Azərbaycan Qardaşlıq və Həmrəylik Dərnəyinin sədri, Dünya Azərbaycanlıları Konqrensinin (DAK) həmsədri Asif İsa oğlu Kurbandır.
Məlumat üçün bildirək ki, Asif Kurban 1975-ci ildə Bakıda anadan olub. 1992-ci ildə Doqquz Eylül Universitetinə İqtisadiyyat fakültəsinin İstehsalın İdarəedilməsi ixtisası üzrə daxil olub. 2001-ci ildə eyni universitetin “Maliyyə hüququ” fakültəsindən magistr kimi məzun olub. 2007-ci ildə isə universitetin Sosial Elmlər İnstitutunun Maliyyə fakültəsində iqtisadiyyat elmləri doktoru elmi dərəcəsi alıb. Tural İdxalat-ixracat şirkətinin təsisçisi və baş direktorudur. Biznes sahəsində təmsil olunmaqla yanaşı, ictimai-siyasi fəaliyyətlə də məşğuldur. A.Kurban, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aktiv fəaliyyət göstərir. Türkiyədə keçiriləcək parlament seçkilərində AK Partinin (Ədalət və İnkişaf Partiyası) İzmir şəhərindən namizədliyə namizəddir. “Yeni Azərbaycan” qəzetinə müsahibəsində Asif bəy qardaş Türkiyədəki lobbi fəaliyyəti, siyasətə gəlişi, həmçinin, digər məsələlərlə bağlı suallara aydınlıq gətirib:
- Asif bəy, qardaş Türkiyəyə neçənci ildə getdiniz və buna səbəb nə idi?
- 1992-ci ildə Azərbaycanda xaricdə təhsil almaq üçün keçirilən imtahanlarda iştirak etdim. Səhv etmirəmsə, ilk 40 nəfərdən biri kimi Türkiyənin İzmir şəhərinə dövlət xətti ilə təhsil almaq məqsədilə gəldim. Doqquz Eylül Universitetinə “İqtisadiyyat” fakültəsinə İstehsalın İdarəedilməsi ixtisası üzrə daxil oldum. Buranı bitirdikdən sonra 2001-ci ildə eyni universitetin “Maliyyə hüququ” fakültəsində magistr dərəcəsi, 2007-ci ildə isə Sosial Elmlər İnstitutunun “Maliyyə” fakültəsində iqtisadiyyat elmləri doktoru alimlik dərəcəsi aldım.
- Ötən müddət ərzində Türkiyədə, əsasən, hansı sahələrdə çalışmısınız?
-Türkiyəyə gəldiyim gündən etibarən, demək olar ki, ictimai sahədə fəaliyyət göstərmişəm. Eyni zamanda, diaspora işində fəal iştirak etmişəm. Azərbaycanımızın dərdli, kədərli günlərini yada salmışıq, gözəl, xoş günlərini heç vaxt yaddan çıxarmamışıq. Ən azı 15 ildir ki, mütəmadi olaraq Qarabağla bağlı həm İzmir şəhərində, həm Türkiyənin ayrı-ayrı şəhərlərində, həm də müxtəlif xarici ölkələrdə tədbirlər təşkil etmişik. Sosial fəaliyyətlə yanaşı, eyni zamanda, 15 ilə yaxındır öz fərdi biznesimizi də qurmuşuq. Belə ki, Tural İdxalat-ixracat şirkətinin təsisçisi və baş direktoruyam. Əsasən Türkiyədə istehsal edilən malların xaricə ixracı ilə məşğul oluruq. Rusiya, Ukrayna, Gürcüstan, Azərbaycan, Litva kimi ölkələrlə ticarət əlaqələrimiz mövcuddur. Şirkətimiz artıq 8 ildir ki, mütəmadi olaraq hər il Ticarət Palatası və Vergi Dairəsi tərəfindən ölkəyə xarici valyuta gətirdiyinə və yüksək ranqda vergi verdiyinə görə Təqdirnamə ilə təltif olunur. Rusiyanın Moskva şəhərində şirkətimiz var. Gürcüstan Respublikasının Ozurgeti rayonunda da fındıq istehsalı və qablaşdırma müəssisəmiz fəaliyyət göstərir. Türkiyədə inşaat sektorunda fəaliyyət göstərən bir şirkətlə ortaqlığımız var və inşaat sektorunda xeyli aktiv fəaliyyət göstəririk.
- Azərbaycan Qardaşlıq və Həmrəylik Dərnəyi nə zaman fəaliyyətə başlayıb və hansı tədbirləri keçirib?
- Dərnəyimiz 1 aprel 2014-cü ildə qurulub. Amma biz buna qədər də ölkəmizlə bağlı işlərdə xüsusi fəallıq göstərmişik. Belə ki, Xocalı soyqırımının qurbanlarının xatirəsini hər il İzmirdə universitetlərlə bir yerdə konfrans və ya simpoziumlar keçirərək yad edirik. Eyni zamanda, təkcə İzmirdə deyil, digər şəhər universitetləri ilə birlikdə bu istiqamətdə xeyli tədbirlərimiz keçirilir. Bundan başqa, xarici ölkələrdə də belə tədbirlər təşkil edirik. Məsələn, keçən il Xocalı soyqırımı və qondarma “erməni soyqırımı” ilə bağlı tədbirimiz Belçikanın Vrije Universitetində baş tutdu, Türkiyə və Avropa mediası tərəfindən də yüksək səviyyədə işıqlandırıldı.
2009-cu ildə “Türkiyə-Ermənistan sərhədləri açılmasın!” kampaniyasını həyata keçirdik. Bir həftə ərzində 27000 imza toplandı və nəticə olduqca uğurlu oldu. Bundan başqa, “Erməni soyqırımı var deyənlər cəzalansın” adlı kampaniyanı da qeyd etmək istəyirəm. Özünü “demokratiyanın beşiyi” sayan bəzi ölkələr necə “erməni soyqırımı”nı inkar edənləri cəzalandırırlarsa, biz də bu istiqamətdə öz düşüncəmizi ortaya qoymağa çalışdıq və uğur da əldə etdik.
Hər il 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 28 May - Respublika Gününü yüksək səviyyədə qeyd edirik. Çalışırıq ki, bu cür tədbirlərimizdə rəsmi şəxslər iştirak etsinlər. Eyni zamanda, həmin tədbirlərdə Azərbaycan musiqisini dünyaya tanıdan musiqiçilərimizin də iştirakını təmin etməyə çalışırıq. Bilirsiniz ki, keçən il Türkiyənin Soma rayonunda kömür mədənində faciə baş vermişdi. Biz dərnək kimi həmin əraziyə getdik, orada olan insanlara maddi və mənəvi köməklik göstərməyə çalışdıq.
- Siz həm də DAK-ın həmsədrisiniz. Xahiş edirəm bu istiqamətdəki fəaliyyətiniz haqqında da məlumat verəsiniz...
- Artıq 8 ildir ki, DAK-da da fəaliyyət göstəririk. DAK olaraq yenə Türkiyədə, Belçikada, Hollandiyada və İsveçdə Vətənimiz üçün olduqca faydalı tədbirlər təşkil etmişik. Bu tədbirlərimiz Azərbaycandakı müxtəlif media orqanları tərəfindən işıqlandırılıb. Azərbaycandan kənarda yaşayan soydaşlarımızın dərdlərinə şərik olmağa çalışırıq. Ancaq DAK istənilən hədəfdən hələ uzaqdır və bu yöndə də daha çox çalışmaq lazımdır.
- Siyasi fəaliyyətlə nə zamandan bəri məşğul olursunuz və Sizin namizədliyə namizəd olmaqda əsas məqsədiniz nədir?
- Son 5 ildir ki, praktik siyasətlə maraqlanmağa başlamışam. Partiyanın üzvü olmasam da, AK Parti (Ədalət və İnkişaf Partiyası) ilə təşkilatdakı və siyasətdəki dostlar vasitəsi ilə yaxın idim. Yaxın dostum İzmirin Karabağlar rayonundan AK Parti Bələdiyyə sədrliyinə namizəd idi və o zaman siyasətlə daha yaxından tanış oldum. Birlikdə seçki kampaniyasında iştirak etdik. Vətəndaşlarımız və partiyamızla o günlərdə daha yaxın təmasda olmaq imkanı əldə etdim. Sonuncu parlament seçkilərində də bu tendensiya davam etdi. Təşkilatları ziyarət etdik və vətəndaşlarla görüşlər oldu. Ancaq namizədliyə namizəd olmaq qərarını son bir neçə ayda qəbul etdim. İllərdir ki, siyasətin içində olan dostlarımız namizədliyə namizəd olmağımın faydalı olacağını dedilər. İllərdir Vətənə, millətə xidmət etdiyimizi, təhsilli və gənc olduğumuzu, bölgəni və dünyanı bildiyimizi, sosial fəaliyyətlər içində olduğumuzu dedilər və bu təcrübənin Vətənə və partiyaya xidmət ilə davam etdirməyimi təklif etdilər. Mən də bu təcrübə və biliklərimlə millət vəkili kimi Türkiyə Böyük Millət Məclisində fəaliyyət göstərib, Vətənimə, millətimə və partiyama xidmət etməyi qərara aldım.
- Asif bəy millət vəkili olarsa, hansı sahələrdə daha geniş fəaliyyət göstərəcək? Yəni, əsas hədəfi nə olacaq?
- Düşünürəm ki, millət vəkili seçilsəm, Türkiyənin Azərbaycanla yaxın olan əlaqələrini daha da möhkəmləndirmək istiqamətində ardıcıl fəaliyyət göstərəcəm. Türkiyənin ətrafında və yaxınında olan keçmiş Sovet məkanındakı ölkələrlə əlaqələrin daha da sıxlaşması istiqamətində fəaliyyət göstərməyi düşünürəm. Həm bu ölkələr ilə iqtisadi əlaqələrimiz var, həm də o ölkələrdə yaşayan insanların böyük əksəriyyətinin bildiyi rus dilini bilməyimiz də bizim üçün müsbət haldır. Çünkü 1990-cı illərin əvvəllərinə kimi eyni sistemdə bizim ailələrimiz yaşayıb və ortaq sosial anlayışın nə olduğunu daha yaxşı görə və bir-birimizi daha tez başa düşə bilirik. İzmir və Türkiyəyə biznes əlaqələrimiz vasitəsi ilə böyük investisiyaların gəlməsinə kömək edə biləcəyimdən əminəm.
Dünyadaki sosial əlaqələrimiz vasitəsi ilə “erməni soyqırımı”na dair yalanların ortaya çıxarılmasına və Xocalıda baş verən soyqırımının dünyaya çatdırılmasına dəstək olacağam. Qarabağ problemi yaddan çıxmayacaq və lazımi yerlərdə Türkiyə-Azərbaycan dostluğu bu istiqamətdə də ortaya qoyulacaq. Təbii ki, millət vəkili seçilsəm, Türkiyədə və dünyada hökumətimizin və partiyamızın müəyyən etdiyi siyasətə uyğun şəkildə əlimdən gəldiyi, fiziki imkanlarım imkan verdiyi qədər çox çalışacağam. İzmirdəki vətəndaşlarımızla tez-tez görüşəcəyəm. Türkiyədəki Azərbaycan diasporu ilə sıx əlaqədə olacağam, probləmlərin həllinə çalışacağam. İnkişaf edən və böyüyən Türkiyəyə, millətimə və partiyama xidmət üçün əlimdən gələni əsirgəməyəcəyəm. Yaşadığım rayonda partiyam və millət adına fəaliyyətlərimi artıracaq və insanların problemlerinin həlli üçün bizə müraciət edə biləcəyi daha rahat bir sistem quracağam. İndiyə kimi hər il 8-10 tələbəyə təhsil üçün təqaüdlər veririk. Bu rəqəm daha da artacaq.
Bir sözlə, millət vəkili seçilsəm, Türkiyə Böyük Millət Məclisində azərbaycanlıların səsi olacağam.