Zəncan şəhəri xüsusi nəzarət altına alınıb

Zəncan valisi Tehrana çağırıldı

Kütləvi etirazlardan sonra Cənubi Azərbaycanın bu şəhəri xüsusi nəzarət altına alınıb

 

Zəncan əhalisinin etirazlarından sonra bu şəhər xüsusi nəzarət altına alınıb. GünAz TV-nin məlumata görə, təhlükəsizlik qüvvələri şəhərin gəzinti yerlərini və küçələrini nəzarət altında saxlayırlar.

 

Hətta bu şəhərdə “sink” və “qurğuşun” sözü olan SMS-lər belə filtrlənir və ünvanına çatmır. Eyni zamanda Zəncanda yayılan şayiəyə görə, Zəncanın valisi (ostandar) Rəufinəjad Həsən Ruhani tərəfindən Tehrana çağrılıb.

 

Qeyd edək ki, Zəncan sakinləri şəhərdə fəaliyyət göstərən iki müəssisənin - Sink və Qurğuşun fabriklərinin fəaliyyətinin dayandırılmasını tələb edirlər. Onlar hər iki fabrikin ətraf-mühitə ziyan vurduğunu, xərçəng və digər müxtəlif xəstəliklərə səbəb olduğunu hesab edirlər.
 
Ancaq Zəncan valisi hər iki fabrikin 25 ildir fəaliyyət göstərdiyini və həmin müəssisələrin dayandırılmasının onun əlində olmadığını söyləyib. Onlar ötən aksiyalarda “Hər iki fabrik bağlanmalıdır!”, “Biz xərçəng xəstəliyinə tutulmaq istəmirik!”, “Qurğuşun və sink istəmirik!”, “Təmiz hava almaq hamımızın haqqıdır!” və s. şüarlar səsləndirərək hər iki fabrik bağlanmayanadək etirazlarını davam etdirəcəklərini bildiriblər.
 
Bundan sonra Zəncan vilayətinin ətraf mühit idarəsinin rəisi Əmir Məhdəvian fabriklərin şəhərdən 7 kilometr uzağa köçürülməsi və ya bağlanması üçün sahibkarlara bir ay möhlət verib. Ancaq yerli sakinlər artıq verilən vədlərə inanmırlar.
əsas linklər