Hava boşluğunda qalan pullar: Azərbaycanı aşağı qiymətli uçuşların həyata keçirildiyi ölkə saymaq olmaz

AZAL-ın Türkiyənin Antalya və İstanbul şəhərlərinə ucuz avaireyslər açmasına baxmayaraq, Azərbaycanı lou-kost, yəni aşağı qiymətli uçuşların həyata keçirildiyi ölkə saymaq olmaz.

ANS-in məlumatına görə, AZAL hazırda təxminən həftədə 10 lou-kost reys həyata keçirir ki, bu ölkə üzrə həyata keçirilən reyslərin cəmi bir neçə faizini təşkil edir. 

Şirkət bu ilin avqustundan başlayaraq həftədə 3 dəfə Bakı-Antalya-Bakı reysi üzrə uçuşlar gerçəkləşdirir. Biletlərin bir tərəfə qiyməti 99 avronu keçmir. Həmçinin AZAL bu ilin sentyabrından başlayaraq həftədə 7 dəfə eyni qiymətlə İstanbula reyslər təşkil edir. 

AZAL-ın lou-kost uçuşları


“Biz lou-kost uçuşların təşkilinə yeni başlamışıq. Ona görə də hər hansı müqayisəli statistika aparmaq düzgün olmazdı. Çünki yaxın aylarda lou-kost istiqamətlərdə uçuşların sayı xeyli artacaq. Bu ilin oktyabr ayından isə Moskva və Dubaya lou-kost reyslər başlayacaq. 

Həmçinin, oktyabrdan başlayaraq Türkiyə aviaşirkətlərindən biri Qəbələdən İstanbula ucuz uçuşlar gerçəkləşdirəcək. Macarıstanın məşhur lou-kost şirkəti isə gələn ilin mart ayından Moskvaya uçuşlar təşkil edəcək. Biz həm də Lənkərandan lou-kost uçuşlar təşkil edəcək şirkət axtarırıq”,- deyə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib. 

Şirkət təmsilçisinin sözlərindən belə anlaşılır ki, yaxın altı ay ərzində Azərbaycan da lou-kost uçuşların ümumi uçuşlardakı payına görə dünya səviyyəsinə qalxa biləcək. Öz adını ingiliscə “low-cost carrier”, yəni aşağı qiymətli daşıyıcı sözlərindən almış bu uçuş növü 1990-cı illərdə ABŞ-da yaransa da, indi dünyanın əksər ölkələrində aparıcı trendə çevrilib. Hazırda dünya üzrə ildə 1,2 milyard sərnişin lou-kost uçuşlardan istifadə edir. 

Qlobal bronlaşdırma sistemi “Amadeus”un məlumatına görə, dünya üzrə uçuşların 38%-i lou-kost reyslərin payına düşür. İspaniyada (57%) və Böyük Britaniyada (52%) lou-kost uçuşlar üstünlük təşkil edir. Avstraliya və Okeaniyada bu uçuşların payı 36,6%-ə, Şimali Amerikada 30,2%-ə, Latın Amerikasında 24,9%-ə bərabərdir. Asiya (18,6%), Yaxın Şərq (13,5%) və Afrika (9,9%) ölkələri isə bu məsələdə xeyli geri qalır. 

Ümumi uçuşlarda lou-kost reyslərin payına görə ölkələrin və regionların göstəricisi (%-lə)



Lou-kost reyslərdə aşağı qiymətlər xidmət sayının məhdud olması ilə əldə edilir. Adətən, yerlər vahid sərnişin klassı üzrə satılır, texniki xidmət xərclərini azaltmaq məqsədi ilə vahid tipli təyyarələrdən (adətən “Airbus A320” və ya “Boeing 737”dən) istifadə edirlər. 

Bir qayda olaraq, biletlər birbaşa internetlə satılır, arada vasitəçilərin olmaması da biletlərin ucuz satılmasına səbəb olur. Şərqi Avropa və Yaxın Şərq regionu daxilində bu şirkətlərin gediş-gəliş qiymətlərinin orta qiyməti adətən 200 dollar təşkil edir. Məsələn, Bakıdan Moskvaya gələn il lou-kost uçuşlar təşkil edəcək macar şirkəti Budapeşt - Moskva - Budapeşt reysi üzrə uçuşları orta hesabla 200 dollara təklif edir. 

Lou-kost şirkətlərin bu cür ucuz qiymətləri adətən geniş turist axınının maqnit kimi özünə cəlb edir. Məsələn, dünyada lou-kost uçuşlarının payına görə liderlik edən İspaniyaya təkcə may ayında 6,5 milyon turist gəlib ki, bu, dünya ölkələri üzrə rekord göstərici sayılır. Həmin turistin təxminən 5 milyon Böyük Britaniyanın payına düşüb ki, bu ölkə lou-kost uçuşlarının payına görə dünya ikincisidir.

Uzun illərdir ki, turizm sahəsinə böyük sərmayələr yatıran Azərbaycan da bu təcrübədən istifadə etməlidir. Göstərilən cəhdlərə baxmayaraq ölkənin turizm sektoru xaricdən arzu olunan səviyyədə turist cəlb edə bilmir. Bu məsələdə əsas problem kimi yerli otellərdə xidmət qiymətlərinin yüksək olması göstərilsə də nəqliyyat qiymətlərini də unutmaq olmaz. 

Bu il xidmət qiymətləri xeyli ucuzlaşsa da, yerli turizm şirkətlərinin göstəricilərinə görə, ölkəyə gələn turistlərin sayı keçən ilə nisbətən azalıb. Burda aviabiletlərin qiyməti də mühüm rol oynayır. Ona görə də səlahiyyətli qurumlar bu nüansı nəzərdən qaçırmamalıdırlar. 

əsas linklər