"Ayın sonunadək Ermənistan sərhədçiləri tərəfindən saxlanılan azərbaycanlı ailəsinə qaytarılmalıdır"
“Mənim məlumatıma görə, Ermənistan sərhədçiləri tərəfindən saxlanılan Faxralı sakini azərbaycanlı Turqay Mikayılovun sentyabrın 20-də məhkəməsi olmalıdır”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili açıqlamasında bildirib. 

Onun sözlərinə görə, o, azərbaycanlıların çoxluq təşkil etdiyi bölgənin qubernatoru olaraq Ermənistanın Gürcüstandakı səfiri ilə fəal  şəkildə Turqay Mikayılovun  vəziyyəti ilə maraqlanır: "Ermənistan səfiri  mənə söz verib ki, hər gün bu məsələ ilə maraqlanacaq.  

Hazırda Ermənistanda T. Mikayılov  məsələsi ilə bağlı iş qaldırılıb və hansısa prosedur qaydalara görə biz vətəndaşımızı vaxtında ailəsinə qaytara bilmədik. Sentyabrın 20-də məhkəmə olmalıdır. Mən onlara dedim ki, bu sənədləşdirmə işini sonra da etmək olar, çünki T. Mikayılovun ailəsinə və evinə baxan yoxdur, onlar köməksiz qalıblar. Turqay Mikayılovun məsələsində səhvlərə yol verilib".

Kvemo Kartli bölgə qubernatoru Turqay Mikayılovun günahsız olduğunu bildirib və qarşı tərəfin də bunu bildiyini vurğulayıb: "Ermənistan tərəfi artıq bilir ki, Turqay Mikayılov təsadüfən   sərhədi keçib və onun heç bir məqsədi, həmçinin kiməsə ziyan vermək fikri olmayıb. Ermənistanın müəyyən idarələri artıq bundan əmindirlər. Düşünürəm ki, bu ayın sonuna kimi Turqay Mikayılov ailəsinə qaytarılmalıdır", deyə Kvemo Kartli bölgə qubernatoru bildirib.

Xatırladaq ki, iyulun 23-də Faxralı kənd sakini T. Mikayılov Ermənistan sərhədçiləri tərəfindən saxlanılaraq İrəvana aparılıb.

əsas linklər