Prezidentdən məmurlara XƏBƏRDARLIQ: “Sahibkarları boğurlar, soyurlar, incidirlər"

Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün çox ciddi addımlar atılacaq. Yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir.

Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində bu barədə danışan Prezident İlham Əliyev qeyd edib ki, yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır: 

“Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə, qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir”.

Bu yoxlamaların sayının kəskin şəkildə azaldılmasının vacibliyini bildirən dövlət başçısı qeyd edib ki, yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir.

Prezident deyib: “Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb. 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Bax, bunun təhlilini aparmaq lazımdır. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır”.

Prezident İlham Əliyev bu əməlləri törədənlərin ciddi şəkildə cəzalandırılacağını bildirib.

Ölkə başçısı onu da əlavə edib ki, Azərbaycan iqtisadiyyatının əsas problemi inhisarçılıqdır. “Bu sferada təəsüflər olsu ki, biz hələ də ciddi nəticələr əldə edə bilməmişik. Həm istehsalda, həm ixracda. Bilmirəm bu nə psixologiyadır, əgər mən bu məhsulu istehsal edirəmsə başqaları bunu etməməlidir. Başqaları üçün də imkan yaratmaq lazımdır ki, rəqabət olsun. Əgər rəqabət olmasa inkişaf da olmayacaq, keyfiyyətli məhsul da olmayacaq...
...Qoy hər kəs istehsal etsin. Yaxşı, ola bilsin bizim bazar məhduddur, o zaman elə məhsul istehsal edin, yetişdirin ki, xaricə satmaq mümkün olsun. Və dövlət də bunu dəstəkləyəcək”.

Prezidentin bildirdiyinə görə, gələcəkdə iqtisadiyyatın əsas inkişaf sahəsi ixrac olacaq. 

“Mən dəfələrlə demişəm ki, biz buna çox ciddi hazırlaşırıq və xaricdə logistik mərkəzlər yaradırıq. Xaricə investisiyaları niyə yatırırıq? Ona görə ki, bizim məhsullarımız ora çıxış əldə etsin, yeni bazarlar tapsın. İmkan yaransın ki, sahibkarlar öz məhsullarını ixrac edib sata bilsin. Burada isə əgər kimsə nəsə istehsal edirsə başqasına bunu etməyə imkan vermir və ya müxttəlif yollarla öz himayəçilərini bu işə cəlb edirlər. Buna yol vermək olmaz, o cümlədən idxalla bağlı. İnhisarçılığa yol vermək olmaz. Bir daha təkrar edirəm. Biz açıq bazar siyasəti aparırıq. Bizim siyasətimiz məhz bundan ibarətdir. Ona görə bütün strukturlar bu siyasəti aparmalıdır”.

əsas linklər