
Türkiyə Azərbaycanın strateji müttəfiqidir, bu, sıradan bir söz deyil.
Yaxın tariximiz iki qardaş dövlət arasındakı münasibətlərin möhkəm təməl əsasında qurulduğunu göstərir.
Gün.Az xəbər verir ki, bunu millət vəkili Adil Əliyev öz “Facebook” səhifəsində paylaşdığı statusunda yazıb.
“Onlarla misal çəkmək olar, ancaq elə bircəciyi yetərlidir: Türkiyənin Azərbaycan torpaqlarını işğal edən dövlətlə diplomatik münasibətləri yoxdur, sərhədi bağlıdır, qardaş dövlət torpaqlarımızın geri qaytarılmasını və Azərbaycanın ərazi bütövlüyünü təmin edilməsi tələbini hər fürsətdə təkrarlayır” - deyə, qeyd edən millət vəkilinin yazdığına görə, buna baxmayaraq, sağda-solda bəziləri Türkiyə və türklüyü “tənqid” adıyla aşağılamağa çalışır, bölgədə baş verən hadisələr fonunda “Türkiyə haqsızdır” və ya “Türkiyə Rusiya təyyarəsini vurmaqla böyük səhvə yol verdi, üzr istəməlidir” kimi fikirlər ortaya atırlar.
O, deyib ki, bunu başqa ölkənin deputatlarından və ya ermənipərəst “siyasi” ekspertlərindən gözləmək olar, ancaq hansısa Azərbaycan vətəndaşının bu fikirlərə qoşulması və bir az daha “irəli getməsi” nankorluqdan başqa bir şey deyil:
“Təəssüf ki, adını millət vəkili qoyan bir kəs də Türkiyəni aşağılamaqdan sanki həzz alır. Ancaq həmin şəxs unutmasın ki, bir gün bölgədə vəziyyət gərginləşsə, Azərbaycana qarşı təxribatçı planlar ortaya atılsa dövlətimizin və millətimizin köməyinə özünü birinci yetirən dövlət Türkiyə olacaq.
Azərbaycan prezidenti İlham Əliyevin qardaş ölkənin baş naziri Əhməd Davudoğlu ilə son görüşündə dediyi “Azərbaycan hər zaman Türkiyənin yanındadır, Türkiyəni dəstəkləyib və dəstəkləyəcək” açıqlamasını da nankorlar qulaqlarında sırğa etsinlər...”