Qubadlının Ermənistan tərəfindən işğalının 20 illiyi münasibətilə Şəhidlər xiyabanı ziyarət edilib

Azərbaycanın Qubadlı rayonunun Ermənistan tərəfindən işğal edilməsinin 20 illiyi ilə bağlı Şəhidlər xiyabanı ziyarət edilib.

 Qubadlı Rayon İcra Hakimiyyətinin (RİH), o cümlədən ictimaiyyət nümayəndələrinin qatıldığı mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib, ruhlarına dualar oxunub. Ziyarətçilər Şəhidlər xiyabanındakı Əbədi Məşəl Kompleksinə əklil qoyublar.

 Mərasimdə çıxış edənlər Ermənistanın işğalçılıq siyasətini qınamaqla yanaşı, dünya birliyinin, beynəlxalq təşkilatların işğal faktına göz yummasını, adekvat addımlar atmamasını pisləyiblər.

 Mərasimdə iştirak edən Qubadlı RİH başçısı Malik İsaqov deyib ki, torpaqların müdafiəsi zamanı Qubadlı rayonu 238 şəhid verib. M. İsaqov Qubadlının işğalına səbəb kimi o vaxt dövləti idarə edən şəxslərin səriştəsizliyini göstərib. O, doğma torpaqlarının işğaldan azad olunması üçün qubadlılıların hər zaman hərbi əməliyyatlarda fəal iştirak etməyə hazır olduqlarını da deyib.

 “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri, Şuşa RİH başçısı Bayram Səfərov jurnalistlərə açıqlamasında şəhidlərin qanının yerdə qalmayacağını bildirib, işğal altında olan ərazilərin azad olunacağına əminliyini vurğulayıb: “Azərbaycanın həm iqtisadiyyatı, həm ordusunun gücü bizim ümidlərimizi daha da artırır. İşğal altında olan ərazilərimiz azad olunacaq. Ali Baş Komandanın əmrini gözləyirik”.

əsas linklər