
Parlament seçkiləri İranla Qərb arasında nüvə razılaşmasının təsdiqindən sonra beynəlxalq ictimaiyyətlə münasibətlərdə mümkün yaxınlaşma şəraitində keçir. Bir çox iranlı seçkilərə ümidlə baxır. Əhməd Obalı azərbaycanlıların İranda yeni şəraitə münasibətini şərh edib: ”Azərbaycanlılar İranın başqa bölgələrində yaşayan insanlardan iqtisadi baxımdan o qədər fərqlənmir. Bizim millətimizə daha ağır şərait yaranıb. Məncə, bu seçki şəxslərdən daha çox fikirlər üstündə referendum idi. Fanatizm millət tərəfindən qəbul edilmir. Azərbaycanlılar da təbii ki Qərblə 37 il düşmənçilikdən sonra gördülər ki, bunun ancaq ziyanı oldu. Hər hansı bir xeyir olmayıb. Qərbin yerini bu dəfə Rusiya və Çin tutub. İrana köhnə mallar satıblar. Yaşayış, həyat səviyyəsi aşağı düşüb. Buna görə də dəyişikliyi bəlkə də hər hansı bir seçiləcək insana deyil, indiyə qədər gedən siyasətə qarşı dəyişikliyi xalq ancaq Qərblə anlaşmaya daha yaxın olmaqda görür. Bunun üçün seçkilərdə islahatçı nümayəndələrin daha çox seçilməsi Azərbaycanda, xüsusilə də Tehranda mühafizəkarların, fanatik siyasətin əleyhinədir. Burada islahatçıların xeyrindən daha çox, mühafizəkarların, fanatiklərin əleyhinə səs verilib.”
Əhməd Obalı deyib ki, seçkilərin ikinci turunda iştirak edən 70 namizəddən təxminən 30-u Azərbaycan bölgələrini təmsil edir. Onun sözlərinə görə, azərbaycanlı namizədlərin yarısı islahatçı siyasətçiləri təmsil edir, qalan namizədlərin bir hissəsi müstəqil namizədlərdir, digərləri isə mühafizəkarlardır. O deyib ki, seçki prosesinin gedişi ikinci turda daha çox islahatçı namizədin seçiciləcəyini deməyə əsas verir.