Azərbaycanlı jurnalist Sədaqət Kamal keçən ilin noyabr ayında Rusiya Federasiyasının paytaxtı Moskvada vəfat etmiş 74 yaşlı həyat yoldaşı Savalan Məmmədovun öldürüldüyünü iddia edir. Sədaqət xanım ANS PRESS-ə açıqlamasında, hələ də ərinin nə ölüsünü, nə də məzarını görə bilmədiyini deyib. Ərinin ev dəllaları tərəfindən öldürüldüyünü və məzarının da gizlədildiyini iddia edir:
"Mənin həyat yoldaşım Məmmədov Savalan Hüseyn oğlu 60-cı illərdə Lomonosov adına Moskva Dövlət Universtitetinin hüquq fakültəsinin tələbəsiykən gələcəkdə yüksək ixtisaslı bir hüquqşünas kimi Vətəninə qayıtmaq arzusuyla yaşamışdı. Lakin... 2012-ci ilin noyabrında 74 yaşında bir Rusiya vətəndaşı olaraq dünyasını dəyişərkən nədənsə nə Vətəni bundan xəbər tutdu, nə mən, nə də oğlumuz. Ciddi-cəhdlə müraciət etdiyim təşkilatlar bunu məndən gizlətdilər. Aprel ayında başı lovlu Moskvaya getsəm də hüquq mühafizə orqanları artıq onun nə həyat yoldaşının, yəni mənim, nə də oğlumuzun olmaması haqda sənəd imzalamışdılar. Həyat yoldaşım Rusiya vətəndaşı idi və Moskva Kaşirskoe şosse54-1-53 ünvanında yaşayırdı. Həmin mənzil onun adına idi. Savalanın ev dəllalları tərəfindən öldürüldüyünü düşünürəm. Çünki onun ölümü barədə bizə xəbər vermədən kimsəsiz kimi dəfn ediblər. Gün kimi aydındır, mənzilə sahib çıxmaq üçün belə ediblər. Ölümündən qabaq və sonra baş verənlər məni belə düşünməyə vadar edir."
Savalan Məmmədovun məzarı naməlum olduğundan Sədaqət Kamal həyat yoldaşının nəşini Azərbaycana gətirə bilmir. Xanım jurnalist, "Bir vaxtlar Savalan mənə demişdi ki, əgər Moskvada ölüb eləsəm, ancaq Vətənimdə basdırılmağımı istəyirəm."-deyir və ərinin vəsiyyətini həyata keçirmək üçün səy göstərir.
Sədaqət Kamal hal-hazırda ailəsinə qarşı törədilən cinayətin üstünün açılması xahişi ilə məsələ ilə bağlı Rusiya Federasiyasının Dövlət Dumasına müraciət etdiyini deyir: "Üzvü olduğum Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası da bu xüsusda məndən köməyini əsirgəməyərək Rusiya Federasiyasının Azərbaycandakı səfiri Doroxin cənablarına və Rusiya Federasiyasının Ədliyə Nazirliyinə bu cinayətin araşdırılması xahışı ilə müraciət etmişəm. Assosiasiyanın rəhbəri Sevil xanım Yusifovanın Bakıdakı Rusiya səfiri və Rusiya Federasiyasının Ədliyyə Nazirinə göndərdiyi rəsmi məktubu sizə də təqdim edirəm:
"Bizim tanınmış jurnalist Sədaqət Kamal (Məmmədova Sədaqət Tələt qızı) 2012-ci ilin 10 noyabrında rəhmətə getmiş, Rusiya vətəndaşı (Ünvan:Moskva Kaşirskoe şosse54-1-53) mərhum Məmmədov Savalan Hüseyn oğlunun həyat yoldaşıdır. Hal-hazırda Sədaqət Kamalın ailəsi Rysiya Federasiyasının qanunlarının ziddinə fəaliyyət göstərən məmurların qurbanı olub.Bu ilin aprel ayında o bu xüsusda Rusiya Federasiyasının Dövlət Dumasına iki dəfə müraciət etsə də hələ bir cavab almamışdır. Sizdən yardım etməyinizi xahiş edir və bu xüsusda monnətdarlığımızı bildiririk. Sizə Sədaqət xanımın Dövlət Dumasına Müraciətinin surətini və onun evlilik və oğlunun doğum haqda şəhadətnaməsini də göndəririk."


"Rusiya Federasiyasının Dövlət Duması Başçısına. Hörmətli başçı! Mən1985-ci ildən,60-cı illərdən etibarən təhsiliylə bağlı Moskvada məskunlaşmış mərhum Məmmədov Savalan Hüseyn oğlunun həyat yoldaşıyam. Bizim oğlumuz da Moskvada anadan olub.Oğlumun atasının 1-ci həyat yoldaşı olmuş(nigah 1969-1978) Rusiya vətəndaşının hədəsiylə mən öz Vətənimdə ondan ayrı yaşamağa məcbur oldum;lakin biz ayrılmadıq.(yoldaşımla nigah şəhadətnaməmiz də№257366,oğlumuzun doğum şəhadətnaməsi də№258219 Moskvada t'rtib olunub)Bir neçə il öncə yoldaşımın ağır xəstəliyindən sonra 72 yaşındaykən mənə onun boşanma iddiası gəldi məhkəmədən. Bunu ev dəllalarının əməli deyə iddiaya etiraz etdim. Bildirdim ki, məqsəd bizi boşatdırdıqdan sonra onun ölümünə nail olmaqdır.Hüquq mühafizə orqanlarına bu xüsusda müraciət etdim. Düz demişdim. 2012-ci ilin noyabrında ölən yoldaşımın ölümü məndən gizlədildi. Mənzilə etdiyim zənglərə cavab almadığıma görə prokurorluğa müraciətimə cavab gəjlmədi. Mənzil kommunal olduğu üçün qonşu da mənə cavab verə bilərdi. Lakin məqsəd yoldaşımın ölümünü gizlətmək idi. Bu ilin aprelində Moskvaya yollandım. Məni mənzilimə buraxmadılar.Notariusda mənə məlum olmayan vərəsəlik işı açılıb,hüquq mühafizə orqanları tərəfindən saxta sənədlər tərtib olunub ki,mərhum yoldaşından boşanıb,oğul da onun deyil.Hətta onun basdırıldığı yeri də məndən gizlətdilər.Məcbur olub geri döndüm. Bu günə kimi Moskvadaykən müraciət etdiyim təşkilatlardan lazımı cavab ala bilmirəm. Ancaq öldürülmüş həyat yoldaşımın,mənzilim və orada olan əmlakım,ən vacibi isə şərəf və ləyaqətimin( sənəd tərtib ediblər ki, oğlumun atası deyil mərhum. Məni şantaj edirlər ki, geri çəkil yoxsa bunu da edərik. Bir müsəlman qadınının belə bir ittihamı edə bilənlərdən qorxduğunu bilərək.)uğrunda mübarizəmi dayandırmayacağam.Sizdən mənə haqq işimdə yardımçı olmağınızı xahiş edirəm.Bu günə kimi olan müraciətlərimə elə cavablar alıram ki,hətta 1-ci sinif şagirdi belə bu sənədlərin Rusiyada insan haqlarının olmadığını sübuta yetirməkçın tərtib olunduğunu dərk edə bilər.Ancaq mən buna inanmıram.İnanıram ki, qanun mənim tərəfimdədir. Və mən öz ölkəsinin şərəfli adını uca tutan Rusiya Federasiyası hökumətinin köməyilə həqiqətə nail olacağam."


Zəmanə mənə yoldaşımla birlikdə yaşamağa (indi əksər Azərbaycan gəlinləri bu faciəni yaşayırlar) imkan verməsə də, mən oğlumu Vətənimdə atasız böyütməyə məhkum olsam da, heç vaxt ondan boşanmaq iddiası qaldırmamışam. Gəncliyim onun yolunu gözləməklə keçib.
Mən baharda doğulsam da,
Hər an təmiz qar olmuşam
Dağ başına yağan qar tək,
Savalana yar olmuşam
Məhəbbətimi yaradıcılıqda, oğluma ata və ana qayğısını təkbaşına reallaşdırmaqla sönməyə qoymamışam... Onun ruhu qarşısında borcumu da qaytaracağam. Mənim oğlumun atası sağlığında ona qovuşa bilməsə də, oğlunun, nəslinin məxsus olduğu torpağa mütləq qovuşacaq. Bu həm də mənim oğlum qarşısında borcumdur."
