“Ermənistan faciələrə hamilədir”

Ayhan Dəmirçi: “Bu hallar göstərir ki, insanlar nə Ermənistanda yaşamaq, nə də onun ordusunda xidmət etmək istəyirlər”

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri, ekspert Ayhan Dəmirçinin müsahibəsi

- Ayhan bəy, bu günlərdə Ermənistan ordusunun əsgəri Azərbaycan tərəfinə keçdi. Sizcə, bu hadisə Ermənistan ordusu üçün nə deməkdir?

- Bu, artıq Ermənistan ordusunda mənəvi-psixoloji gərginliyin yaşandığı həddini göstərir. Onsuz da Ermənistan ordusunda hansı vəziyyətin yaşandığını zaman-zaman erməni mediası yazır. Bu kimi faktlar bunu bir daha göstərir ki, vəziyyət həqiqətən də ciddidir.

Hesab edirəm ki, erməni cəmiyyətində durum ağırdır. Bu kimi hallar orduya təsir edir. İnsanlar Ermənistanda nə yaşamaq, nə də onun ordusunda xidmət etmək istəyirlər. Ermənistan hakimiyyəti bu kimi halların qarşısını almaqda acizdir və gələcəkdə də alması mümkünsüz olacaq. Ermənistan cəmiyyətində köklü islahatlara böyük ehtiyac var. Öncə cəmiyyətdə türk millətinə nifrət ideologiyasına son qoyulmalıdır. Qonşu Azərbaycan və Türkiyə ilə normal münasibət yaratmalıdır.

- Ümumiyyətlə, qeyd etdiyiniz baxışın dəyişməsini mümkün hesab edirsinizmi?

- Mən şəxsən inanmıram. Amma ortada bir gerçəklik var ki, erməni cəmiyyəti uçuruma getməkdədir. Ermənistan bir dövlət olaraq tükənib və ölkə faciələrə hamilədir. Bu faciələr bir-bir erməniləri öz ağuşuna alacaq. Ermənistan cəmiyyəti indidən ciddi şəkildə düşünməlidir. Yoxsa, vəziyyət Ermənistanın xeyrinə deyil. Həmçinin, bölgədə manevr imkanları tükənməkdədir.

- Amma bununla yanaşı, Ermənistan Azərbaycanın işğal etdiyi torpaqlardan çıxmaq istəmir...

- Azərbaycan prezidenti İlham Əliyev çıxışlarının birində çox maraqlı məsələyə toxundu. Prezident qeyd etdi ki, Ermənistan tamamilə təcrid olunacaq. Ermənistan işğal etdiyi torpaqlardan çıxmaq istəmir. Azərbaycanın Ermənistana yönəlik yürütdüyü siyasət normaldır və zəruridir.

Bu gün Ermənistanda yaşanan faciə və problemlərin əsas qayəsində həmin təcrid siyasətinin nəticəsi durur. Ermənistan Qarabağ torpaqlarını işğal etdiyi üçün həmin təcrid siyasətinə məruz qalıb. Burada heç bir dövlət və ya beynəlxalq qurum Azərbaycanın üzərinə getməməlidir. Əsas günahkar Ermənistandır və bunun bədəlini də ödəyir və bundan sonra da ödəyəcək.

Bir zamanlar işğalın onlara xoşbəxtlik bəxş edəcəyini düşünənlər artıq problem və faciələrin qapılarını döydüyünü görürlər, vəziyyəti dəyişə bilmədikləri üçün də ölkədən qaçmağa, ya da intihar etməyə məcbur olurlar.

Yenə də Ermənistan hakimiyyəti ciddi şəkildə düşünməli və praqmatik siyasətə keçməlidir. Burada erməni cəmiyyəti aktiv rol oynamalıdır.

Elnur Eltürk

əsas linklər