
Baxımsızlıq ucbatından dağılmaq təhlükəsi ilə üz-üzə qalan Təbrizin tarixi və əzəmətli Ərk Qalası rejim tərəfindən müxtəlif bəhanələrlə tədricən sıradan çıxarılır.
Son günlərdə mətbuatda Qalanın yaxınlığında parking tikmək məqsədi ilə ağır texnikanın işlədiyi barədə geniş məlumat yayılıb. Bundan sonra yerli əhali tarixi Qalanın məhv edilməsi ilə bağlı sosial şəbəkələrdə sərt xəbərdarlıq etdilər, bu məsələ günlərlə kütəvi informasiya vasitələrinin gündəmini təşkil etdi. Etirazlar geniş vüsət aldıqdan sonra Ərk Qalası ətrafında nəzərdə tutulan layihənin icrası dayandırıldı.
Bu məsələyə münasibət bildirən Təbriz Şəhər Şurasının üzvü tarixi abidələrlə bağlı Mədəni İrs Təşkilatının qanunlarına işarə edib. “Mədəni İrs Təşkilatının qanunlarına görə hər bir tarixi abidənin ətrafında sahəsi 150 kvadrat metr (metr-i murəbbə) olan ərazi olmalıdır. Ona görə də, 15 metr radiusa qədər tarixi abidənin kənarından avtomobil keçə bilməz. Çox təəssüflər olsun ki, bu qanun Ərk Qalası haqda keçərli deyil. Hazırda əhalinin bu məsələyə həssas olması, həmçinin yerli məsullar və mətbuatın səyi nəticəsində tarixi Qalanın ətrafında parking tikintisi işləri dayandırılıb, lakin sözügedən layihənin icrası davam edərsə, bu, Mədəni İrs Təşkilatının qanunları çərçivəsində olmalı və tarixi Qalaya ziyan vurulmamalıdır”- deyə Əli Şiyari “Təsnim” xəbər agentliyinin müxbiri ilə danışıqda bildirib.
“Ərk Qalası kimi tarixi abidələri qorumaq, Təbrizin kimliyini qorumaq deməkdir. Doğrudur, abidə şəhərin mərkəzində yerləşdiyinə və Müsəlla ilə qonşu olduğuna görə çox gedişli-gəlişli bir məkanda yerləşir və belə yerlərdə parkingə ehtiyac var. Lakin heç bir halda Ərk Qalası kimi bir tarixi abidəyə ziyan vurmaq olmaz. Üstəlik, Təbriz şəhəri İslam Ölkələrinin 2018-ci ildə turizm paytaxtı kimi seçilib. Ona görə də, məsullar Təbrizin tarixi abidələrinə daha çox həssas olmalı və onları qorumalıdırlar”- deyə o vurğulayıb.
Qeyd edək ki, tarixi Ərk Qalası Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə hicri-qəməri təqvimi ilə 716-724-cü (miladi 1338-1345-ci) illərdə tikilib. Qacarlar dövrünə qədər Ərk qalası dövlət qəsri kimi istifadə edilib, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olub. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumundan ağır xəsarət alıb.