
ABŞ Maliyyə Nazirliyi bəzi şirkətləri və şəxsləri “qara siyahı”ya salıb.
APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, həmin şirkətlər və şəxslərin İrana neft ixracına qarşı tətbiq edilmiş sanksiyaları pozduqları bildirilir. Xəbərdə deyilir ki, bəzi şirkətlər, maliyyə və biznes qurumları, məsələn, İran Milli Neft Şirkəti (NİOC) bu ölkənin neft ixracını artırmaq istəyir.
ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qeydiyyatdan keçmiş, ABŞ tərəfindən əvvəllər sanksiyaya məruz qalmış və nəzarət altında olan “Sima General Trading” şirkətinin rəhbəri, iş adamı Seyid Məhəmməd Nasir Səidini, İran Milli Neft Şirkətinin rəsmilərini, xüsusilə Böyük Britaniya və İsveçrədəki təmsilçilərini də öz “qara siyahısı”na salıb.
Bundan əlavə, siyahıda həmçinin İranın Neft İxrac edən Ölkələr Təşkilatındakı (OPEC) nümayəndəsi və ölkə neftinin satışından məsul olan beynəlxalq neft şirkətinin sabiq direktoru Məhəmmədəli Xətibinin və İran neftinin Londonda Avropa Birliyi ölkələrinə satılması ilə məşğul olan İran Milli Neft Şirkətinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rza Parsayinin də adı var.
Eyni zamanda ABŞ Maliyyə Nazirliyi İran Milli Neft Şirkətinin Londondakı şöbəsinin müdirləri Seyid Mohəddət və Məhəmməd Zirkiçiyanın, həmçinin bu qurum tərəfindən İsveçdə yaradılmış və sanksiya tətbiq olunmuş “Saral Service Management” şirkətinin maliyyə müdiri Məhəmməd Moininin də adını “qara siyahı”ya salıb.
Bundan başqa, BƏƏ-də qeydiyyatdan keçmiş və nəzarət altında olan “K.A.S.B. İnternational”, “Petroroyal F.Z.A”, “A.A. Energy F.Z.S.U.” şirkətləri də sanksiyaları pozmaqda İran dövlət neft şirkətlərinə yardım göstərdiklərinə görə “qara siyahı”da yer alıblar.
Xəbərdə həmçinin qeyd olunur ki, 2013-cü ilin martında ABŞ tərəfindən sanksiyalara məruz qalmış şirkətlər embarqonu pozmaq üçün yunan iş adamı Dmitris Kambislə əməkdaşlıq ediblər: “Nəticədə yunan iş adamı İranın neftinin satılması məqsədilə daşınması üçün maliyyə yardımı göstərib. Yəni İran Milli Gəmiçilik Şirkəti adından bu ölkənin neftini daşımaqla beynəlxalq ictimaiyyəti aldadıb. Nəticədə İran 200 milyon dollar dəyərindəki nefti gizlətməklə sanksiyaları pozmağa çalışıb. Artıq ABŞ İran Milli Gəmiçilik Şirkətinə sanksiya tətbiq edib”.