"Yaxın Şərqdə baş verənlərə münasibət bildirmək hər kəsin hüquqi çərçivəsindədir. Lakin belə şərhləri, təhlilləri qeyd edərkən dövlət adamları diqqət etməlidir”.
Bunu "Sherg.az”a Şimali İraq Kürdüstan Muxtariyyətində müstəqilliklə bağlı referenduma, İraqda kürd separatizminə dəstək verən Laçın rayonu İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyev haqqında danışarkən millət vəkili Zahid Oruc deyib.
O bildirib ki, məmurun təmsil etdiyi vəzifənin bu işlərlə bağlı səlahiyyət verib-vermədiyini göz altına almadan danışması yersiz və təhlükəlidir:
"Söhbət Yaxın Şərqin xəritəsinin dəyişdirilməsindən, etnik-milli əsasda dövlət qurulmasından gedirsə, daha diqqətli olmaq vacibdir. Bəlli formada Azərbaycanda daxili separatizmi hər zaman alovlandırmaq istəyən qüvvələr olub. Bunu müstəqilliyimizin ilk illərində yaşamışıq. Talış və ləzgilərin dövləti olmalıdır ideyası ilə Azərbaycanın dövləti mərkəzi hakimiyyəti zəiflədərək ölkənin içərisində erməni təcavüzkarlığına əlavə qüvvələri qoşmaq və Azərbaycanın varlığını sarsıtmaq xətti yürüdülürdü.
Həmin illərdə dediyimiz etnik xalqlar və kürdlər Azərbaycan dövlətinin yanında oldular. Kimsə Kürdüstan dövlətinin meydana çıxmasını alqışla qarşılayır və bayrağını başı üzərinə qaldırırsa, bəzi məqamlara diqqət etməlidir. Mütləq bu məsələ ətrafında həmin şəxsin təmsil olunduğu icra orqanını, bütöv bölgəni və hansısa etnik qüvvələri ictimai həyatdan, proseslərdən qoparıb, yad hadisələrin içərisinə yönəldənlər tapılacaq”.
Söhbətin yalnız Kürdüstan adlı dövləti meydana çıxarmaqdan getmədiyini xatırladan deputat PKK kimi böyük terror təşkilatının uzun illər o bölgədə həyata keçirdiyi amansız terror savaşlarını qeyd edib:
"Bu, ilk növbədə Azərbaycanın strateji müttəfiqlik və qardaşlıq münasibətində olduğu Türkiyəyə qarşı yönəlməkdədir. Bu gün biz Amerika qitəsində kürdlərin hansısa səhra şəraitində, heç kimə mane olmadan, dövlətin bütövlüyünü sarsıtmadan dövlət qurması məsələsindən danışmırıq. Biz o regiondan bəhs edirik ki, İraqın tamamilə məhv edilməsi, yerində yaranması istənilən dövlətlər mütləq regionda böyük müharibələrə yol açacaqlar.
Sən Azərbaycan üzərindən vəzifə tutan şəxs kimi buna münasibət bildirirsənsə, fərqində olmalısan ki, bu, azadlıq şəraitinin sənə verdiyi hüquq deyil. Sənin məsuliyyətin də var. Vəzifəndən get, rahatlıqla danış, istəyirsən get hansısa müharibələrə qoşul, döyüş. Təəssüf ki, ölkənin içərisindən Qarabağı cənnət saymadan Suriyaya, Hələbə, Kərkükə və s. nöqtələrə gedib, vuruşanlar var. Sən də onlara qoşul. Bu qədər sadədir.
Hesab edirəm, Fizuli Tanirverdiyev nə kürdlərin, nə də bütövlükdə icra orqanlarının adından danışa bilər. Media da belə məsələdə həssas olmalıdır. Çünki bunu dərhal bütöv icra hakimiyyətinin xəyanəti kimi qələmə verəndə nəzərə almalıdırlar ki, dövlət strukturları orada təmsil olunan şəxslərin hər bir hərəkətini izləmir. Həmin şəxslərə xüsusi yasaqlarla qadağalar qoyula bilməz. Adam xəstəxana şəraitindən danışır və öz mövqeyini belə ifadə edir. Yəqin ki, ona məsuliyyətini mütləq xatırladacaqlar”.
Qeyd edək ki, Fizuli Tanirverdiyev özünün feysbuk səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb.
Sonradan ünvanına səsləndirilən tənqidlərə cavab verən F.Tanirverdiyev "Azərbaycanda söz azadlığıdır, hərə ağzına gələni danışır. Mən də olanı danışmışam. Mənim dediklərim separatçılıq deyil, söz azadlığıdır” –deyə bildirib.