
Əsət Ərbil: "İran parlamentinin davranışı siyasi təzyiqdir"
Son vaxtlar İranın müxtəlif çevrələrində dahi Azərbaycan şairi Nizami Gəncəvinin fars şairi olmasına dair mənasız iddialar səslənməkdədir. Özü də onlar iddialarını Nizaminin farsca yazıb-yaratması ilə əsaslandırırlar. Ən acınacaqlısı isə budur ki, İran son vaxtlar hətta parlament və hökumət səviyyəsində Nizamini özününküləşdirməyə səy göstərir. Millət vəkilləri, Xarici İşlər Nazirliyi, hökumətin digər yüksək rütbəli simaları tərəfindən bu dahi şairin fars kökənli olduğu bildirilir.
Ona görə də tariximiz bir olduğu kimi, ədəbiyyatımızın da vəhdət təşkil etdiyi İraq yazıçılarına müraciət etdik. Türkmən Yazarlar və Ədəbiyyatçılar Birliyinin sədri Əsəd Ərbillə söhbətdə Nizaminin hansı xalqa mənsub olduğunu öyrənməyə çalışdıq.
- Nizami Gəncəvi İraq türkmənləri tərəfindən türk və ya Azərbaycan şairi olaraq qəbul edilir. Amma onun bütövlükdə İraqda bəziləri kürd, bəziləri isə fars şairi olduğunu deyir. Bunun da yeganə səbəbi İraqda türklərə o qədər də böyük sevgi olmamasından irəli gəlir. Onu da deyim ki, Nizami Gəncəvini İraqda ancaq ziyalılar və ədəbiyyatçılar, yəni onun əsərlərini oxuyanlar tanıyırlar.
- Əsərdən söz düşmüşkən, Nizaminin hansı qəzəllərini bilirsiniz?
- Mən onun bir çox əsərlərini oxumuşam, amma ərəb dilində olan variantlarını. Çünki Krallıq dönəmindən Səddam Hüseyn devrildiyi zamanadək İraqda türkcə əsərlər yasaqlandığından, tapmaq mümkün deyildi. Hətta belə kitablar tapılsaydı da, kimin əlində görsəydilər, onu yəqin ki, edam edərdilər. Biz gizli evlərdə, məscidlərin damlarında tədbirlər keçirərək gənclərimizə türkcəni öyrətdik. Elə Nizami Gəncəvi irsinə sevgimizi də belə ağır şərtlər altında gənclərimizlə paylaşdıq. Yeri gəlmişkən, Nizaminin bir misrası var ki, onu çox sevirəm və yeri gələndə hər dəfə işlədirəm:
Niyə boyun əyirsən hər qəzaya?
Niyə dözürsən hər cəfaya?
Dağ kimi dayan, arxan olsun qaya, daş,
Kobud olsalar, ürəkli ol, əymə baş…
- Nizami Gəncəvinin bir şair kimi İraq xalqı, xüsusilə də siz türkmənlər üçün bağlılığı olubmu, əsərlərində ölkənizə aid fikirlərə rast gəldinizmi?
- Əlbəttə var, özü də çox. Bircə onu deyə bilərəm ki, bizim şairlər sultanımız olan Füzuli Leyli və Məcnun əsərini türkcə yazarkən Nizaminin farsca yazdığı eyniadlı əsərdən bəhrələnmişdi. İndi çoxları sual verir ki, Nizami azərbaycanlı olduğu halda niyə farsca yazıb-yaradıb? Bunun səbəbi çoxdur. Ən başlıca səbəb budur ki, Nizaminin yaşadığı dövrdə fars dili şeir-qəzəl dili sayılırdı. Kim ki, əsərini farsca deyil, öz dilində yazsaydı, ona şair deməzdilər. Bu mənada Nizami və digər şairlər də öz yaradıcılığını məhz fars dilində inkişaf etdirməyə məcbur idilər. Başqa bir qrup insanlar isə Nizaminin farsca yazmasına İslam dininin, xüsusilə də şiə məzhəbinin güclü təsir göstərdiyinə inanırlar.
- Bu gün İran tərəfi israrla iddia edir ki, Nizami Gəncəvi fars şairidir. Bununla bağlı nələr deyərdiniz? Bir şair olaraq sizcə Nizami hansı xalqa mənsubdur? Ümumiyyətlə, İraqda bu müstəvidə nələr düşünürlər?
- İranın bu iddialarını normal qarşılamaq lazımdır. Hər bir xalq istəyir ki, Nizami kimi ədəbiyyat nəhəngi onun şairi olsun. Mən yenə deyirəm, Pəhləvilər Azərbaycanı şimala və cənuba böldülər, ondan əvvəl isə türkcəni yasaqladılar və hər bir azərini farsca danışmağa məcbur etdilər. İstəsələr də, istəməsələr də bunlar tarixdir. Mən baş vermiş bir hadisəni sizə xatırladım: Bir dəfə İraqın Duhok vilayətində təşkil olunan kürd ədəbi seminarında iştirak edirdim. Orada söz alan Kərim Rojbayani adlı biri dedi ki, Gəncəvi kürddür və buna görə də kürdlər onunla fəxr edirlər. Mən dözməyib onun sözünü kəsdim, bildirdim ki, Nizami Gəncəvi Azərbaycan şairidir, milliyyəti də türkdür və türk milləti onunla qürur duyur. Bu vaxt həmin adam tez sözünü dəyişərək bizdən üzr istədi və dedi ki, məsələni qarışdırıb, əslində Nizaminin anası kürddür. Görürsünüzmü, farslar və kürdlər bu şəxsiyyətin onların irsinə aid olduğunu necə iddia edirlər. Hansı ki, Nizami türk oğlu türkdür və buna kimsənin şübhəsi ola bilməz. Nizami öz əsərlərində də hər zaman türkçülüyü vəsf edib, inanmayanlar oxuya bilərlər…
- Bayaq sizin də vurğuladığınız kimi, dövründə farsca ədəbi dil sayıldığı üçün Nizami də əsərlərini bu dildə yazıb. Bəyə başqa dildə yazmaq insanın milliyyətini dəyişirmi? Ümumiyyətlə, başqa dildə yazıb, yaratmış şair və yazarlar azdırmı dünyada?..
- Kiminsə başqa dildə yazıb, yaratmasının onun milliyyətinə qətiyyən dəxli yoxdur. Əgər Nizami fars köklü olsaydı, on minlərlə şeir yazaraq özünün fars olduğunu dünyaya çatdırardı. Dünyada nə çoxdur Nizami kimi yazan yazıçı və şairlər. Məsələn, Abdulvəhap Bəyatı milliyyətcə türkmən olsa da, hər yerdə ərəb şairi və yazarı olaraq göstərilir. Türkiyədə Yaşar Kamal kürddür, amma hamı onu türk yazıçısı kimi tanıyır. Hətta Yaşar Kamalın Nobel mükafatına namizədliyi irəli sürüləndə də onu adı türk yazıçı kimi sənədləşdirilmişdi. Buna çox misal göstərmək olar. İnsan nə qədər məşhur olsa da, öz milliyyətini dana bilməz.
- Bu günlərdə bir xəbər duydum ki, İran parlamenti Nizami Gəncəvi ilə bağlı bir konfrans keçirmək və onun fars şairi olduğunu isbatlamağa dair qərar verib. Yəni dövlət səviyyəsində Nizamini farslaşdırmaq istəyirlər. Bu halda beynəlxalq səviyyədə nələr etməyimiz lazımdır?
- Dövlət nə edir-etsin, Nizami rəsmən Azərbaycan şairidir. Məncə İran parlamentinin davranışı siyasi təzyiqdir və son iki ildir İran hökuməti Azərbaycana qarşı bu cür mövqe sərgiləyir. Amma heç vaxt istədikləri nəticəni görə bilməyəcəklər. Hər şeydən əvvəl Azərbaycan Yazıçılar Birliyinin üzərinə bu məsələdə çox böyük məsuliyyət düşür. Yazıçılar Birliyi, məsələn, "Nizami Gəncəvi ürəyimizdə" adlı beynəlxalq konfrans təşkil etməli və ora dünyada tanınan, ədəbiyyatda öz sözünü demiş və fikirləri qəbul olunan on yazar və şairi dəvət etməlidir. Onlar Nizaminin kim olduğunu orada sübut etməli və onun türkcə şeirlərini də oxumalıdırlar. Sonra isə tədbirdə olan çıxışlar və səsləndirilən şeirlər kitab şəklində çap olunmalı və dünyanın hər yerinə yayılmalıdır. O cümlədən, iranlılar da bu kitabları oxusunlar və Nizaminin kimə məxsus olduğunu görsünlər. Onda bütün dünya biləcək ki, Nizami Gəncəvi haralıdır…
- Son olaraq soruşmaq istərdim: şəxsən siz, eləcə də digər türkmən ədiblərimiz Azərbaycan tarixi dəyərlərinə olan bu cür hücumların qarşısını almaq üçün hansı köməyi göstərə bilərsiniz və ümumiyyətlə, bunu etməyə hazırsınızmı?
- Bilsəm ki, indicə təklif etdiyim xüsusda bir konfrans keçirəcəksiniz, şəxsən mən indidən hazırlığa başlayaram. Konfransda İraq türkməni olaraq əlimdən gələni edərəm ki, Azərbaycanın haqqını qoruyum. Atatürkün bir sözü var: "Nə mutlu türküm deyənə".