İranda 126 min nəfər QİÇS daşıyıcısına çevrilə bilər

İranda QİÇS xəstəliyinə yoluxmuş ölkə vətəndaşlarının son statistikası açıqlanıb.

 İran Səhiyyə, Dərman və Tibbi Təhsil Nazirliyinin QİÇS-lə Mübarizə İdarəsinin rəhbəri Abbas Sədaqət bildirib ki, ölkədə 26 min nəfər bu virusa yoluxmuş xəstə kimi qeydiyyatdadır: “Ancaq riyazi hesablamalara əsasən, İranda 70-80 min nəfərin QİÇS xəstəliyinə yoluxduğu təxmin edilir. Çünki ölkədə 50-55 min vətəndaş bu virusun daşıyıcısı olmalarından məlumatsızdır”. Onun sözlərinə görə, gənclər arasında QİÇS xəstəliyinə yoluxanların sayı 46,5%-ə çatıb.

 Qeyd edək ki, İranda QİÇS xəstələrinin sayı ilə bağlı məlumatlar hər üç aydan bir açıqlanır. Bu ilin may-iyun (ordibehişt) ayında açıqlanmış statistikada ölkədə bu virusa yoluxanların 89,8%-ni kişilər təşkil etdiyi, onların da 46,1%-nin (24 735 nəfər) 25-34 yaşlarında olduğu bildirilib. Yoluxmanın səbəbləri kimi isə narkomanlar arasında venadaxili inyeksiya avadanlıqlarından birgə istifadə, cinsi əlaqə, qan köçürülməsi, anadan uşağa ötürülməsi və s. göstərilir.

 Hazırda İranda narkomanlar arasında venadaxili inyeksiya avadanlıqlarından birgə istifadədən QİÇS-ə yoluxma halları azalsa da, cinsi əlaqədən yoluxma və anadan uşağa ötürülməsi halları artıb. Belə ki, cinsi əlaqə yolu ilə bu virusa yoluxanların sayı 12%-dən 33,6%-dək artıb və bu yolla virusa yoluxanların yaş həddi də 11-13 yaşına düşüb. İran Səhiyyə, Dərman və Tibbi Təhsil Nazirliyi ölkədə 5 il ərzində QİÇS-lə mübarizə sahəsində lazımi tədbirlər görülməyəcəyi təqdirdə virus dalğasının təhlükəli həddə çatacağı və 126 min insanın bu xəstəliyə yoluxacağını proqnozlaşdırırlar.

Ümumiyyətlə, İranda QİÇS xəstələrinin faktiki sayı ilə bağlı müxtəlif statistik məlumatlar var. İran Səhiyyə, Dərman və Tibbi Təhsil Nazirliyi ölkədə narkomanlar arasında venadaxili inyeksiya avadanlıqlarından birgə istifadədən QİÇS-ə yoluxma halları azaldığını açıqlasa da, ancaq şişə və digər kimyəvi narkotik maddələrin virusun yayılmasında təhlükəli rol oynadığını bildirib.

əsas linklər