“21 Azər Hərəkatı"nın 74-cü ildönümüdür

Bu gün Güney Azərbaycanın ictimai-siyasi həyatının tarixində böyük rol oynayan “21 Azər Hərəkatı”nın 74-cü ildönümüdür.

 

1945-ci il dekabrın 12-də (1324-cü il azərin 21-də) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan Milli Hökuməti qurulub. Bu tarixi gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb.

 

Ötən illərdə olduğu kimi, bir neçə gündür sosial şəbəkələrdə Milli Hökumətin quruluşu, süqutu, onun Azərbaycan türk millətinin şüurunda yaratdığı müstəqillik ideyaları və s. kimi mövzular müzakirə edilir. “21 Azər Hərəkatı”nın ildönümü ərəfəsində hər il Güney Azərbaycanda, həmçinin xaric ölkələrdə yaşayan mühacir azərbaycan türkləri tərəfindən müxtəlif tədbirlər həyata keçirilir, Güney şəhərlərində çox sayda CD və bildirilər yayılır. İran rejimi isə planlaşdırılan tədbirlər baş tutmasın deyə müxtəlif bəhanələrlə Milli Hərəkat fəallarını təqib və təzyiqlərə məruz qoyur.

  

Azərbaycan Milli Mökumətinin qurulması İranın müxtəlif bölgələrində azadlıq hərəkatlərinin yaranmasına səbəb oldu. Azadlıq cərəyanlarından vahiməyə düşən İranın mərkəzi hökuməti neft və digər milli sərvətləri dünyanın güclü ölkələrinə bağışlayaraq onlardan Azərbaycan başda olmaqla bütün azadlıq cərəyanlarını məğlub etmək üçün yardım istədi. Təəssüflər olsun ki, Pəhləvi rejiminin bu siyasəti nəticə verdi, və rejimin ordusu Azərbaycana hücum çəkərək milli hökuməti bir il sonra süquta uğratdı. Mərkəzi hökumətin ordusu Azərbaycanı yenidən işğal etdikdən sonra Azərbaycanda çox sayda hərbçi, dinc sakin, alim, sənətkar və siyasətçi acımazcasına qətliam edildi. Müxtəlif mənbələrdə Pəhləvi ordusu tərəfindən 25 mindən çox azərbaycanlının faciəli şəkildə öldürüldüyü qeyd olunur.

 

S.C.Pişəvəri 1947-ci ildə Şimali Azərbaycanda müəmmalı avtomobil qəzasında həlak olub. O Azadlıq Hərəkatının ən önəmli şəxslərindən biri olub. Onun və silahdaşlarının yaratdığı hökumətin adı Azərbaycan Milli Hökuməti idi və bu, Azərbaycan tarixinə, milli oyanışa əvəzolunmaz töhfələr verib.

 

Azərbaycan Milli Höküməti xalqın dəstəyi ilə bir sıra mühüm işləri həyata keçirib. Qadınlara səsvermə hüququnun verilməsi, Təbriz Dövlət Universiteti və Azərbaycan türkcəsində çoxlu sayda orta məktəblərin açılması, milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi çoxlu işlər görüb.

Bundan əlavə, Milli Hökumət aşağıdakı işləri də həyata keçirib.

– Azərbaycan Milli Höküməti torpaq islahatını həyata keçirdi;

– Hökümət iri bankları milliləşdirdi;

– Dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunlar qəbul olundu;

– Şəhərlərlə yanaşı, kəndlərdə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikaları yaradıldı

– Əsas malların qiymətlərinə ciddi şəkildə nəzarət edilirdi. Ərzaq məhsullarının gizlədilməsinə görə ağır cəza verilirdi;

– Sosial proqramın həyata keçirilməsinə başlanıldı, işsizlər işlə təmin olundu;

– Güney Azərbaycan Milli Ordusu yaradıldı və s.

 

Nəhayət ki, sosial-iqtisadi islahatların sürətli bir şəkildə həyata keçirildiyi bir dövrdə, Milli Hökümət bir sıra xarici amillərlə yanaşı Tehran rejiminin qanlı müdaxiləsi və qətliamlar törətməsi nəticəsində 1946-cı il dekabrın 12-də (1325-ci il azər 21-də) süquta uğrayıb. Lakin Azərbaycan xalqı bütün fürsətlərdən istifadə edərək qurtuluş yolundakı milli mübarizəsini davam etdirməkdədir.

 

əsas linklər

     

 

 

 

Döviz Kuru