

Cavid Vəliyev: "Ermənilər Türkiyə tərəfindən atılan hər müsbət addımı güzəşt olaraq qəbul edirlər və cəsarətlənərək mövqelərini daha da gücləndirməyə çalışırlar"
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Türkiyə məsələlər üzrə aparıcı baş elmi işçisi, politoloq Cavid Vəliyevin müsahibəsi:
- Cavid bəy, Diyarbakirin Sur bələdiyyəsi tərəfindən ermənilərlə bağlı qərarlar qəbul edilir. Sizcə, bu proses nəyə işarədir?
- 2015 yaxınlaşdıqca ermənilər 1915-ci il hadisələrinin soyqırım olaraq tanınması üçün, sadəcə, beynəlxalq aləmdə fəaliyyətlərini artırmırlar. Onlar üçün əsas hədəf Türkiyənin özünün bu hadisələri soyqırım olaraq tanımağıdır. Erməni diasporu və Ermənistan dövləti nümayəndələri dəfələrlə ifadə ediblər ki, bizim üçün əsas olan Türkiyə dövlətinin bu hadisələri soyqırım olaraq tanımağıdır.
Bunun üçün də ermənilər Türkiyə daxilində lobbi fəaliyyətlərini artırırlar. Məsələn, 4 sentyabr 2013-cü ildə Ermənistan türkiyəli ədəbiyyatçı Yaşar Kamala Krikor Nareqatsi nişanı verdilər. Türkiyə daxilində keçmişdə dövlət ilə problemi olan qruplar da "Türkiyənin keçmişi ilə üzləşməsi" adı altında ermənilərin tezislərinə dəstək verirlər. Həm ermənilər, həm də bu qruplar bu mənada türk dövlətinə qarşı ittifaq halında hərəkət edirlər.
Onlar bu addımların mərkəzi hakimiyyəti zəiflədəcəyini və öz mövqeylərini möhkəmləndirəcəyini düşünürlər. Diyarbakır Sur Bələdiyyəsinin bu addımı Qrant Dinkin öldürülməsi hadisəsini öz məqsədləri üçün istifadə etmələri, "ermənilərdən üzr istəyirik" kampaniyası, Ermənistanın Türkiyədəki lobbi fəaliyyətləri bu prosesin davamıdır.
- Sur bələdiyyəsinin qərarları digər bələdiyyələr üçün də presedent ola bilərmi?
- Bu təsir yalnız PKK ilə yaxınlığı ilə bilinən Barış və Demokratiya Partiyasının rəhbərliyində olan bələdiyyələrdə ola bilər. Digər bələdiyyələrdə bunun olma ehtimalı olduqca azdır. Çünki digər bələdiyyələr AK Parti, Cümhuriyət Xalq Partiyası və Millətçi Hərəkat Partiyasındadır. Bu partiyalar 1915-ci il hadisələri məsələsində BDP-dən fərqli düşünürlər. Ümumiyyətlə, erməni məsələsində ən qəti mövqe mərkəzi və şərqi Anadoluda yaşayan insanlar arasındadır. Çünkü 20-ci əsrin əvvəllərində erməni hücumlarına ən çox burada yaşayan insanların dədə-babaları məruz qalıb. İkinci olaraq Ermənistanın torpaq iddiası Türkiyənin şərq vilayətlərinə qarşıdır.
- Bu addım Türkiyə dövləti üçün problemlər yaradacaqmı?
-Türkiyədə hər hansı bir bələdiyyənin bu qərarı Türkiyənin beynəlxalq aləmdəki təbliğatına zərər verir və ermənilərin mövqeyini gücləndirir. Erməni diasporu və Ermənistan Sur Bələdiyyəsinin bu qərarını təbliğat məqsədləri üçün bir nümunə olaraq istifadə edirlər. Düzdür, Türkiyədə bu qərarı beynəlxalq aləmdə Türkiyənin demokratiklik və tolerantlıq imicini gücləndirəcəyini düşünənlər də var. Lakin 2009-cu ildə imzalanan protokollardan sonrakı proses və Ağdamar Kilsəsinin açılması göstərdi ki, ermənilər Türkiyə tərəfindən atılan hər müsbət addımı güzəşt olaraq qəbul edirlər və cəsarətlənərək mövqelərini daha da gücləndirməyə çalışırlar. Bu mənada, Türkiyənin erməni məsələsində Azərbaycanın mövqeyini nümunə almağı nəticələr üçün daha faydalı ola bilər.