
Yeni tədris ilinə Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli məktəblər üçün ayrılmış 18 adda 28015 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi 25 sentyabr tarixədək ünvanına çatdırılacaq.
Təhsil Nazirliyindən verilən xəbərə görə, Dağıstandan və digər ölkələrdə fəaliyyət göstərən “Bazar günü” məktəblərindən dərsliklərlə bağlı sifariş olmayıb və sifariş olduğu təqdirdə dərsliklərlə təmin ediləcək.
Təhsil Nazirliyindən verilən məlumatda həmçinin bildirilib ki, yeni tədris ilinə 139 adda dərslik və müəllim üçün metodik vəsaitin nəşri və çapı planlaşdırılıb və bu istiqamətdə iş aparılıb. Nəzərdə tutulan işlər uğurla başa çatdırılıb.
Respublikanın məktəbləri bu dərslik və müəllim üçün metodik vəsaitlərdən istifadə edəcəklər. VI sinif dərslikləri ilk dəfə kurikulum əsasında hazırlanıb. II, IV, VIII, IX və X sinif dərslikləri isə redaktə və korrektə olunaraq yenidən nəşr olunub.