"Təxribatlara qarşı birlikdə mübarizə aparmalıyıq”

Asəf Orucoğlu: “Biz savaşı sevməliyik ki, digər sevgilər uğrunda vuruşa, öldürə və ölə bilək”

Yazar-publisist Asəf Orucoğlunun müsahibəsi:

- Asəf bəy, bu gün təbliğatımızı hansı formada qurmalıyıq ki, haqq səsimiz daha güclü eşidilsin?

- Çağdaş dövrdə hər hansı bir işin uğurla sonuclanmasının 75%-i düzgün təbliğatdan asılıdır. Təbliğat da davamlı olmalıdır. Elə iş ola bilər ki, onillərin təbliğatından sonra bəhrə verər. Bu gün yurdumuz savaşdadır. Dünya güclərinin bəzən açıq, bəzən isə gizli dəstəyi ilə Qərbi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan Azərbaycana qarşı təcavüzkar müharibəyə başladı. Azərbaycan bu savaşda tək qaldı. 20% torpağımızı işğal edib verdilər “hay”ların tapdağına.

Qərbi Azərbaycan və Dağlıq Qarabağ da daxil olmaqla işğal olunmuş torpaqlarımızda bir nəfər də olsun Azərbaycan türkü qalmadı. Döyüşlərin qızğın dövründə də savaş hər evdə hiss olunmadı, bu gün də hər ev, hər ocaq torpaq itkisinin yanğısını yaşamır. Bu, bütün savaşlarda bütün ulusların üzləşdiyi haldır. Mən bu məsələni niyə qabardıram. Çünki təbliğatımıza təsir edən birinci amil budur. Yəni yurdsevər pul gözünü örtmüş birinin eyş-işrətini görüb ruhdan düşür.

Unutmaq olmaz ki, savaşda düşmənləri orduların sayı ilə, döyüş texnikasının gücü ilə deyil, döyüşkənlik ruhunun gücü ilə basırlar. Atəşkəs elan olunsa da, savaş hələ bitməyib. Buna görə də yurd sevgisini sinəsinə damğa edən vətəndaş eyş-işrət içində ömür çürüdənin əməlinə görə ruhdan düşməməlidir. Yurdsevərlər bilməlidirlər ki, belələrinə heç vətənin ehtiyacı yoxdur. Siz elə bir ad göstərə bilərsinizmi ki, eyş-işrət içində ömür sürməklə tarix yazsın. Tarix yazmaq istəyən buna fikir verməməlidir. Mən inanıram ki, tarixi yurdsevərlər yazacaq.

İkincisi, təbliğatın ən yüksək forması yüksək təhsildir. Yəni hər bir yurdsevərin qarşısında duran ilk məqsəd oxumaq, bilim sahələrinə yiyələnmək, xarici dil öyrənmək olmalıdır. Yüksək təhsil almış və xarici ölkələrdə yaşayan soydaşlarımız siyasət, jurnalistika, universitetlər, elmi institutlar, iqtisadiyyat və digər sahələri “işğal” etməlidirlər. Ulusal kimliklərini unutmamaq şərti ilə yaşadıqları toplumun bir parçasına çevrilməlidirlər. Yüksək təhsilləri, davranışları ilə örnək olmalıdırlar. Düşmənlərimizin haqqımızda yaratdıqları stereotipi darmadağın etməlidilər. Onların hər biri işlədiyi sahədə bir neçə nəfəri Azərbaycansevər etsə, böyük bir lobbi yaranar.

Üçüncüsü, tarix yazmaq istəyən hər bir türk kişisindən 7 sevgi tələb olunur: 1) Yurd sevgisi; 2) Dil sevgisi; 3) Ulus sevgisi; 4) El (dövlət) və Bayraq sevgisi; 5) Onur sevgisi; 6) Soy (ata-ana) sevgisi; 7) SAVAŞ SEVGİSİ. Biz bu sevgiləri təbliğ etməliyik. Biz savaşı sevməliyik ki, digər sevgilər uğrunda vuruşa, öldürə və ölə bilək. Yetişən nəsil bu ruhda tərbiyə almalıdır. Dördüncüsü, ən əsası isə siyasi, dini, mənəvi və s. baxışlardan asılı olmayaraq hər bir yurdsevər Azərbaycançılıq ideologiyası ətrafında birləşməlidir. Azərbaycançılıq ideologiyasının özülü isə qudsal bayrağımızda əks olunub - TÜRKLƏŞMƏK, ÇAĞDAŞLAŞMAQ, İSLAMLAŞMAQ. Bu üç ideoloji özül üzərində AZƏRBAYCANÇILIQ fəlsəfəsi yaradılmalı və həm orta, həm də ali məktəblərdə proqrama salınmalıdır.

İdeoloji məkanı boş qoymaq olmaz. Mən demirəm ideologiya heç yoxdur. Azərbaycançılıq ideologiyası var. Amma yetərli səviyyədə deyil. Bu gün Azərbaycan üçün ən təhlükəli olanı kosmopolitizm və fanatizm səviyyəsində parçalanmış İslamdır. Biz yetişən gəncliyi bunun hər ikisindən qorumalıyıq. Hər iki təhlükə Azərbaycana xaricdən ixrac olunur. Bu gün kosmopolitizmin də, çeşidli dini təriqətlərin də işi ancaq ulusal kimliyimizi unutdurmağa yönəlib. Bu sahədə həm İslami, həm də digər dini təriqətlər səylə çalışırlar. Biz Azərbaycan türklərinin dini İslamdır. Amma din sahəsində nə baş verir? İslamı şiəsi bir cür, sünnüsü başqa cür, vəhhabisi tamam fərqli, nurçusu onlardan da betər qavrayır. Digər dini təriqətlər də var. Hər bir təriqət də digərini düşmən görür.

Əgər fikir vermisinizsə, bu təriqətlərə fanatik cəhətdən bağlı olanlar ulusal kimliyini, yurd sevgisini unudur. Buna misal olaraq iki il öncə Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun dediyi bir fikri xatırlatmaq istəyirəm: “Mənim bayrağım üstündə “La iləhə illəllah” yazılmış qara rəngli bayraqdır. Azərbaycan dövlətini sevmirəm, bayrağını və qanunlarını qəbul eləmirəm”. Bunun qarşısı alınmalıdır. Dinimizdən ulusumuza və dövlətimizə qarşı istifadə edilməsinə yol verməməliyik. Hər hansı məsələdə bir-birinə müxalif olmaq olar, Azərbaycan adı gələndə müxalif fikirlər bir fikirdə cəmlənməlidir.

Bu gün Azərbaycanın dünyaya ağalıq etmək istəyən güclərə boyun əyməməsi, öz maraqlarını müdafiə etməsi, işğal altında olan torpaqlarını qaytarmaq əzmi, özgür siyasət yürütməsi ölkəmizə qarşı müxtəlif təxribat və təzyiqlərə nədən olub. Mən demirəm ölkəmizdə hər şey ideal vəziyyətdədir. Düzəldiləsi çox məsələ var. Amma bu təxribatlara qarşı birlikdə mübarizə aparmalıyıq. Çünki bu təxribat və təzyiqlər konkret bir şəxsə və ya hökumətə yönəlməyib. Bu təxribat və təzyiqlər dövlətimizə - Azərbaycanımıza qarşı yönəlib. Bu gün toplumda az-çox nüfuzu olan hər bir kəs bu təxribat və təzyiqlərə qarşı öz sözünü deməlidir.

- Sizcə, tarixdən nəticə çıxara bilmişikmi?

- Yaşadığı tarixdən nəticə çıxarmayan ulus ya köləliyə, ya da ölümə məhkumdur. Bizim şərəfli səhifələrlə bol olan tariximiz var. Eyni zamanda bizim tariximizdə “Qızılqaya xəyanəti”, Cavad xanın düşmənlə tək üz-üzə qalması, Azərbaycan Xalq Cümhuriyyətinə qarşı azərbaycanlıların xəyanəti və bu kimi digər ləkəli hadisələr də var. Yaxın tariximizdə də elə səhifələr var ki, ondan nəticə çıxarılmalıdır. Amma ulusun tarixi həm də onun üzdə olanlarının yaşadığı ömürdən formalaşır. Bu gün üzdə olan hər kəs keçmişinə gələcək nəslin gözü ilə baxmalıdır. Bu baxışın bir sonucu olmalıdır: Azərbaycan naminə geri çəkilməyi və birləşməyi bacarmaq. Bir misal çəkmək istəyirəm. Ötən ilin noyabr ayında prezident İlham Əliyevin Goranboy rayonunda Kəlbəcər qaçqınları qarşısında çıxışı oldu. Bu çıxış Azərbaycan toplumunda böyük ruh yüksəkliyinə, beynəlxalq aləmdə isə narahatçılığa nədən oldu.

Çünki çıxışında prezident ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətləri və digər dünya güclərini ultimativ şəkildə xəbərdarlıq etdi ki, Azərbaycan torpaqlarını güzəştə getmək fikrində deyil və işğalı savaş yolu ilə aradan qaldırmaq əzmindədir. Özü də bu çıxış prezidentlərin Münhen görüşü ərəfəsində olmuşdu. Dünyanın aparıcı informasiya agentlikləri, tele və radio kanalları, qəzetləri bu çıxışla bağlı silsilə veriliş və yazılar yayımladılar. Gözləmək olardı ki, hakimiyyətə münasibətindən asılı olmayaraq üzdə olan hər bir kəs prezidentin bu çıxışını müdafiə edəcək. Amma təəssüf ki, belə olmadı. Bu məsələdə susmağa üstünlük verildi. Susqunluq isə Qarabağı Azərbaycandan qoparmaq istəyənlər üçün qızıl oldu. Belə hallar gələcəkdə təkrar olunmamalıdır.

- Güney Azərbaycanda gedən milli hərəkat haqqında fikirləniz nədən ibarətdir?

- Güney Azərbaycan, indi Ermənistan adlanan Qərbi Azərbaycan, Borçalı, Dəmir Qapı hər bir azərbaycanlının ürəyində gəzdirdiyi ağrıdır. Güneydə ulusal hərəkat həmişə olub. Azərbaycanımızın canı, ruhu olan Təbriz həmişə hərəkatın başında durub. Bu gün də belədir. Əgər İrandakı rejim zindanlarla, qətllərlə Azərbaycan türkünü qorxudacağını düşünürsə, yanılır. Burada bircə təhlükədən qorunmaq lazımdır. Ulusal hərəkat xarici güclərin alətinə çevrilməməlidir. Əgər fikir versəniz, Səttarxan hərəkatı da, Xiyabani və tərəfdaşlarının qurduğu Azadistan dövləti də, Pişəvəri və tərəfdaşlarının qurduğu Azərbaycan milli hakimiyyət də xarici güclərin xəyanəti nəticəsində məğlub oldu. Ümumiyyətlə, ulusal sorunlarda ancaq və ancaq ulusa güvənmək gərəkdir. Güney Azərbaycanımızın ulusal hərəkatı tez, ya da gec öz məqsədinə çatacaq.

- Dünya tarixində çox millətlər olub ki, onlar tarixin müəyyən dövründə hansısa bir səbəbə görə parçalanıblar, sonra isə tarixi şərait yaranan kimi birləşiblər. Azərbaycan türklərinin birləşmə potensialına neçə baxırsınız?

- Dünyanın böyük uluslarının tarixi həmişə yüksəliş və enişlərlə müşahidə olunub. Bizim də tariximizdə yüksəliş dövrlərimiz çox olub. Dünyaya düzən gətirən imperiyalar qurmuşuq. Ordumuzun adını eşitcək, başqa uluslar tabeçilik kəmərini bellərinə taxıblar. Sonra önə çıxan, qorxmaz igidləri mənəmlik azarı tutub. Bu mənəmlik yaratdığımız imperiyaları içdən yeyib. Sonucda dünyanın siyasi xəritəsində parçalanmış və gücsüz xanlıqlar əmələ gəlib. Mənəmlik azarının ən son nəticəsi isə bugünkü parçalanmış Azərbaycandır.

Amma bizim parçalanmış halda yaşamımızın sonu yaxınlaşmaqdadır. Azərbaycan türkləri toparlanıb Bütöv Azərbaycanı yenidən quracaqlar. Buna hamı inanmalıdır. Bu işdə ən böyük uğur AZƏRBAYCAN QADINININ olacaq. Çünki yetişən gənc nəsli yuxarıda qeyd etdiyimiz 7 sevgi üzərində tərbiyə etmək məhz həmişə qudsal bildiyimiz, sevdiyimiz, yolunda can alıb, qan tökdüyümüz AZƏRBAYCAN QADINININ görəvidir.

Sonda Bütövləşməylə bağlı “Ulusum” adlı bir şeirim var, onu da oxucularınızla bölüşmək istərdim.

 

Hər bəlaya qismət deyib barışma,

Qismətini yarat özün, Ulusum.

Dünya başdan-başa tələ, pusudu,

Gediləsi yolun uzun, Ulusum.

 

Vətən sevgisiylə yanmayan kəslər,

Bayraq sarğısını qanmayan kəslər,

Türklüyü bir onur sanmayan kəslər

Duymaz nədir sənin sazın, Ulusum.

 

Nehrə yağ gətirməz çalxalanmasa,

Dəmir zəncir olmaz halqalanmasa,

Dəniz də durulmaz dalğalanmasa,

Durul ki, bir olsun sözün, Ulusum.

 

Türklərik, yurdumuz bu sonsuz Göylər,

Aləm şənimizə dastanlar söylər,

Dar günündə sənə can qurban eylər

Ərən oğlun, igid qızın, Ulusum.

 

Ağların gözündən yaş əskik olmaz,

Namusu tapdanar, onuru qalmaz,

Xoşbəxtlik arayar, amma heç bulmaz,

Kədərdə də gülsün üzün, Ulusum.

 

Asəfəm, şadlıqda keçsin novrağın,

Bütövləşsin parçalanmış torpağın,

Xankəndində dalğalansın bayrağın

Deyək, aydın olsun gözün, Ulusum.

əsas linklər