
Tehranda güney azərbaycanlı şairlər, ədəbiyyatçılar və ziyalıların aktiv iştirakı ilə, Azərbaycanın dünya şöhrətli böyük şair Məhəmmədhüseyn Şəhriyarın anım mərasimi keçirilib.
Anım festivalı oktyabrın 2-də (mehrin 10-da) yerli vaxtla saat 17-00-da başlayıb və saat 22:00-da başa çatıb.
Tehranın 22 saylı məntəqəsinin bələdiyyəsinə (şəhrdari) aid İmam Əli zalında (talar) keçirilən festivala ölkənin müxctəlif bölgələrindən azərbaycanlı şairlər, ədəbiyyatçılar və ziyalılar qatılıb. Festivalı ədəbiyyatçı müəllim Mehdi Nəimi aparıb və oxuduğu şeirlərlə iştirakçılar arasında xüsusi coşğu yaradıb.
Festival tanınmış azərbaycanlı milli-mədəni fəal Əkbər Azadın çıxışı ilə başlayıb. Sonra Alma Muğanlı, Atila Kişizadə, Səid Muğanlı, Əlirza Ağazadə, Şəhrək Mirza, Vəhid Nəccari və Fəranək Fərid müxtəlif şeirlər oxuyub və iştirakçılar tərəfindən alqışlanıblar.
Bundan sonra Tehran vilayətinin (ostan) Şəhriyar şəhərinin parlamentdəki türk millət vəkili Doktor Qrusi, Mühəndis Kamal Muradi və Heydər Bəyat çıxış ediblər. Çıxışçılar Ustad Şəhriyarın şeirdə olan gücündən və onun elmi-insani potensialından söz açıblar. Həmçinin çıxışçılar türk dilinin elmi əhəmiyyəti və onun dilçilik baxımından önəmindən danışıb və bu dilin tədris edilməsini vacib sayıblar.
Festivalda Odlar Dans Qrupu tərəfindən Azərbaycanın milli rəqsləri nümayiş etdirilib, “Qartal” və “Savalanda Sarı Bülbül” konsert qrupları tərəfindən isə Azərbaycanın klassik musiqisi ifa olunub.
Festival bütün iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.