Teymuraz Şaraşenidze: “Bakı-Tbilisi-Qars iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynayır”
Cənubi Qafqazın iki müstəqil respublikası - Azərbaycan və Gürcüstan tarixən bir-biriləri ilə mehriban qonşuluq münasibətlərinə malik olmuş ölkələrdir. Dövlətlərarası münasibətlərin yüksək səviyyədə olmasının səbəbkarı isə hər iki xalqdır.
Hələ yüz il öncə Üzeyir Hacıbəyli Qafqaz xalqlarının ittifaqının vacibliyini bildirərək yazırdı: “Biz hamımız Qafqaz balalarıyıq. Birimizin düşməni varsa, hamımızın düşmənidir, dəfinə hamımız çalışmalıyıq. Birimizi bir təhlükə təhdid edirsə, hamımızı təhdid edir, nicatımız ittifaqdır. Din, millət ayrılığı bizim ittifaqımıza sədd olmasın gərək!”
Lakin Ermənistan işğalçılıq siyasəti ilə bu münasibətləri pozsa da, Azərbaycan-Gürcüstan münasibətləri uğurla davam etdi. Hər iki ölkənin milli maraqları təmin olunmaqla.
Oxşar tarixi məqamlar
Azərbaycan və Gürcüstan dövlətlərinin, həmçinin hər iki xalqın taleyində XVIII əsrdən üzü bəri həddən ziyadə oxşarlıqlar tapmaq mümkündür. Hər iki xalq 1795-97-ci illərdə Qacarlar sülaləsinin başçısı Ağa Məhəmməd Şah Qacarın hərbi hücumlarına məruz qalıb. 1797-ci ildə Azərbaycanın Şuşa şəhəri və Gürcüstanın baş kəndi Tiflis şahın hücumuna məruz qalıb, hər iki şəhər yerlə-yeksan edilib. Bundan sonra Azərbaycanın və Gürcüstanın çar Rusiyası tərəfindən işğalı prosesinə start verilib. XIX əsrin əvvəllərindən ta 1917-ci ildə çar Rusiyası dağılanadək hər iki ölkə rusların əsarəti altında qalıb.
Yalnız 1917-ci il fevralında Rusiyada baş verən burjua-demokratik inqilabından sonra Azərbaycan və Gürcüstanın müstəqillk əldə etməsi üçün əlverişli şərait yaranıb. 1918-ci ilin aprelin 22-də hər iki respublikanın daxil olduğu Zaqafqaziya Demokratik Federativ Respublikası, yaxud Zaqafqaziya Seymi yaradılır. Bir aydan sonra mayın 26-da seym özünün sonuncu iclasını keçirir, Gürcüstanın seymdən çıxması ilə qurum özünün buraxıldığını elan edir. Həmin gün Gürcüstan Demokratik Respublikası, iki gün sonra mayın 28-də isə Azərbaycan Demokratik Respublikasının yaradıldığı elan edilir. Fəaliyyət göstərdiyi 2 ilə yaxın müddət ərzində də Azərbaycan və Gürcüstan respublikaları arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edib, əlaqələrdə xoşagəlməz hal qeydə alınmayıb.
Hər iki ölkənin müstəqilliyi “Antanta” dövlətlərinin Ali Şurası tərəfindən 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının gedişində de-fakto tanınıb. Sovet Rusiyası tərəfindən hər iki ölkənin işğalı da təxminən eyni vaxta təsadüf edib. Azərbaycan Demokratik Respublikası 1920-ci ilin aprelin 28-də, Gürcüstan Demokratik Respublikası isə 1921-ci ilin fevralın 16-da sovet Rusiyası tərəfindən işğal olunub. Üstəlik, hər iki ölkəni işğal edən XI ordu birləşməsi olub. Bundan sonra “qırmızı imperiya”nın tərkibində 70 illik ortaq tarix yaşanıb.
89-cu ilin aprelində Tiflisdə, 90-cı ilin yanvarında Bakıda
SSRİ-də başlanan kütləvi xalq etirazları Azərbaycan və Gürcüstan cəmiyyətlərindən də yan keçməyib. Buna öz xislətinə uyğun cavab verən Sov.İKP rəhbərliyinin əmri ilə sovet ordusu və daxili qoşun əsgərləri 1989-cu ilin aprelin 16-da dinc nümayişə qalxmış gürcülərə divan tutdu. Gürcülərin “Tbilisi hadisələri”, yaxud 9 Aprel faciəsi adlandırdıqları həmin hadisələr zamanı rəsmi məlumatlara görə, 16 nəfər hadisə yerində həlak olub, 3 nəfər xəstəxanalarda keçinib.
Ümumilikdə 251 nəfər xəstəxanalara yerləşdirilib, onlardan 183-ü əməliyyat olunub. Əfsuslar olsun ki, oxşar hadisə daha qanlı şəkildə bir neçə aydan sonra Bakıda da yaşandı. Bir il sonra hər iki respublika müstəqilliyini elan etdi. 9 aprel 1991-ci ildə Gürcüstan, oktyabrın 18-də isə Azərbaycan dövlət müstəqilliyini bəyan etdi. Daha bir il sonra - 1992-ci ildə hər iki ölkə BMT-yə tamhüquqlu üzv qəbul edildi.
Münasibətlərin müasir dövrü
Yenicə müstəqillik qazanmış Azərbaycanla Gürcüstan arasında yaranan münasibətləri iki mərhələyə bölmək olar. Birinci mərhələ 1991-ci ildən 1993-cü ilə qədər olan dövrü əhatə edir. Bu dövr hər iki ölkədə hakimiyyətlərin tez-tez dəyişməsi, qarmaqarışıqlıq, etnik münaqişələr, xaosla müşayiət olunurdu. Azərbaycanda hakimiyyətlərin dəyişməsinə və millətçi əhval-ruhiyyənin yüksələn xətlə inkişaf etməsinə baxmayaraq ölkədə yaşayan gürcü azlığa qarşı diskriminasiya baş qaldırmadı.
Prezident Zviad Qamsaxurdiya dövründə yaranan gürcü millətçiliyi isə yerli azərbaycanlılara qarşı çevrildi. Erməni və gürcü millətçiliyi regionda Azərbaycanın milli mənafeyinə təhlükə törətməyə başladı. İkinci mərhələ isə 1993-cü ildən sonrakı dövrü əhatə edir. Həmin ildə Azərbaycanda Heydər Əliyevin, Gürcüstanda isə Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda ziddiyyətlərin aradan qalxmasına kömək etdi. Xarici və daxili siyasətdə milli mənafeləri təmin edən strategiya həyata keçirildi.
Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr isə 1992-ci il noyabrın 18-də qurulub. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Hazırda Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Azər Hüseyn, Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri isə Teymuraz Şaraşenidzedir. 2010-cu ildən Gürcüstanın Batumi şəhərində Azərbaycan Baş Konsulluğu fəaliyyətə başlayıb. Azərbaycanın Batumi şəhərində baş konsulu Hüseyn Nəcəfovdur.
İki ölkə arasında parlamentlərarası əlaqələr də yüksək səviyyədədir. Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Gürcüstan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Qənirə Paşayevadır. Gürcüstan parlamentində fəaliyyət göstərən analoji işçi qrupunun rəhbəri isə Pridon Toduadır. Müqavilə hüquq bazasına gəldikdə isə deməliyik ki, indiyədək Azərbaycanla Gürcüstan arasında 104 sənəd imzalanıb.
Azərbaycan və Gürcüstan: qarşılıqlı milli maraqlar
Bəs Azərbaycanın Gürcüstanda, Gürcüstanın isə Azərbaycanda milli maraqları nədən ibarətdir? Bu suala cavab verən “Borçalı” İctimai Cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədli deyir ki, Azərbaycanın Gürcüstanda milli maraqları bu ölkənin dayanıqlı müttəfiq, strateji tərəfdaş olmasını diqtə edir. O qeyd edib ki, Cənubi Qafqazda bir vassal dövlət də yerləşir: “Bu dövlət yeri gələndə Qərb tərəfdən, yeri gələndə şimal tərəfdən təlimatlandırılaraq regionda rifahı, rahat inkişafı pozur.
Yəni, bu reallıq da var. Gürcüstan da, Azərbaycan da eyni təhdid altındadır. Gürcüstanda demokratikləşmə, gürcü xalqının iradəsini əks etdirən hakimiyyətin formalaşdırılması, onun sərhədlərinin güvənli olması, insanların rifah içində yaşaması, qonşu dövlətlərlə, konkret halda Azərbaycanla münasibətləri yüksələn xətt üzrə qurmaq Gürcüstanın milli maraqlarına daxildir”.
Z.Məmmədli deyir ki, azərbaycanlılar və gürcülər başqa inanc sahibləri, başqa dil və mədəniyyət daşıyıcıları olsalar da, hər iki xalqın formalaşdırdığı dövlətlər bir coğrafiyada min illərdir bir-birlərinin milli maraqlarını qorumaq kimi əlavə yük daşıyır: “Azərbaycan Gürcüstanın milli maraqlarını qorumasa, özünün Avropaya, dünyaya, daha çox müttəfiqlərinin olduğu bir məkana açılan qapısını bağlayar.
Gürcüstan Azərbaycanla müttəfiq olmasa, onun milli maraqlarını qorumasa kənar təhdidlərdən, o cümlədən iqtisadi buxovlardan xilas ola bilməz və dövlətçiliyi çökə bilər. Mədəniyyətlərimizin, yaxud inancımızın fərqliliyi bizi ayırmır, əksinə bu iki mədəniyyətin, bu iki inanc sisteminin bir yerdə yaşamasını stimullaşdırır. Ən azı ona görə ki, Cənubi Qafqazda bir təhdid mənbəyi kimi həm də Ermənistan var”.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan-Gürcüstan münasibətlərindən, iki ölkənin qarşılıqlı milli maraqlarından danışarkən iqtisadi sahədəki əməkdaşlıqdan bəhs etməmək doğru olmazdı. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycan Gürcüstana ən böyük investisiya yatıran və kredit verən ölkədir. Ötən ilin yekunlarına görə, Azərbaycan və Gürcüstan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan çox olub. Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət Azərbaycan Dövlət Neft Şirkətidir.
Gürcüstan dövlət büdcəsinin formalaşmasında ARDNŞ-in kifayət qədər böyük rolu var. İki ölkənin münasibətlərini və qarşlıqlı milli maraqları hər hansı politoloq və iqtisadçı ekspertdən daha yaxşı qiymətləndirən Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze bu ilin iyulun sonunda keçirdiyi mətbuat konfransında qeyd etmişdi ki, strateji tərəfdaş kimi Bakı ilə əlaqələrin dərinləşdirilməsi Tbilisi üçün prioritet məqsəd daşıyır. Səfir qeyd etmişdi ki, Azərbaycanın Gürcüstan üçün nə qədər vacib ölkə olduğunu tez-tez baş tutan qarşılıqlı səfərlər də sübut edir: “Gürcüstan hökumətinin demək olar ki, bütün üzvləri, o cümlədən baş nazir İvanişvili artıq Azərbaycana səfər ediblər. Bu da Cənubi Qafqaz tandeminin saxlanılmasının vacibliyini göstərir. Ərazi bütövlüyü və regionun iqtisadi inkişafı kimi ümumi çağırışlar hər iki hökumət üçün əhəmiyyətlidir”.
Səfir daha sonra bildirmişdi ki, Xəzər qazının Avropaya nəqli üçün TAP layihəsinin seçilməsi Gürcüstan iqtisadiyyatına təqribən 2 milyard dollar investisiya yatırılmasına və yeni iş yerlərinin açılmasına səbəb olacaq: “Bakı-Tbilisi-Qars layihəsi də iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynayır”.
Diplomat bildirmişdi ki, Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatı Tbilisi üçün çox vacibdir: “Azərbaycan iş adamları Gürcüstanın iqtisadiyyatına artıq 210 milyon dollar investisiya yatırıblar. Bunun nəticəsində minlərlə yeni iş yerləri yaradılıb”.
Səfir Qara dəniz sahilində neft məhsullarının emalı müəssisəsinin tikintisi üçün Azərbaycan tərəfindən təxminən 1 milyard dollar həcmində investisiya qoyulması nəzərdə tutulduğunu da bildirmişdi. O qeyd etmişdi ki, həmin zavod ARDNŞ və bir neçə Gürcüstan şirkəti tərəfindən Potidə inşa ediləcək.
Beləliklə, Azərbaycan və Gürcüstanın qarşılıqlı milli maraqlarını ümumi konseptual şəkildə nəzərdən keçirdikdə onun qorunmasının hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb etdiyini görmək mümkündür. Eyni zamanda bununla aydın olur ki, həm Azərbaycanda, həm də Gürcüstanda hansı qüvvənin iqtidarda olmasından asılı olmayaraq əlaqələrin yüksək səviyyədə olması hər iki xalqın maraqlarına cavab verir.