Tanınmış rusiyalı hərbi ekspertdən müharibə xəbərdarlığı

Aleksandr Xramçixin: “Savaş qaçılmazdır, sual yalnız budur ki, o, hansı ssenari üzrə başlayacaq, Kremlin Ermənistana əli çatmaya bilər...”

Qarabağ ixtilafı, Azərbaycan ərazilərinin işğalı problemi həll olunmamış qaldıqca bölgədə yeni müharibə riski də qalmaqda və əslində ilbəil, hətta aybaay artmaqdadır. Təbii ki, həm Bakı, həm də düşmən tərəf və onun əsas strateji müttəfiqi sayılan Rusiyanın rəhbərliyi belə perspektivi unutmur. Necə deyərlər, hamı “x günü”nə hazırlaşır.

 

Bu fonda Rusiyanın Ermənistanla yanaşı Azərbaycanı da silahlandırması bəlkə də qəribə görünür və kifayət qədər suallar yaradır. Onlardan biri də budur ki, əgər Kreml gerçəkdən regionda yalnız Ermənistanın müttəfiqidirsə, öz müttəfiqi ilə müharibə vəziyyətində olan Azərbaycana elədiyi hərbi “lütfkarlığın” arxasında nə durur - sırf maddi maraqlarmı, Azərbaycanın hərbi parkını nəzarətdə saxlamaqla onun Türkiyə və Qərb (NATO) standartlarına yaxınlaşmasını əngəlləmək istəyimi, Bakını öz silah bazarının daimi müştərisi eləmək hədəfimi? 
 
Bir şey dəqiqdir ki, Azərbaycanın Kreml üçün əhəmiyyəti son vaxtlar artıb və şimal qonşumuz Güney Qafqazın bu açar ölkəsini heç cür itirmək istəmədiyini nümayiş etdirir. Qarabağ ətrafında yeni müharibə risklərini də öncəliklə bu özəlliklər fonunda qiymətləndirmək lazım gəlir. Bəs yeni müharibə ehtimalı necə olsun? Şimal qonşumuzun o halda davranışı necə olacaq, bunu proqnoz eləmək mümkünmü? 
 
“Dağlıq Qarabağ uğrunda Azərbaycanla Ermənistan arasında yeni müharibənin başlanması yeganə ssenaridir Rusiyanın Cənub Hərbi Dairəsi (CHD) üçün ciddi problemlər yarana bilər. Öz-özlüyündə müharibə praktik olaraq qaçılmazdır. Sual yalnız budur ki, nə vaxt və hansı ssenari üzrə başlayacaq”. Bu barədə tanınmış rusiyalı hərbi ekspert, Moskvadakı Siyasi və Hərbi Analiz İnstitutunun direktoru Aleksandr Xramçixinin “Russkaya planeta” dərgisində dünən dərc olunan məqaləsində deyilir.
 
Müəllifin sözlərinə görə, əgər 90-cı illərdə olduğu kimi, müharibə sırf erməni-Azərbaycan münaqişəsi olacaqsa, Rusiya KTMT üzrə Ermənistan qarşısında öhdəlikləri ciddiyə almayacaq və müharibəyə qatılmayacaq: “Ancaq əgər Türkiyə Azərbaycan tərəfdə savaşa qoşulsa, o zaman Moskva olduqca mürəkkəb durumda qala bilər. Həm də o səbəbə ki, o halda bizim Ermənistandakı 102 saylı (Gümrü - Z.S.) hərbi bazamız zərbə altında qalacaq. Ayrı sözlə, müttəfiqlik öhdəliklərini yerinə yetirməmək çox çətin olacaq. Bədbəxtçilik yalnız ondadır ki, Ermənistanla biz həmsərhəd deyilik. Bu üzdən onun köməyinə ya zorla - Gürcüstandan yarıb keçməklə gəlmək olar, ya da Azərbaycan ərazisindən”.
 
Hərbi ekspertin sözlərinə görə, CHD üçün Gürcüstan ordusunu darmadağın eləmək problem olmaz - əgər gürcü ordusu yenə “Abxaziya və Cənubi Osetiyaya qarşı işğalçılıq eləsə”: “Yox, özümüzə qalsa, bu zaman Gürcüstan ərazisindən Ermənistana qədər olan ərazini və kommunikasiyaları nəzarətdə saxlamaq yetərincə ağır iş olacaq və CHD çətin ki, başqa hərbi dairələrin köməyi olmadan onun öhdəsindən gəlsin”.
 
Xramçixinin qənaətincə, bundan qat-qat çətini Ermənistana Azərbaycan ərazisindən keçməklə köməyə gəlmək variantıdır. Sitat: “Məsələ ondadır ki, Azərbaycan son illər Rusiyanın əsas silah alıcılarından birinə çevrilib. Özü də alınan silahlar müasirdir və hərbi-texniki əməkdaşlıq sahəsində alış-veriş bu gün də davam edir. Bəzi silah növlərinin verilməsi yekunlaşmasa da, söhbət 62 T-72 və 94 T-90S tanklarından, 100 PDM 3-dən, 24 BTR-80A-dan, 18 SAU 2S19 ”Msta"-dan, 18 PSZO “Smerç”dən, 6 PSZO TOS-1A atəş sistemindən, 2 divizion S-300 raket kompleksindən, 24 Mi-35M zərbə vertolyotundan və 60 Mi-17 çoxməqsədli vertolyotdan gedir. Təkcə bunlar kifayətdir ki, Azərbaycan Ermənistan üzərində həm kəmiyyət, həm də keyfiyyət baxımından tam üstünlük əldə eləsin. Bundan əlavə, Bakı bu cür silahları bir qədər köhnə olsa da Ukraynadan da alır. Beləcə, Moskvanın özünəməxsus siyasəti nəticəsində CHD-nin Azərbaycandan keçməklə Ermənistana köməyə getməyə potensialı çatmayacaq".
 
Lakin analitikə görə, Rusiya rəhbərliyi yəqin ki, hadisələrin bu cür inkişafını nəzərdən keçirmir: “Ola bilsin Moskva qərara gəlib ki, İrəvanla NATO Tiflislə davrandığı kimi davranacaq, yəni kritik anda kömək üçün barmağını belə tərpətməyəcək - bu halda CHD-nin Rusiyanın, Abxaziya və Cənubi Osetiyanın müdafiəsi üçün potensialı bəs edəcək. Özü də bu situasiya uzun müddət dəyişməyəcək. Ermənistanı xilas eləmək lazım gəlsə, ya biz öz öhdəliklərimizi yerinə yetirməməli olacağıq, ya da böyük risk var ki, qan su yerinə axacaq”.
əsas linklər