
Azərbaycan Milli Elmlər Akademiyasının A. Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə tədqiqatçı-alim Fəxri Valehoğlunun “Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları” adlı kitabı nəşr olunub.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, 240 səhifə həcmində olan kitabın elmi məsləhətçisi AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, redaktoru tarix üzrə fəlsəfə doktoru Elxan Poluxovdur. Əsərə rəyi tarix elmləri doktorları İradə Bağırova və Gültəkin Nəcəfli verib.
Əsər 1905-1906-cı illərdə Cənubi Qafqazda ermənilərin fitnəsi ilə XX əsrin ilk qanlı erməni-türk (azərbaycanlı) münaqişəsindən bəhs edir. Həmin illərdə Bakı, İrəvan, Naxçıvan, Şuşa, Yelizavetpol (Gəncə), Aleksandropol (Gümrü), Zəngəzur qəzalarında tüğyan etmiş qanlı hadisələr Tiflisdən və Borçalıdan da yan ötməyib.
Ermənilər tərəfindən türk-müsəlman əhaliyə qarşı həyata keçirilmiş vəhşi aksiyalar və qətliam faktları Gürcüstan Milli Tarix Arxivində saxlanılan rəsmi sənədlərə və 1905-1906-cı illərdə Tiflisdə nəşr olunan gürcüdilli və rusdilli mətbuat orqanlarına istinadən üzə çıxarılıb, bununla da XX əsrdə ilk kütləvi qətllərin müəlliflərinin ermənilər olduğu bir daha sübut olunub.
Kitabda eyni zamanda Borçalı türklərinin ermənilərə qarşı cəsur davranışları, ermənilərin amansız hücumuna məruz qalmış Tiflisdəki soydaşlarımıza silahlı dəstələr göndərərək arxa durmaları və yerlərdə xalq hərəkatının gücü ilə “Daşnaksutyun” Partiyasının havadarlarına zərbə vurmaları geniş şəkildə təsvir edilib və üzə çıxarılan qətliam faktları bir daha ermənilərin əsl simasını ortaya qoyub.