Avropanın Azərbaycan kimi tərəf müqabilinə böyük ehtiyacı var

Müsahibimiz Almaniyadakı Azərbaycanlıların Kordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer İsmayılovadır

            – Samirə xanım, ilk öncə sualımıza ondan başlayaq ki, Almaniyadan Azərbaycan siyasi-strateji baxımdan necə görünür? Ümumiyyətlə, alman cəmiyyətində ölkəmiz haqda təsəvvürlər barədə bizi bilgiləndirməyinizi istərdim.

            – Son illərdə Azərbaycan haqqında təsəvvürlər  radikal surətdə dəyişilmişdir və bu dönüş müsbət istiqamətdədir.  20 ilə yaxın, Almaniyada yaşadığım müddətdə həmişə ictimai  fikir dəyişikliklərini müşahidə etmişəm. Son illərdə isə özüm bu prosesin fəal iştirakçısıyam. 

1990-cı ilin əvvəllərində Azərbaycan bəlkə  Almaniyadakı Qafqaz mütəxəssislərinin  kiçik bir qrupuna  tanış ola bilərdi. Hətta həmin halda da Azərbaycan haqqında tam məlumat yox idi. Olan məlumat əsasən iki fakt üzərində qurulmuşdu: Azərbaycan  Sovet  respublikalarından biridir,  neft yataqları mövcud olan bir ölkədir.  Bu gün vəziyyət tam başqadır. Müstəqillik Azərbaycan üçün Avropada yeni yollar açdı, Azərbaycanın yeni və müstəqil təqdimatına  imkan verdi.  Özünü klassik ənənələrin, bərabərlik və insan hüquqlarının, dövlətçilik və demokratiya prinsiplərinin banisi hesab edən “qədim – qoca Avropa”da Azərbaycan bu gün nüfuz sahibidir və  həyatın bütün sahələrində dinamik inkişafdadır.

            Ən öncə Azərbaycan Avropa üçün iqtisadi cəhətdən ciddi bir ünvandır, o cümlədən Almaniya üçün enerji sahəsində arzu edilən bir partnyordur. Rusiyanın enerji monopoliyasından  asılı olmamaq üçün Avropanın Azərbaycan kimi tərəf müqabilinə böyük ehtiyacı vardır.  Bundan əlavə son illərdə beynəlxalq əhəmiyyətli bir sıra siyasi  qurumların üzvü seçilmiş Azərbaycan  xarici siyasət sahəsində ölkələrarası münasibətlərdə ahəngli siyasət nümayiş etdirir, ölkə Cənubi Qafqaz kimi “narahat” bir regionda sabit vəziyyətdədir.

            Azərbaycan Avropada həm  “neft səltənəti”, həmçinin  qədim tarixə və zəngin mədəniyyətə malik  bir  ölkə kimi tanınır. Azərbaycanın  Avropaya inteqrasiyası  sürətlə həyata keçir.  Elə bu ilki Avrovizion müsabiqəsinin Bakıda yüksək səviyyədə keçirilməsi də buna parlaq misaldır. Eyni zamanda  idman turnirlərində  iştirakı,  beynəlxalq yarışlara sahiblik etməsi Azərbaycanı Almaniyada bütün təbəqələrə tanış edir . 

            Mədəniyyətlərarası dialoq sahəsində keçirilən beynəlxalq tədbirlər, mədəniyyət günləri, müasir incəsənət sərgiləri və s. Azərbaycanın Avropada müsbət təqdimatına böyük xidmət edir. Bütün bunların nəticəsində Azərbaycan Almaniyadakı ictimaiyyətdə həm siyasi səviyyədə, həm də ictimai cəmiyyətdə məşhurlaşır. Azərbaycan özünəməxsus və nadir xüsusiyyətləri ilə də diqqəti cəlb edir: Azərbaycan islam ölkəsi  və eyni zamanda dünyəvi ,–  çoxmillətli, çoxdinli və tolerant ölkədir.   Şərqin mədəniyyət carçısıdır, məsələn  Şərqdə  ilk operanın, ilk baletin, ilk simfonik orkestrin yarandığı ölkədir. Hər bir proqresə, yeniliyə  açıq olan müasir bir ölkədir. Bu gün neftlə yanaşı, necə deyərlər, Azərbaycan tolerantlığının eksportundan da danışılır.

            Əlbəttə, bunlar hamısı dövlət rəhbərliyinin təşəbbüsləndirdiyi zəncirvarı bir prosesin sayəsində həyata keçir. Azərbaycan dövlətinin uzaqgörən siyasəti diplomatik əlaqələrin düşünülmüş strategiyasını nümayiş etdirir, Almaniyadakı Azərbaycan Səfirliyinin səmərəli fəaliyyətini göstərir. Almaniyadakı Azərbaycan diasporunun fəaliyyəti Azərbaycan Rrspublikası Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə qüvvətlənir və Azərbaycanın ictimai-siyasi əhəmiyyətinin artmasına öz töhfəsini verir.  

             – Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təbliğat necə qurulub?

            – Etiraf edim ki, bir diaspor kimi biz hələ, illərlə ermənilərin yaydıqları yalan və iftiralara qarşı mübarizə aparmaqla məşğuluq.  Azərbaycan diasporu gündəlik fəaliyyətində erməni təxribatı və Azərbaycana qarşı ikili standartlarla üzləşir. Əlbəttə son illər ərzində Azərbaycan problemlərinə qarşı əvvəlki sükut pozulmuşdur, erməni iftiraları şübhə altına alınmış, Dağlıq Qarabağ və Xocalı faciəsinə dair Azərbaycan həqiqətlərinə yol açılmış,Azərbaycan Dağlıq Qarabağ məsələsinə dair dünya ictimaiyyətinin fikri Azərbaycana tərəf dəyişmişdir.  

Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakıda diplomatik akademiyanın açılışındakı parlaq çıxışında vurğuladığı bir məqamı yada salmaq istərdim. O öz çıxışında qeyd etdi ki,  erməni təbliğatı yüz illərlə öz “qondarma xülyalarının” tanınmasına nail ola bilmir, amma Azərbaycan həqiqətləri on il ərzində ictimai fikri döndərə bilmişdir. 

Məhz bu istiqamətdə iş davam etməli, yeni mərhələlərə keçməlidir. Avropada “təbliğat” çox mənfi birmənalı məfhumdur. Mən istərdim, bir zaman gəlsin ki, biz cavab olaraq “əks təbliğatla” yox, erməniləri ifşa edən  araşdırmaların “təşəbbüsü” ilə çıxış edək.

            – Bu gün Almaniyanın siyasi-elmi və sosial-iqtisadi analitik araşdırmalar mərkəzlərində azərbaycanlı alimlərin fəaliyyəti görünürmü?

            – Şadam ki, sualınıza cavabım müsbətdir . Az da olsa, belə gənclər vardır. Məsələn, Dr.Azər Babayev  Hessen Sülh və Konfliktlər elmi araşdırmalar mərkəzində elmi işçidir. Azərbaycan haqqında illik elmi məcmuəni hazırlayan Ruslana Süleymanova və Mərdan Ağayev. Bundan başqa Almaniyanın müxtəlif universitetlərində elmi araşdırmalarla məşğul olan həmvətənlərimiz: Dr. Natiq Həsənov, Orxan Səttarov, Rauf Cəfərov, Dr. Rüfət Səttarov, Rauf Məmmədxanov və b. Tələbə gəncləri və elmi işçiləri birləşdirən cəmiyyətlər  vardır, məsələn VASW, ASN və s.  Azərbaycan gənc ölkədir, dünya miqyasında böyük ölkə deyil. Amma onun yetirmələrinin sorağı hər zaman dünyanın müxtəlif guşələrindən eşidilir.

            Almaniyada fəaliyyət göstərən erməni diaspora təşkilatlarının Azərbaycan və Türkiyəyə qarşı apardığı yalan təbliğatın ictimai rəyə təsirini minimuma endirmək üçün bizim təşkilatlarımızın informasiya strategiyası mövcuddurmu?

            – Əlbəttə, bizim təşkilatların hər birinin öz prioriteti – yəni üstünlük verdiyi mövzular çevrəsi vardır. Amma hamını birləşdirən hədəflər üzrə təşkilatlarımızın ümumi strategiyası son illərdə xüsusilə püxtələşmişdir. Ortaq tarix, ortaq dil, ortaq problemlərimizi bölüşən qardaş türk xalqı ilə əməkdaşlıq da bu prioritetlərdən biridir. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təsisi ilə məhz  informasiya strategiyası sahəsində müvəffəqiyyətlər əldə edilmişdir. Rəhbəri olduğum bu mərkəz 2008-ci ildə AR Diasporla iş üzrə Dövlət Komitəsinin və Almaniyadakı Azərbaycan Səfirliyinin dəstəyi ilə yaradılmışdır. Bu gün AAKM üç sütuna əsaslanaraq işləyir: Koordinasiya – Kommunikasiya – İnformasiya. Diaspor fəaliyyətinin demək olar ki, bütün sahələrində AAKM əlaqələndirir, ünsiyyət yaradır, məlumatlandırır. Ən ümdə yerdə məhz erməni diaspora təşkilatlarının Azərbaycan və Türkiyəyə qarşı apardığı yalan təbliğatın ictimai rəyə təsirini minimuma endirmək durur və bu məqsəd uğrunda biz türk diasporu ilə əlaqəli çalışırıq. İki il öncə AAKM- in dəstəyilə  Türk Azərbaycan Birliyi təsis edilmişdir və bu gün cəmiyyət keçmiş Bundestaq üzvü  Hakki Keskinin rəhbərliyi ilə geniş fəaliyyətdədir. 

            Məlumatlandırma və əlaqələndirmə  Dağlıq Qarabağ məsələsi, qan yaddaşları mövzusunda önəmlidir. Almaniyada bu iş həm siyasi, həm də xalq diplomatiyası səviyyəsində diqqət mərkəzindədir. Məsələn, bu il Almaniya üzrə Səfirlik başda olmaqla Xocalı soyqırımına həsr edilmiş 30-a yaxın tədbir keçirilmişdir. Klassik nümayiş və Anım mərasimləri ilə yanaşı, AAKM akademik üsullarla işləyir. 

Məsələn: 

* AAKM – Xocalı mövzusu ilə bağlı Bundestaqın ayrı-ayrılıqda hər bir üzvünə məktub göndərmişdir və bu da ümumilikdə 624 məktub edir.

* Almaniyanın yeni seçilmiş prezidentinə də göndərilən təbrik məktubunda Xocalı Soyqırımı haqqında məlumat vermişdir.

* Petisiya və bəyanatlar verir, mətbuat və media şirkətlərinə etiraz məktubları yazır; 

* AAKM ictimai təşəbbüslərlə əməkdaşlıq edir: “Xocalıya Ədalət”- İslam konfransı gənclər forumunun Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən  kampaniyanı təqdim edir;

* Ermənilərin qondarma soyqırım təbliğatına qarşı türk diasporu ilə əlaqəli materiallar hazırlayır və yayımlayır;

* Alman ictimai və ali məktəb kitabxanalarına Azərbaycan haqqında materiallar təqdim edir; 

* Alman siyasətçi və alimlərinin, Azərbaycanlı tələbə və elm xadimlərinin məruzə axşamlarını təşkil edir; 

* AAKM yaratdığı məlumat bazasının ünvanlarına hər gün siyasi məlumatlar, elmi yayımlamalar və çağırışlar, aylıq xülasə olaraq  press – relizlər hazırlayır.

            – Almaniyada fəaliyyət göstərən təşkilatlarımız hansı informasiya resurslarına malikdirlər? 

            – Bütün müasir dünyada olduğu kimi təşkilatlarımız da əsasən  internet məkanında informasiya ilə təmin edilir, satellit yolu ilə müxtəlif televiziya mənbələrindən  istifadə edir.  AAKM də öz fəaliyyətində press – relizler, internet səhifəsi ve Facebook vasitəsilə məlumatı

bilavasitə, daha canlı və məqsədəuyğun paylaşmağa çalışır. Bu ildən “İRS” adlı mədəniyyət dərgisinin alman dilində dərc edilməsi nəzərdə tutulmuşdur. Bir neçə jurnalların çapı plandadır.  Bundan əlavə AAKM alman mətbuatını izləyir, media nümayəndələri ilə əlaqə yaradır. Amma Avropada mediaya çıxmaq uzunsürən bir prosesdir və Azərbaycan diasporundan mütəmadi “ayıqlıq”, ictimaiyyətə inteqrasiya tələb edir. 

İnteqrasiya diaspor fəaliyyətinə böyük üstünlüklər verir və inteqrasiya nəticəsi olaraq biz bir çox – Azərbaycanı tanıdan, Dağlıq Qarabağ məsələsinə dair həqiqətləri açıqlayan , 

Xocalı soyqırımının faciəsini bəyan edən aksiyalar təşkil edir,  etiraz məktubları, bəyanatlar, petisiyalar, kampaniyalar  həyata keçirə bilirik. 

İnteqrasiyanın önəmliliyi  biz elə son aylarda bir daha media ilə dialoqda da agah oldu. Elə bu ilin mayında keçirilən Avrovizion mahnı müsabiqəsi də buna bir parlaq misaldır. Avropa Mədəniyyət Yekdilliyinin simvolu olan bayramın Bakıda özünəməxsus zənginliklə keçirildiyi  bizi fərəhləndirdi. Amma məhz bu məqamda biz Azərbaycana olan qərəzli media aksiyasının,  ikili standartlı münasibətin şahidi olduq. Heç kimə sirr deyil, Azərbaycan diasporu onsuz da erməni lobbisinin təxribatı ilə gündəlik mübarizə aparır. Biz bir daha gördük ki,  Azərbaycan diasporu hər zaman səfərbər olmalı,  hər zaman etiraz səsini ucaltmağı bacarmalıdır və bunun üçün onun sosial “alətləri”, sosial şəbəkəsi olmalıdır ki, ölkədəki informasiya resurslarından tam istifadə edə bilsin. Bu sahədə iş hələ çoxdur və dediyim kimi, müddətsizdir.  

əsas linklər