Tanınmış azərbaycanlı yazıçı Kanadada vəfat etdi

Azərbaycan əsilli məşhur yazıçı Rza Bərahəni 86 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, yazıçının vəfatı barədə oğlu Oktay Bərahəni məlumat yayıb. O bildirib ki, Kanadada mühacirətdə yaşayan atası bu gün Toronto şəhərində dünyasını dəyişib.

 

Xatırladaq ki, Rza Bərahəni 1935-ci ildə Təbriz şəhərində doğulub. İbtidai məktəb dövrünün bir hissəsi Seyid Cəfər Pişəvərinin qurduğu demokratik hökumətin dövrünə düşməsi ilə bir müddət türkcə təhsil alıb, lakin hökumətin süqutundan sonra ana dilində təhsil qadağan edilib və bu hadisələr yazıçının gələcək fəaliyyətində əvəzolunmaz rol oynayıb.

 

O, Cənubi Azərbaycandakı ana dili hərəkatının görkəmli nümayəndəsi sayılır. Əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilən R.Bərahəni İrandakı Pəhləvi, daha sonra hakimiyyətə gələn qüvvələrin təzyiqi nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalıb.

 

R.Bərahəni 2001-2003-cü illərdə Kanada “Pen Klubu”nun sədri olub. O, ədəbiyyat sahəsində "Nobel" mükafatına namizəd göstərilsə də, sonradan namizədlər siyahısından çıxarılıb. Buna səbəb iranlı müxaliflərin fəaliyyəti olduğu bildirilib.

əsas linklər