GAMAC-NİN MILLI HƏRƏKAT DAXILINDƏ APARILAN TƏXRIBAT, ŞANTAJ VƏ INHISARÇILIQLA BAĞLI AÇIQLAMASI

Güney Azərbaycanda millətimizin milli-siyasi iradəsi əsasında aparılan qurtuluş savaşı daxildə və xaricdə həssas və uğurlu bir dönəm yaşayır. Çox təəssuf ki, belə bir dönəmdə həm rejim, həm də bəzi fursəttələb qüvvələr məqsədli şəkildə milli hərəkata qarşı təxribat və şantaj siyasəti yürüdürlər. 
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi fəaliyyətə başladığı müddətdən Güney Azərbaycan milli mənafeyi uğrunda aparılan mübarizəni dəstəkləmiş və milli qüvvələr arasında davamlı işbirliyində maraqlı olmuşdur. Güney Azərbaycan milli maraqları əsasında fəaliyyət göstərən GAMAC milli-siyasi qurum olaraq Güney Azərbaycanın ümummilli problemlərinin uluslararası məkanda gündəmə gətirilməsi və həlli, daxildə və xaricdə milli hərəkatın geniş əhatəli inkişafa yol açması, həmçinin Azərbaycan siyasi toplumunun dünyaya tanıtdırılması yönündə öz fəaliyyətini müəyyənləşdirmişdir. Eyni zamanda GAMAC həmişə açıq siyasi rəqabətə tərəfdar olmuş, hərəkatda milli fəallara qarşı yönələn hər hansı əxlaqsız davranışlara, təxribat və şantajlara kəskin münasibətini bildirmişdir. Amma təəssüf edirik ki, özlərinə partiya adı vermiş 5-6 nəfərdən ibarət bir qrup hərəkatımızdakı milli fəallara, həmçinin GAMAC-a qarşı siyasi rəqabətdən uzaq, qeyri-əxlaqi davranışlar sərgiləməkdədirlər. Bu qrup özbaşına fəaliyyətləri ilə milli hərəkatda parçalanma, onun təşkilat və fəallarına qarşı kin, nifrət, düşmənçilik siyasəti aparmaqla fars faşist rejiminin hərəkatımıza vurmaq istədiyi ittihamlara zəmin hazırlayırlar. Özlərinə partiya adı vermiş bu məlum qrupun sözçüsü öz üzvünün özbaşına və böhtan dolu təxribati fəaliyyətlərinə bəraət qazandıraraq qeyri-siyasi üsulları və əxlaqsız davranışı milli hərəkatda yaymağa çalışır. Çox təəssüf ki, bu qrup gündəmə gəlmək üçün milli hərəkatda sağlam rəqabət əvəzinə başqa təşkilatlara və milli qüvvələrə qarşı təxribat aparır, şantaj siyasəti yürüdür və inhisarçılıq edərək, milli hərəkatın uğurlarını öz adına yazmağa çalışır. Son günlərdə bu kimi inhisarşılığa qarşı verilən etiraz bəyanatları onu göstərdi ki, sui-istifadə edərək hərəkatın uğurlarını öz marağı üçün mənimsəyən hər hansı bir qüvvə milli hərəkat tərəfindən lazımi cavabını alacaq. 
Biz, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi olaraq hesab edirik ki, milli qüvvələr arasında inhisarçılıq, təxribat və şantaj əleyhinə birgə fəaliyyət aparılmalıdır, əks halda rejimin milli hərəkatda yürütmək istədiyi təxribat planları bu kimi qrupların əli ilə gerçəkləşə bilər. Ümid edirik ki, Güney Azərbaycan milli azadlıq hərəkatı daxilində özünə yer almağa çalışan milli-siyasi qurumlar fəaliyyətlərini yalnız Güney Azərbaycan Milli Azadlıq Hərəkatının əsas hədəfləri istiqamətində quraraq, təxribat və şantajla məşğul olan qrupların milli hərəkatda inhisarçılıq və təfriqə yaratmalarına imkan verməyəcəklər. 

əsas linklər