
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təşkilatçılığı ilə “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda konfrans keçirilib.
GAMAC-ın başkanı, professor Qulamrza Səbri Təbrizi mövzu ilə bağlı bildirib ki, beynəlxalq ictimaiyyətin bu problemə diqqət göstərməsi üçün daxildə bir sıra nöqsanların aradan qaldırılmasına ehtiyac var. Onun sözlərinə görə, Güney Azərbaycandakı vəziyyət mütəmadi təhlil olunmalı və ekspertlər səviyyəsində beynəlxalq qurumlara təqdim edilməlidir.
Sonra Qafqaz Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı “İran dövləti böhran içində”, professor Nəsib Nəsibli “Güney Azərbaycan - milli mübarizənin perspektivləri”, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor əvəzi Ramiz Məmmədov “Urmiya göllünün problemləri” mövzusunda çıxış ediblər. Politoloq Vəfa Quluzadə, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Bütöv Azərbaycan Hərəkatının sədri Yasəmən Qaraqoyunlu və digərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Natiqlər Türkiyə hökumətini İrandakı türklərin haqları ilə bağlı məsələdə biganəlikdə günahlandırıb, Urmiya gölündəki mövcud vəziyyəti ekoloji böhrana gətirib çıxaracaqlarını deyib, həmçinin Güney Azərbaycanda ana dili məsələsinin həllinin milli vəhdət sayəsində mümkünlüyünü vurğulayıblar.
Konfransda o da qeyd olunub ki, İran hazırda siyasi, iqtisadi, mədəni, hərbi və digər cəhətlərdən böhran içindədir, milli hərəkat isə ideoloji baxımdan yeni keyfiyyət mərhələsinə qədəm qoyub, paniranizm ideologiyası isə artıq böhran dövrünü yaşayır.
Tədbirdə ölkənin tanınmış ictimai-siyasi xadimlərinin, aparıcı partiya təmsilçilərinin, Güney Azərbaycanla bağlı fəaliyyət göstərən qurumların təmsilçiləri, tanınmış ekspertlər, Milli Məclis deputatları, xaricdə fəaliyyət göstərən güney azərbaycanlıların hüquq müdafiə təşkilatlarının nümayəndələri iştirak ediblər.