GünAz TV: İran Xarici İşlər naziri bazar günü martın 31-də (fərvərdin ayının 11) Azərbaycan Respublikasının Tehrandakı səfirini çağıraraq, ona Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin 30 martda Bakıda Güney Azərbaycan mövzusunda təşkil etdiyi elmi konfransın keçirilməsi ilə bağlı rəsmi nota verib və qeyd edilib ki, bu tədbirdə İranın ərazi bütövlüyü və hakimiyyətinə qarşı mənfi mövqe sərgilənib.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Azərbaycan səfirinə rəsmi notanı İran Xarici İşlər nazirliyinin Asia və Sakit Okean üzrə müavini Abbas İraqçı çatdırıb. Məktubda Azərbaycan dövləti tərəfindən bu konfransın qarşısının alınması üçün hər hansı uygun tədbirin görülməməsinə İran İslam Cümhuriyyətinin kəskin etirazı qeyd olunub. Həmçinin, A.İraqçı deyib ki, bu kimi fəaliyyətlərin aparılması iki ölkə arasında müsbət və inkişafa doğru gedən münasibətlərə kəskin zərbə vura bilər. O, qeyd edib ki, bu tədbirdə məqsədyönlü və təhdidedici, həmçinin yalan məlumatların səsləndirilməsi təhrikedici davranışlardır ki, bu da yalnız sionistlərin mənafeyinin təmini istiqamətində aparılan işlərdir. Xarici İşlər nazirinin müavini bu tədbirin keçirilməsini iki ölkə arasında bağlanmış dostluq anlaşmasının müddəalarına qarşı fəaliyyət adlandırıb və bildirib ki, buna heç bir vəclə haqq qazandırıla bilməz.
Mehr xəbər agentliyi Azərabycan mətbuatında verilən xəbərlərə istinadən yazır: Şənbə günü martın 30-da GAMAC tərəfindən Bakıda yerləşən Park İnn hotelinin konfrans zalında ”Çağdaş Güney Azərabycanın sabahı” mövzusunda bir sıra siyasi fəalların da iştirak etdiyi tədbir keçirilib. Azərbaycanda müxalifət qazeti olan Müsavat qazeti bu tədbir haqqında yazıb ki, tədbirdə Azərbaycan dövlət rəsmiləri iştirak etməsələr də, keçmişdə dövlət orqanlarında çalışan bir sıra şəxslər, o cümlədən, keçmiş prezident Heydər Əliyevin siyasi məsələlər üzrə müşaviri olmuş Vəfa Quluzadə, Xalq Cəbhəsi və Müsavat partiyaları, həmçinin Azərbaycanın bir sıra siyasiləri də bu konfransa qatılıblar. 4 saat davam edən bu tədbirdə bir sıra mövzular, o cümlədən Güney Azərabycanda siyasi məhbusların durumu, İran adlanan ölkədə etnik və milli ayrıseçkilik haqqında beynəlxalq ictimaiyyətə məlumatların çatdırılmasının önəmi, İranın nüvə fəaliyyəti və iqtisadi vəziyyət barəsində söhbət olunub. İştirakçılardan bəziləri isə Güney Azərbaycan ərazisinin İrandan ayrılması məsələsini gündəmə çıxarıblar.
Elə həmin gün İranın Azərbaycandakı səfirliyi bazar günü bəyanat yayaraq, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin keçirdiyi bu konfransa öz etirazını bildirib. İran səfirliyinin mətbuat məsulu Məhəmməd Ayətullahi bu konfransı qınayaraq deyib ki, Tehran Bakı ilə ikitərəfli münasibətlərini gücləndirməyə və ona sadiq qalmağa çalışsa da, təəssüf ki, Azərbaycan Respublikasında İran əleyhinə çalışan bəzi qüvvələr İrana qarşı təhqiredici və düşmənçilik mövqeyindən çıxış edərək yersiz ərazi iddiaları irəli sürürlər və İran İslam Cümhuriyyəti əleyhinə fəaliyyət göstərirlər.
XƏBƏR RADIO FƏRDA SAYTıNDAN TƏRCÜMƏ EDILIB.