MƏHƏMMƏDƏMİN RƏSULZADƏ VƏ MİLLİ ÖZÜNÜDƏRK PROBLEMİ (1917-ci ilədək)

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlal Bəyannaməsiylə Azərbaycan Cümhuriyyətinin  yaranması elan olundu. Bu hadisənin təkcə Azərbaycan deyil, həm də bütün islam dünyası üçün tarixi əhəmiyyətini lazımınca dəyərləndirməkdən ötrü bircə faktı xatırlamaq kifayətdir ki, o zaman dünyada cəmi 7 müstəqil müsəlman dövləti: Türkiyə, İran, Əfqanıstan, mövcudluğunun son günlərini yaşayan Buxara əmirliyi və Ərəbistan yarımadasının daxilində yerləşdiyindən Türklər və ingilislər üçün əlçatmaz qalmış üç xırda şeyxlik mövcud idi. İslam dünyasında despotik idarəetmə sistemlərinin tam hökmranlıq etdiyi belə bir şəraitdə  Azərbaycanın gənc siyasi liderləri kifayət qədər riskli bir addım ataraq, açıq şəkildə bəyan etdilər ki, xan, şah və sultanlarsız da yaşamaq olar və bunun mümkünlüyünü təcrübədə sübut etmək üçün öz dövlətlərini çoxpartiyalı seçkili demokratiya əsasında qurmaq niyyətindədirlər.

Bununla da Azərbaycan dünya tarixinə bütün müsəlman aləmində ilk respublika kimi daxil oldu. Şübhəsiz ki, Cümhuriyyətin yaranması Ə.b.Topçubaşov, F.x.Xoyski, N.b.Yusifbəyli, H.b.Ağayev və Azərbaycanın XX əsrin əvvəlindəki siyasi və intellektual elitasının digər görkəmli nümayəndələrinin məqsədyönlü, fədakar fəaliyyətinin nəticəsi idi. Ancaq bu təkrarsız şəxsiyyətlərin xidmətlərini zərrə qədər də azaltmadan etiraf etməliyik ki, bütün müsəlman Şərqində ilk milli dövlətin təşəkkülündə aparıcı  rolu Məhəmmədəmin Rəsulzadə oynayıb. Məhz o, müasir Azərbaycan dövlətçiliyinin nəzəri əsaslarını yaradaraq onların gerçəkləşməsinə həlledici töhfəni verıb.

Müasir Azərbaycan dövlətçiliyinin ideoloji və siyasi əsaslarının yaradıcısı, XX əsr tariximizin  ən parlaq simalarından biri olan  Məhəmmədəmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxana kəndində ruhani ailəsində dünyaya göz açıb. İbtidai təhsilini maarifpərvər ziyalılarımızdan S.Qənizadənin müdirlik etdiyi 2-ci “rus-müsəlman” məktəbində alan Məhəmmədəmin sonra Bakı Texniki Məktəbinə daxil olsa da orada təhsilini başa vurmaq ona müyəssər olmayıb. Çox güman ki, bu məsələdə maddi sıxıntılarla yanaşı, gənc Məhəmmədəmini maqnit kimi özünə çəkən o dövr Bakısının qaynar siyasi həyatı da az rol oynamayıb.

Bakı XX əsrin əvvəlində Rusiya imperiyasında alovlanmaqda olan inqilabı hərəkatın əsas mərkəzlərindən biri idi. Burada o dövrün bütün siyasi və ideoloji cərəyanlarının nümayəndələri aktiv fəaliyyət göstərirdilər. Eyni zamanda, Bakı Qafqaz müsəlmanlarının, xüsusilə də Azərbaycan türklərinin formalaşmaqda olan milli hərəkatının mərkəzi idi. Bu mənada, ötən yüzilliyin əvvəlində Bakıda cərəyan edən siyası proseslər və canlanmaqda olan milli-azadlıq mücadiləsi M.Rəsulzadə üçün universitet rolunu oynamış oldu.

Azərbaycan Türklərinin gənc nəslinin digər nümayəndələri kimi, M.Rəsulzadə də siyasi fəaliyyətinin erkən dövründə radikal sosialist cərəyanlara meyl edib. Bu cür vəziyyət, hər şeydən öncə, həmin cərəyanların çar rejiminə qarşı son dərəcə barışmaz münasibətilə bağlı idi. Sonralar M.Rəsulzadənin etiraf etdiyi kimi, azərbaycanlıların gənc nəsli “məmləkətimizi istila və istismar edən Rusiyaya qarşı bəslədikləri kin sayəsində pozğunçuluq hərəkətlərini, bu işdə daha ifratçı firqələrin taktikasını, təbii ki, daha məqbul hesab edir və bu taktikanı daha asanlıqla qəbul edirdilər”. Bu səbəbdən də onlar “çarizmə qarşı mübarizədə inqilabçı sosializmi ən sadiq olmasa da ən münasib müttəfiq hesab edirdilər”..[2]

M.Rəsulzadə 1904-cü ilin payızında əsası qoyulmuş Cənubi Qafqazda ilk müsəlman sosial-demokrat təşkilatı olan “Hümmət”in yaradıcılarından biri olur.  Maraqlıdır ki, bu fakt uzun illər ərzində sovet tarixçiləri tərəfindən ictimaiyyətdən gizlədilirdi. Xarici tədqiqatçıların Rusiya sosial-demokratiyasında xüsusi fenomen hesab etdikləri “Hümmət” təşkilatının özəyini M.Rəsulzadənin 1903-cü ildə yaratdığı “Müsəlman Gənclik Təşkilatı” adlı inqilabçı qrupun üzvləri təşkil edirdilər.[3]

Sonralar M.Rəsulzadə yazırdı ki, onlar təşkilat üzvləri arasında “milli hissləri oyatmaq, rus məktəblərində oxudulmayan türkcəni öyrətmək, çarlıq əleyhinə yazılmış şeirləri əzbərləmək və mətbəə üsulu ilə basılmış bəyannamələri yaymaqla” məşğul olurdular.[4]  Heç şübhəsiz ki, M.Rəsulzadənin çox gənc yaşlarından böyük siyasətə baş vurması onun doğma xalqının milli oyanışına yardım göstərmək istəyindən irəli gəlirdi. Fəaliyyətinin erkən dövrlərində o, kütlələrin maariflənməsinə xüsusi önəm verirdi. Maarıfçilik ideyaları onun ilk yazılarının əsas məzmununu təşkil edirdi. 1903-cü ildə “Şərqi-rus” qəzetində dərc olunmuş ilk mətbu yazısında M.Rəsulzadə Bakı əhlindən təvəqqe edirdi ki, “öz uşaqlarından balaca olan vaxtda elm və tərbiyə kəsb eləməkdən başqa heç bir niyyət tutmasınlar”.[5]

Bu fikir onun 1907-ci il noyabrın 30-da Həsən bəy Zərdabinin dəfnindəki çıxışının da əsas məzmununu təşkil edirdi. Həmin çıxışda M.Rəsulzadə bildirirdi ki, “cəmaət öz həqq və ixtiyarını, öz bacarıq və gücünü bilsə o zaman heç kəs onu sıxıntı altında saxlaya bilməz”. Onun qənaətinə görə, “cəmaətin gözlərini açmaq, həqqi və batili ona bildirmək lazımdır. Cəmaəti ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? – maarif, maarif, maarif! Ancaq elm və bilik ilə cəmaət özünün nə olduğunu və nə edə biləcəyini qana bilər”.[6]

Əlbəttə, bu heç də o demək deyil ki, ictimai-siyasi fəaliyyətinin erkən dövründə M.Rəsulzadənin maraq dairəsi yalnız maarifçilik məsələləriylə məhdudlaşırdı. 1905-1907-ci illər inqilabının şahidi və bilavasitə iştirakçısı olmuş M.Rəsulzadənin azərbaycanlılarla qonşu xalqların siyasi və mədəni inkişaf səviyyələrini müqayisə edib qiymətləndirmək inkanı vardı, hərçənd bu müqayisə heç də azərbaycanlıların xeyrinə deyildi. Belə vəziyyətdən dərin narahatlıq hissi keçirən M.Rəsulzadə yazırdı ki, 1905-1907-ci illər hadisələri zamanı “hər təbəqə və hər millət özünün çoxdan bəri düşünüb də bir məfkurə (ideal) kimi bəslədiyi şeyləri haman meydana qoydu. “Onu və bunu istəyirik” dedilər. Yalnız biz nə istəyəcəyimizi, etiraf edəlim, bilmədik. Bunu bilən tək-tək fərdlərimiz var idisə onların da bildiklərini bizə bildirməyə vaxtı yox idi”.[7] O, azərbaycanlıların həmin dövrdəki vəziyyətini “təlatümə düşmüş və hara gedəcəyini, nicat sahilinin hansı tərəfdə olduğunu bilməyən gəmi”yə bənzədirdi.[8]M.Rəsulzadə hesab edirdi ki, “tufana tutulan bir gəmi üçün hədəfsizlik nə qədər öldürücüdürsə tarixi saatlarda bulunan bir millət üçün də əməlsizlik o qədər öldürücüdür”.[9]

Həqiqətən də, 1905-1907-ci illər inqilabı dövründə  azərbaycanlıların konkret milli proqramları yox idi və bu istiqamətdə hər hansı ciddi təcrübi fəaliyyət də nəzərə çarpmırdı. Həmin inqilabi hadisələrin gedişində təşəkkül tapmış ilk Azərbaycan siyasi təşkilatları azərbaycanlıların özgün[10] etnik birlik olaraq milli hüquqları üçün deyil, Qafqazın bütün müsəlman əhalisinin haqları  uğrunda mübarizə aparmağı qarşılarına məqsəd qoymuşdular. Həmin vəziyyət islam dininin Azərbaycanda şəriksiz hökmranlığı ilə əlaqədardı. Belə ki, XX əsrin əvvəlində azərbaycanlıların ictimai şüurunda dini və regional mənsubiyyət hissinin milli kimliyi (identikliyi) açıq-aşkar üstələməsi səbəbindən Azərbaycan xalqının etno-siyasi konsolidasiya səviyyəsi çox aşağı idi.

Doğrudur, Azərbaycanın ictimai-siyasi fikrində Türk kimliyinin ilk təzahürləri hələ XIX əsrin sonlarında özünü büruzə verməyə başlamışdı. Belə ki, H.b.Zərdabinin görüşləri, “Kəşkül” və “Kaspi” qəzetlərinin səhifələrində milli kimlik problemini qaldırmaq üçün edilən ilk cəhdlər Azərbaycanda Türk kimliyi artikulyasiyasının başlanğıcının ifadəsi idi. Ancaq tək-tək təsadüf edilən belə hallar sonradan genişlənib ümumi qayəyə çevrilə bilmədi. Hər halda, XX yüzilliyin başlanğıcında azərbaycanlıların tam əksəriyyəti özlərini Türk deyil, müsəlman hesab edirdi. Analoji vəziyyət Rusiya imperiyasının digər müsəlman xalqlarında da müşahidə edilirdi.  

XX əsrin əvvəlində Azərbaycandakı ictimai-siyasi vəziyyəti xarakterizə edən M.Rəsulzadə yazırdı: “Bizdə milliyətpərvərlik hissiyyatı öz azadlıq və istiqlalımızı, hətta bütün Türklərin xilasını hədəf qılmaq surətilə deyil, müstəqil və yarımmüstəqil bir halda yaşayan digər islam və Türk dövlətlərinə qarşı səmimi hissiyyat və əlaqə göstərməklə təzahür etmiş, siyasi təmayüllərimiz çox zaman bu hüdudu keşməmişdir. Hətta “milliyyət” məfhumu belə bizdə son zamanlara qədər bütün aydınlığı ilə ortaya çıxmamışdı. Ozamankı milliyyətpərvərliyin ən adlı-sanlı mürşidləri, başda Ağaoğlu Əhməd bəy olmaqla, islamçılıqla türkçülüyü çox da ayırmır, türklük namına deyil, müsəlmanlıq namına mübarizə aparırdılar. Milli hərəkatımızın adı “panislamizm” idi. Bu yalnız rusların xətası deyildi. Özümüz də islamiyyəti milliyyət məfhumu yerində işlədirdik”.[11]

Bu vəziiyət həqiqi bir vətənpərvər kimi M.Rəsulzadəni narahat etməyə bilməzdi. O, daim milli mənafe baxımindan daha münasib olan, azərbaycanlılara milli qurtuluş və tərəqqinin yolunu göstərəcək ideologiya axtarışında idi. Aydın məsələdir ki, sosial-demokrat ideologiyası tam mənada bu tələblərə cavab vermirdi, çünki həmin ideologiyanın daşıyıcıları sinfi şüuru   mütləqləşdirərək onun milli şüur üzərində labüd qələbəsinə əmin idilər. Ümumiyyətlə, sosial-demokratlar siyasi mübarizədə milli amilin rolunu arxa plana keçirməyə üstünlük verirdilər. Məhz bu amillər M.Rəsulzadənin siyasi baxışlarının türkçülük və azərbaycançılıq istiqamətində təkamülünü stimullaşdırmış oldu.

M.Rəsulzadənin siyasi və ideoloji görüşlərinin təkamülündə onun türkçülük ideyaları ilə tanışlığı, heç şübhəsiz ki, həlledici rol oynadı.  Həmin ideyalar 1905-1907-ci illər hadisələrinin təsiri altında Azərbaycanda geniş yayılmağa başlamışdı. Özü də qeyd etmək lazımdır ki, Azərbaycanda Türk şüurunun yaranması, bəzi tədqiqatçıların iddia etdiyi kimi, heç də Türkiyədən gəlmiş emissarların xidməti deyildi. Bu proses, ilk növbədə, keçmiş Rusiya imperiyasının Türk xalqları arasında müşahidə olunan "milli ruhun güclü yüksəlişi" ilə bağlı idi.[12]

Maraqlıdır ki, bir çox rus tədqiqatçıları da bu fikirlə həmrəydirlər. Məsələn, hələ 1930-cu ildə A.N.Mandelştam vurğulayırdı ki, siyasi türkçülüyün “həqiqi kökləri"ni heç də Türkiyədə axtarmaq lazım deyildir, çünki türkçülük hərəkatının əsas təkanverici qüvvəsi və ideya baniləri Osmanlı türkləri deyil, Rusiyanın Türk-tatar xalqlarının nümayəndələri: Əhməd Ağaoğlu, Yusuf Akçura, Əli Hüseynzadə, İsmayıl Qasprinski hesab olunmalıdırlar”.[13] Türkçülük ideyalarının yaranması Rusiya imperiyasının məhkum Türk  xalqlarının milli tərəqqi və mədəni inkişaf yoluna çıxmaq istəyinin təzahürü idi.

Etnik konsepsiya olub Türkləri digər müsəlman xalqlarından aydın şəkildə fərqləndirən türkçülük ideyaları Rusiya imperiyasının Türk xalqlarının, ilk növbədə azərbaycanlılar və tatarların milli kimlik şüurunun dünyəviləşməsi, dini buxovlardan azad olması prosesinə təkan vermiş oldu. Türkçülüyün baniləri: Ə.b.Hüseynzadə və Ə.b.Ağaoğlu islami dəyərlərə sədaqət və ehtiramlarını nə qədər vurğulasalar da Türkləri “Məkkədən Altaya doğru” döndərən turançılıq obyektiv olaraq islamın  mövqelərinin zəifləməsinə gətirib çıxardı.[14] Bu hadisə Türk xalqlarının milli inkişafında dönüş nöqtəsi idi, hərçənd ki, “vahid Türk milləti” mövqeyindən çıxış edən Ə.b.Hüseynzadə Osmanlı Türkləri, azərbaycanlılar, özbəklər, tatarlar və digər Türk xalqları arasındakı keyfiyyət fərqlərini inkar edirdi.

M.Rəsulzadə haqlı olaraq qeyd edir ki, Ə.b.Hüseynzadə və onun silahdaşlarının irəli sürdüyü ümumtürk idealı “Türk tayfalarının xalq kütlələrini inqilabiləşdirirdi. Onlardan hər biri  ayrı-ayrılıqda düşmənin nəhəng qüvvələrini öz qarşılarında görərək, azadlıq və müstəqilliyin adını çəkməkdən belə ehtiyatlanırdı. Ancaq azsaylı tayfalar deyil, şanlı tarixə və bu cür də parlaq gələcəyə malik çoxmilyonlu millətin üzvləri olması faktının dərk edilməsi, təbii ki, onları xeyli umudlandırır və əzəli düşmənə qarşı fəal mübarizəyə səsləyirdi”.[15]

Bu baxımdan türkçülük ideyaları, heç şübhəsiz ki, Türk xalqlarının milli oyanışında mühüm rol oynadı. Həmin konsepsiya obyektiv olaraq Azərbaycanda özgün milli kimlik axtarışlarını aktivləşdirdi. M.Rəsulzadənin təbirincə desək, “ictimai ideologiyanın bütün sisteminin dini islamçılıq sistemindən milli türkçülük sisteminə keçidi başlandı”.[16] Məhz türkçülük və turançılıq konsepsiyasına əsaslanan M.Rəsulzadə sonradan azərbaycançılıq nəzəriyyəsini işləyib hazırlayaraq Azərbaycan Türk millətinin  özgünlüyü və müstəqilliyini, onun öz milli dövlətini yaratmaq haqqını təsdiqləmiş oldu.

Qeyd etmək vacibdir ki, hər cür təqlidçilik M.Rəsulzadənin xarakterinə yad idi və istənilən ideoloji konstruksiyaya yaradıcı yanaşma onun xarakterinin əsas xüsusiyyətlərindən biri idi. O, bu və ya digər ideologiyaya heç vaxt ehkam və səcdəgah kimi baxmırdı. Bu baxımdan təsadüfi deyil ki, siyasi türkçülük ideyalarının Azərbaycan Türklərinin milli-azadlıq mübarizəsinin məqsədləri kontekstində yenidən işlənməsi kimi tarixi bir missiya məhz M.Rəsulzadənin öhdəsinə düşdü.  

Osmanlı imperiyasının Türk dünyasındakı rolunu idealizə edən Azərbaycan türkçülərinin birinci nəslinin nümayəndələri Ə.b.Hüseynzadə və Ə.b.Ağaoğlundan fərqli olaraq M.Rəsulzadə bu ölkənin imkanlarına və potensialına daha tənqidi yanaşırdı. Ə.b.Hüseynzadənin əsərlərindən göründüyü kimi, o, “siyasi cəhətdən Osmanlı dövlətini, Osmanlı türklüyünü müstəqil türklüyün nüvəsi hesab edirdi”.[17] Bu səbəbdən də Ə.b.Hüseynzadənin turançılıq ideyalarının osmanlıpərəst olması heç bir şübhə doğurmur...

Türk birliyi ideyasına Ə.b.Hüseynzadənin bu çür yanaşması M.Rəsulzadə üçün qəbuledilməz idi, buna görə də turançılıq ideyaları ilə yaxın tanışlıqdan, habelə Osmanlı imperiyasının daxili və xarici vəziyyətinin hərtərəfli təhlilindən sonra o, Türkiyə və turançılığın deyil, “real və konkret milli məqsədlər güdən” türkçülük ideyasının tərəfdarına çevrildi.[18]

Tamamilə təbiidir ki, siyasi turançılıq ideologiyasının yaranmasına böyük töhfələr vermiş Ə.b.Hüseynzadə və Ə.b.Ağaoğlu həmişəlik Türkiyədə qalmaq və öz siyasi talelərini birdəfəlik olaraq bu qardaş ölkə ilə bağlamaq qərarına gəldilər. M.Rəsulzadə və onun gənc silahdaşları isə 1905-1907-ci illər inqilabından başlayaraq Azərbaycan siyasi fikrində tədricən aparıcı ideoloji cərəyana çevrilən türkçülük ideyalarını milli zəmində gerçəkləşdirmək məqsədiylə vətənə döndülər.

M.Rəsulzadənin turançılıq ideologiyasına yaradıcı münasibəti ondan ibarətdi ki, o, “Türk birliyi”ni bütün Türk xalqlarının Osmanlı dövlətinə birləşməsi anlamında deyil, ümumi məqsəd – milli istiqlal uğrunda mübarizədə onların bərabərhüquqlu ittifaqının yaradılması mənasında qəbul edirdi...

Bu baxımdan turançılıq konsepsiyası Azərbaycan Türklərinin dini kimlikdən özgün milli kimliyə doğru inkişafında keçid mərhələsi oldu.  Həmin keçid mərhələsinin zəruriliyinin səbəblərini izah edən M.Rəsulzadə yazırdı: “Panislamizmdən xilas olan Türk ictimai-siyasi fikri birdən-birə bu gün əsaslandığımız real milli ideyaya gəlib çata bilməzdi. Psixoloji cəhətdən bu, anlaşılandır. Müharibə və ümumi təhlükə şəraitində islam birliyi kimi böyük və əhatəli şüardan imtina edən millətçilər onun əvəzinə eyni təsir gücündə bir şüar irəli sürməli idilər. Bu isə yalnız “Dunaydan Altaya qədər bütün Türk xalqlarının birliyi!” şüarı ola bilərdi”.[19] Yalnız Azərbaycan cəmiyyətində modernləşmə proseslərinin inkişafı gedişində, XX əsrin ikinci onillyində sırf Azərbaycan milli kimliyinə əsaslanan azərbaycançılıq konsepsiyası ortaya çıxmış oldu.   

M.Rəsulzadə I dünya müharibəsi ərəfəsi və gedişində yazdığı nəzəri əsərləri ilə müsavat ideologiyasının milli əsaslarını yaradaraq partiyanın siyasi proqramının ümmətçilikdən millətçiliyə, islam birliyi konsepsiyasından azərbaycanlıların milli hüquqları uğrunda mücadiləyə keçidinin əsasını qoymuş oldu. Bu təkcə Müsavat Partiyasının deyil, eləcə də bütövlükdə Azərbaycan milli hərəkatının siyasi təkamül prosesində dönüş nöqtəsi oldu.

Həmin proses birinci dünya müharibəsi illərində daha intensiv xarakter aldı. Təsadüfi deyil ki, M.Rəsulzadə “Balkan və dünya müharibələri dövrünü Türk (Azərbaycan) milli ideyasının inkişafında dönüş nöqtəsi” hesab edirdi.[20]

Şübhəsiz ki, I dünya müharibəsi ərəfəsində M.Rəsulzadə hələ Azərbaycan millətinin özgünlüyü ideyasını qəbul etmək səviyyəsinə gəlib çatmamışdı. Həmin dövrdə Azərbaycan siyasi və intellektual elitasının digər nümayəndələri kimi M.Rəsulzadə də çox çətin seçim qarşısında idi: vahid Türk millətinin tərkibinə inteqrasiya etmək, yoxsa Azərbaycan türklərinin özünəməxsus milli kimliyinin təsdiqinə çalışmaq? 

Eyni zamanda, nəzərə almaq lazımdır ki, göstərilən dövrdə M.Rəsulzadənin azərbaycanlıların etnik birlik kimi “böyük Türk millətinin” tərkib hussəsi və ya müstəqil bir milli toplum olması haqqında baxışları sürətlə dəyişirdi. Həm də onun baxışlarının ümumi inkişaf istiqaməti belə deməyə əsas verir ki, birinci dünya müharibəsi ərəfəsi və dövründə M.Rəsulzadə tədricən, addım-addım Azərbaycan Türklərini müstəqil millət kimi tanımağa yaxınlaşırdı.   

M.Rəsulzadənin 1914-cü ildə “Dirilik” jurnalında çap etdirdiyi “Milli dirilik” adlı silsilə məqalələri bu yolda çox mühüm mərhələ oldu. Həmin məqalələr əslində Azərbaycan ictimai fikrində millət haqqında baxışları müasir elmin tələblərinə uyğun sistemləşdirməyə ilk cəhd idi. Özü də, bu addım elə bir vaxtda atılmışdı ki, nə millətin, nə də onun dilinin adı bir məfhum kimi hələ formalaşmamışdı və bütün bunlar qızğın  mübahisə mövzusu olaraq qalırdı.  

Həmin silsilə məqalələrdə M.Rəsulzadə ümmət və millət məfhumlarının eyniləşdirilməsinin yanlışlığını qeyd edərək, onların tamam fərqli məzmun daşıdığını göstərirdi. M.Rəsulzadə vurğulayırdı ki, “ümmət” kəlməsi sırf dini məzmun kəsb edib, etnik və mədəni mənsubiyyətindən asılı olmayaraq bütün dünya müsəlmanlarının konfessional birliyi deməkdir. Millət isə “dil birliyi, adət və əxlaq birliyi, ənənati-tarixiyyə və nəhayət, etiqadi-diniyyə birliklərinin məcmusundan ibarət mütəşəkkil bir məhsuldur”. M.Rəsulzadə dini millətin əlamətləri sirasına daxil etsə də onu ikinci dərəcəli komponent hesab edirdi. M.Rəsulzadə həmin fikrini belə əsaslandırırdı ki, “tarixdə bir çox dinlər dəyişmiş olan millətlər mövcuddur”.[21]

M.Rəsulzadə “Milli dirilik” məqalələr silsiləsində etnik birliklərin üçpilləli iyerarxiyası ideyasını irəli sürdü:qövmiyyət, milliyyət  millət. O həmçinin həmin etnik birlik formalarının keyfiyyət fərqlərini də müəyyənləşdirdi. Belə ki, M.Rəsulzadənin fikrincə, “qövmiyyət-narodnost” yalnız nəsl və dil birliyini” ehtiva edirdi. Onun fikrincə, “bir ata-babadan yetişmə və bir dildə danışan kiçik bir tayfa və ya qövmə qövmiyyət məfhumunu aid etmək olar”. Qövmiyyətlə müqayisədə milliyyət etnik birliklərin daha yüksək inkişaf pilləsini təşkil edirdi. Belə ki, milliyyət üçün qan qohumluğu amili artıq öz əhəmiyyətini itirir, dil və mədəniyyət birliyi ön plana keçir. Millətə gəlincə isə, M.Rəsulzadə yazırdı ki, “millət dil birliyi, adət və əxlaq birliyi, ənənati-tarixiyyə və nəhayət, etiqadi-diniyyə birliklərinin məcmusundan ibarət mütəşəkkil bir məhsuldur”.[22] Eyni zamanda o, xüsusi qeyd edirdi ki, millət milliyyət üzvlərinin əksəriyyətinin öz mədəni və milli diriliyini dərk etdiyi zaman yaranır. Başqa sözlə desək, M.Rəsulzadə millətin milliyyətdən əsas fərqini milləti təşkil edən fərdlərin milli mənlik şüuruna malik olmasında görürdü.  

M.Rəsulzadə millətin öz dövlətinə malik olmasını onun əsas əlamətlərindən biri hesab etsə də burada müəyyən istisnaları da mümkün sayırdı. O vurğulayırdı ki, müəyyən hallarda tarixi şərait “millətin dövlət şəklində mövcudiyyətinə mane olsa da mədəni və ədəbi şəkildəki mövcudluğu hər halda mümkündür”.[23]  O, üç dövlət arasında bölünmüş polyakları və uzun müddət parçalanmış italyanları buna misal göstərirdi.

Göründüyü kimi, M.Rəsulzadə etnik birlikləri zaman və məkan daxilində dəyişən, biri digərinə transformasiya oluna bilən dinamik bir kateqoriya kimi qəbul edirdi. O yazırdı: “...tarixi bir zəmində insanların tədricən qövmiyyətdən milliyyət və milliyyətdən millət dərəcəsinə çıxmaları baş tutur”.[24]

Maraqlıdır ki, M.Rəsulzadə Azərbaycan Türklərindən bir milliyyət kimi bəhs edirdi.[25] Bununla da o, Azərbaycan Türklərində milli mənlik şüurunun hələ lazımınca formalaşmadığını etiraf edirdi. Onun fikrincə, məhz bunun nəticəsi idi ki, “sairə yerlərin müsəlmanları kimi, biz Rusiya müsəlmanları milliyyətdən əvvəl din cəhətinə əhəmiyyət verdik. Türkcə qəzetə çıxardıq – adına müsəlman qəzetəsi dedik. Türkcə teatrlar, operalar düzəltdik – ünvanlarını müsəlman teatrosu və müsəlman operası dedik. Məktəb açdıq, rus-müsəlman məktəbi namını verdik”.[26]

Daha sonra o vurğulayırdı ki, “elədiklərimizin hamısı türkcə olub və qədim Türk mədəniyyətini diriltmək üçün olsa da cəmiyyətlərimizin sifətləri yenə “müsəlman” kəlməsindən ibarət idi. Müsəlmanlığın ibtidai təsirindən gələrək biz özümüzü müsəlman adlandırdığımızdan əsl milliyyətimizin ünvanını təşkil edən türklüyə əhəmiyyət verməmişik, hələ də davam etməkdəyiz. Başqaları bizə “tatar” və “persiyan” demişlər, ona da etiraz etməmişik. Bu, tamamılə ondan irəli gəlir ki, biz özümüzü necə ki lazımdır tanımamışıq”. Sonda M.Rəsulzadə belə bir qənaətə gəlirdi ki, vəziyyəti düzəltmək üçün milli özünüdərkin inkişafı və milli ideologiyanın formalaşdırılması zəruridir.[27]

Maraqlıdır ki,  M.Rəsulzadə milli ideologiyanın yaranmasını heç də kortəbii proses hesab etmirdi. Onun sözlərinə görə, hər bir fərdin ürəyində millətin gələcəyi haqqında müəyyən arzular ola bilər, “fəqət onlar bu arzulara bir şəkil və surət verməkdə acizdilər”. Həmin işin öhdəsindən yalnız intellektual elitanın “ayrı-ayrı əməlpərvər” nümayəndələri gələ bilər ki, məhz onlar da milli ideologiyanın  yaradıcısı və təbliğatçısı qismində çıxış edirlər.[28]

Başqa bir məqaləsində M.Rəsulzadə qeyd edirdi ki, “bir milliyyətin millət halına keçməsi ümumi şüur və kollektiv iradənin təəssüsünə bağlıdır. Bu isə yalnız “ictimai hafizə” vəzifəsini görən orqanın təşəkkülü ilə vücuda gəlir”. Həmin vəzifəni isə feodal sisteminin dağılması və “burjuaziyanın zühuru ilə” meydana çıxan ziyalı təbəqəsi yerinə yetirir.[29]

M.Rəsulzadənin fikrincə, məhz ziyalıların fəaliyyəti nəticəsində ümumi şüur və kollektiv iradə təkmilləşərək vətən və xalqın istiqlalı uğrunda mübarizə səviyyəsinə yüksəlir, etnik birliyin hər bir üzvünün mənəvi təlabatına çevrilir. O, bu barədə yazırdı: “Ayrı-ayrı əməlpərvərlər tərəfindən təsvir və təyin edilən, başqa sözlə desək, hazırlanan milli əməllər layihəsi xalqın düşünüb də hiss və arzu etdiklərinə uyğun gələrsə sürətli bir şəkildə xalq arasında yayılar və bollu tərəfdarlar qazanar. Əks halda, məhdud bir dairədə intişar tapıb, nəhayət, unudular və bir küncə atılıb qalar”.[30]

 M.Rəsulzadə milli özünüdərk prosesini xalqın tarixi yaddaşının bərpasından başlamağı təklif edirdi. Onun fikrincə, “bir güc və qüvvət tapa bilmək üçün millətlər həmişə tarixlərindən imdad istəyərlər. Zəif düşdükləri, əzilib məhv olmağa tərəf çəkildikləri, hətta dağılıb hər bir iqtidar və qüvvətdən düşmüş olduqları zamanda belə keçmişin qüvvətli və parlaq çağlarını yada salmaqla istiqbal üçün bir umud bəslərlər”.[31]

Bu baxımdan M.Rəsulzadə hesab edirdi ki, “bir millətin öz tarixini bilməsi qədər qüvvətli bir ittihad və mədəni inkişaf amili təsəvvür oluna bilməz”.[32] Eyni zamanda, o, bu sahədəki acınacaqlı vəziyyətdən də yaxşı xəbərdar idi və ürək ağrısı ilə qeyd edirdi ki, “bu gün Türk milləti böyük bir tarixə malik olduğu halda tarixsiz yaşayır”, çünki “Türk tarixi tarixlərin ən az tədqiq olunmuşu, ən az öyrənilib yazılmışıdır”.[33] Türk gəncliyinin öz tarixindən bixəbər olması onu xüsusilə narahat edirdi.

Bu səbəbdən də o, milli intibah prosesində doğma xalqın tarixinin araşdırılıb ana dilində geniş xalq kütlələrinə çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edirdi.[34] Onun fikrincə, həqiqi milli tarixin bərpası, orada “milli ruhu oyadan hadisələrin canlandırılması” milli mənlik şüurunun formalaşmasında və bütövlükdə “millətin dirilməsində” həlledici rol oynaya bilər.[35]

M.Rəsulzadə həmçinin “millətin yüzdə doxsan rüknünü təşkil edən”[36] ana dilinin inkişafını da milli tərəqqiyə nail olunması yolunda ən vacib  istiqamətlərdən biri hesab edirdi. Bu zaman o, Avropa dövlətlərinin müstəmləkəçilik siyasətində dil faktorunun mühüm əhəmiyyət kəsb etməsinə xüsusi diqqət yetirirdi. O qeyd edirdi ki, qədim və orta əsrlərdə hər hansı bir ölkəni zəbt etmiş işğalçılar məhkum millətləri assimilyasiya etmək üçün, ilk növbədə, öz dini etiqadlarını onlara qəbul etdirməyə çalışırdılar. Hakim millətlər buna öz hökmranlıqlarının uzunmüddətli olmasının qarantı kimi baxırdılar, halbuki yeni tarixi dövrün başlanması ilə Avropa müstəmləkəçilərinin bu taktikası əsaslı şəkildə dəyişir. Dini etiqadla müqayisədə dilin “daha qüvvətli bir ictimai amil” olduğunu anlayan avropalılar məhkum xalqlara münasibətdə yeritdikləri müstəmləkə siyasətində əsaslı dəyişikliklər edirlər. Belə ki, məhkum xalqların dini etiqadlarına məqsədyönlü təzyiqlərdən imtina edib, bu yöndə elə də ciddi səylər göstərməyən Avropa müstəmləkəçiləri əsas zərbəni həmin xalqların dillərinə yönəldirlər. M.Rəsulzadə vurğulayırdı ki, avropalılar “bir milliyyəti məhv edib aradan götürmək qəsdində olan siyasətlərində assimilyasiya əməliyyatını icra edərkən ən birinci fikirlərini dilə verir və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa səy edirlər”.[37] Bu məqsədlə də məhkum xalqların “milli məktəblərinə təzyiq edilir, ana dilləri təhdid olunur”.[38]   

M.Rəsulzadə hesab edirdi ki, Avropa müstəmləkəçilərinin həmin siyasəti məhkum millətlərin dillərinin təbii inkişaf və tərəqqisi yolunda maneələr yaradaraq son nəticədə onların süqutuna gətirib çıxara bilər. Bu səbəbdən də o, məhkum millətlərin, o cümlədən də Azərbaycan Türklərinin oyanış və tərəqqi prosesində milli dilin inkişafına xüsusi əhəmiyyət verməyi tövsiyə edirdi. 

Beynəlxalq aləmdə gedən prosesləri təhlil edən M.Rəsulzadə1915-ci ilin oktyabrında təsis etdiyi “Açıq söz”qəzetinin elə ilk sayında birincı dünya müharibəsinin yekununda dünyanın siyasi xəritəsində köklü dəyişikliklərin baş verəcəyini proqnozlaşdırırdı. O, çağdaş siyasi proseslərdə milli amilin rolunun güclənməsi faktına diqqət çəkərək yazırdı: “Dünya xəritəsinin alacağı şəklə vətəndaşların fədakarlığı, dövlətlərin təşkilatı və orduların əzəmətilə bərabər, heç şübhə yoxdur ki, vüzuh və rüsuh peyda etmiş milliyyət məfkurələrinin də böyük bir təsiri olacaqdır”.[39] Və xəbərdarlıq edirdi ki, “yalnız əsasında milli başlanğıcın durduğu və ya idarəetmə sistemində həmin başlanğıca xüsusi əhəmiyyət verildiyi dövlətlər bu tarixi sınaqdan üzüağ çıxacaqlar”.[40]

M.Rəsulzadə vurğulayırdı ki, müharibədən sonrakı Avropanın siyasi meydanında “özlərini kifayət qədər tanımış və istiqlal üçün müəyyən bir ideal məfkurə yaratmış millətlər real qüvvə təşkil edəcəklər”.[41] Bununla da o, bir qədər örtülü formada olsa da milli dövlətın yaradılmasının zəruriliyini qeyd edirdi.

O, xəbərdarlıq edirdi ki, “yeni əsaslar üzərində qurulacaq həyat vahid bir ruh və müştərək bir qayəyə malik olmayan millətlərlə hesablaşmayacaq və belə bir silahdan məhrum olan cəmiyyətlər  kimsəyə söz eşitdirə bilməyəcəklər”. Buna görə də M.Rəsulzadə öz həmvətənlərini “söz eşitdirmək, milli varlığını qorumaq, haqlarını, hürriyyətlərini əldə etmək üçün milliyyət məfkurəsi ətrafında birləşməyə və mütəşəkkil bir hala gəlməyə” çağırırdı.[42]

M.Rəsulzadənin yaratdığı “Açıq söz” qəzetinin bütün fəaliyyəti məhz həmin məqsədin gerçəkləşməsinə  yönəlmişdi. O dövrdə artıq çoxdan təşəkkül tapmış Azərbaycan milli hərəkatı hələ öz adını almamışdı və Mirzəbala Məhəmmədzadənin təbirincə desək, “adsız qəhrəman”ı[43] xatırladırdı.  Belə bir şəraitdə həmin boşluğu doldurmağa çalışan “Açıq söz” qəzeti “müsəlman” və “tatar” sözlərini “Türk” sözü ilə əvəzləməyə girişdi, millətə “sən Türksən!”, rus hökumətinə isə “biz Türkük!” deyə xitab etdi...[44]

Yuxarıda qeyd etdiyimiz kimi, “Açıq söz” qəzetinin artıq ilk sayında M.Rəsulzadə milliyyət halından millət səviyyəsinə keçid etmək üçün milli dövlətin yaradılmasının zəruri olduğunu  göstərirdi. Bundan bir qədər əvvəl isə “Milli dirilik” məqaləsində M.Rəsulzadə yazırdı ki, yalnız “milli istiqlaliyyət millətlərin xüsusiyyətlərinin mühafizəsini təmin etmək” iqtidarındadır.[45] Sonradan bu fikrini bir az da konkretləşdirən M.Rəsulzadə belə bir qənaətə gəlmişdi ki, “millət dövlət olmaq əzmində israr edən bir milliyyətdir”.[46]

Doğrudur, 1917-ci ilin Fevral inqilabına kimi M.Rəsulzadə Azərbaycan Türklərinin milli dövlətinin yaradılması ideyasını hələ açıq şəkildə bəyan etmirdi, çünki həqiqi siyasi proqramın meydana çıxması üçün ölkədə minimum azadlıqların mövcud olması tələb olunurdu ki, bunlar da ozamankı Rusiyada mövcud deyildi. Milli dövlətin yaradılması tələbinin irəli sürülməsi üçün tələb olunan müvafiq “siyasi ab-hava” Rusiyada yalnız 1917-ci ilin fevralında çar mütləqiyyətinin devrilməsindən sonra yaranmış oldu.

1917-ci ilin fevralına kimi Azərbaycan liderləri milli mədəniyət və dilin azad inkişafı üçün müvafiq şəraitin yaradılması, milli və dini məhdudiyyətlərin aradan qaldırılması tələblərini irəli sürməklə kifayətlənirdilərsə mütləqiyyətin devrilməsindən sonra Rusiya imperiyasında etno-siyası proseslərin fəallaşması şəraitində onlar sırf siyasi şüarlarla çıxış etməyə başladılar. Öz müqəddəratını təyinetmə hüququnun və Rusiya dövləti tərkibində Azərbaycana milli-ərazi muxtariyyətinin verilməsi tələbinin milli hərəkatın proqramında ön plana keçməsi bunu bir daha təsdiqləyir.

Çex tarixçisi M.Xrox milli hərəkatların təkamülünün dövrləşdirilməsi sistemini işləyib hazırlaıb. Onun fikrincə, milli hərəkatın təşəkkülünün ilkin mərhələsində yerli ziyalıların azsaylı bir qrupunda doğma xalqın dili, tarixi və folkloruna maraq yaranır. Bu başlanğıc mərhələsində kimlik hələ kütləvi hadisə kimi mövcud olmur. Buna görə də təşviqat mərhələsi adlanan ikinci dövrənin mahiyyətini milli şüurun geniş kütlələr arasında yayılması təşkil edir. Üçüncü – kütləvi hərəkat mərhələsində isə milli birlik ideyaları artıq xalqın əksəriyyətinin şüuruna hakim kəsilir və o, əvvəlcə muxtariyyət, daha sonra isə müstəqillik uğrunda mübarizəyə səfərbər olunur.[47]

Bu baxımdan Fevral inqilabının qələbəsindən sonra Azərbaycan Türkləri siyasi səfərbərlik mərhələsinə qədəm qoymuş oldular, hərçənd etiraf etməliyik ki, əvvəlki mədəni və təşviqat mərhələlərinin vəzifələri hələ sonadək yerinə yetirilməmişdi və bu səbəbdən də Azərbaycan elitası eyni zamanda bir neçə istiqamətdə fəaliyyət göstərməli olurdu. Belə ki, ziyalı elitası milli şüurun formalaşdırılması və onun təşviqat yolu ilə kütlələr içərisində yayılması ilə yanaşı, həm də müstəqillik əldə olunması məqsədilə xalqın siyasi səfərbərliyi ilə məşğul olmaq məcburiyyətində idi.[48]

Ərazi muxtariyyəti formasında milli dövlətçiliyin yaranması tələbini özündə ehtiva edən Azərbaycan milli hərəkatının ilk siyasi proqramı Fevral inqilabından az sonra, 1917-ci il aprelin 15-20-də Bakıda keçirilmiş I Ümumqafqaz müsəlmanlar qurultayında qəbul olundu. Hələ qurultayın açılışı ərəfəsində M.Rəsulzadə onun məqsəd və vəzifələrini belə müəyyənləşdirirdi: “Bu qurultay hazırda cərəyan edən hadisələrə Qafqaz müsəlmanlarının münasibətini, hiss və duyğularını əks etdirməklə yanaşı, həm də onların siyasi və milli-mədəni tələblərini açıq şəkildə ortaya qoymalıdır”.[49]

Qurultayda Azərbaycanın müxtəlif siyası qüvvələri islamçılardan tutmuş bolşeviklərə qədər bütün rəngarəngliyi ilə təmsil olunsalar da “Azərbaycan Türklərinin siyasi məqsədlərinin” müəyyənləşdirilməsində həlledici rolu, heç şübhəsiz ki, həmin vaxt artıq milli hərəkatın əsas simalarından birinə çevrilmiş M.Rəsulzadə oynadı.

Təsadüfi deyil ki, qurultayın gündəliyindəki əsas məsələ olan ölkənin gələcək siyasi quruluşu haqqında məruzə M.Rəsulzadəyə həvalə edilmişdi. Məruzədə ölkədə yaranmış vəziyyəti təhlil edən M.Rəsulzadə konkret dəlillərlə Azərbaycan Türklərinin milli-ərazi muxtariyyəti formasında milli dövlətçiliyinin yaradılması zərurətini əsaslandırdı.

M.Rəsulzadə məruzəsində qeyd edirdi ki, Rusiya kimi geniş ərazili çoxmillətli dövlətdə hakimiyyətin mərkəzləşdirilməsi xalqların azad birgəyaşayışı baxımından məqbul deyildir və bu səbəbdən də Rusiyanın dövlət həyatının normal inkişafı üçün yararsızdır. “Teymurləng, Çingiz xan, Makedoniyalı İsgəndər və Roma imperatorlarının timsalında tarix sübut edir ki, dövlətə daxil olan müxtəlif millətlərin möhkəm birliyini onların dövlət ittifaqı haqqında azad ifadə olunmuş arzusundan başqa heç bir qüvvə təmin edə bilməz”,[50] - deyə o bildirirdi.

Bu fikrə əsaslanaraq M.Rəsulzadə Rusiyanın milli azlıqlarına öz müqəddəratını təyinetmə hüququnun verilməsi tələbini irəli sürdü. Onun fikrincə, bu yolla, bir-birindən ayrılmış Rusiya xalqları daha sonra federativ demokratik respublika formasında dövlət ittifaqı təşkil edə bilərlər. Xarici siyasət, sülh və müharibə problemləri, eləcə də federal təyinatlı əmlakın (gömrük, dəmir yolları, poçt, teleqraf və b.) idarə olunması istisna olmaqla bütün digər məsələlər muxtariyyətin idarəetmə orqanlarının səlahiyyətinə verilir, federal orqanların səlahiyyətinə daxil olan məsələlərin həlli üçün isə bütün ərazi muxtariyyətlərinin nümayəndələrindən ibarət vahid ittifaq şurasının yaradılması nəzərdə tutulurdu.[51]

İslamçıların və müxtəlif sosialist qruplaşmaların nümayəndələrinin müqavimətinə baxmayaraq, qurultay böyük səs çoxluğu ilə M.Rəsulzadənin təklifini dəstəklədi. Qurultayın qəbul etdiyi qətnamədə göstərilirdi ki, “federativ əsaslarla demokratik respublika qurulması Rusiya dövlət quruluşunun müsəlman xalqlarının mənafeyini təmin edən ən münasib forma hesab olunsun”.[52] Beləliklə də, Rusiya imperiyasının  müsəlman və Türk xalqlarının milli-azadlıq mücadiləsi tarixində ilk dəfə olaraq məhz azərbaycanlılar milli-ərazi muxtariyyəti tələbini irəli sürdülər. 

Bəzi “tədqiqatçılar” bugünkü reallıqlardan çıxış edərək M.Rəsulzadəni milli-ərazi muxtariyyəti tələbi ilə kifayətlənərək Azərbaycanın tam siyasi müstəqilliyi süarı ilə çıxış etməməkdə günahlandırırlar. Ancaq bu zaman belə bir amil nəzərə alınmır ki, 1917-ci ilin yazında kifayər qədər yetkin və formalaşmış millətlər olan polyaklar və finlər istisna olmaqla Rusiya imperiyasının məhkum xalqlarından heç biri siyasi müstəqillik tələb etmirdi. Məsələn, həmin dövrdə qonşu gürcülərin və ermənilərin aparıcı siyasi qüvvələri milli-ərazi muxtariyyəti şüarı ilı kifayətlənirdilər. Bununla bağlı M.Rəsulzadə qeyd edirdi ki, “özlərini Qafqaz demokratiyasının mürşidi mövqeyində görən gürcülər də istiqlalçı deyildilər”.[53]

M.Rəsulzadə gözəl anlayırdı ki, nə coğrafi, nə etnik, nə də mədəni birliyin olmadığı Rusiya kimi bir ölkədə federallaşma prosesi labüd olaraq mərkəzdənqaçma meyllərinin güclənməsinə və milli ucqarların siyasi müstəqillik əldə etməsinə gətirib çıxaracaq. Tarix özü çox tezliklə onun bu fikirlərinin düzgünlüyünü təsdiqlədi.

M.Rəsulzadə Rusiyanın müsəlman xalqları arasında millət quruculuğu proseslərinin inkişafının strateji istiqamətini düzgün müəyyənləşdirməklə yanaşı, öz ictimai-siyasi fəaliyyəti ilə həmin prosesləri əsaslı şəkildə sürətləndirmiş oldu. Məhz onun səyləri nəticəsində Rusiya müsəlmanlarının Moskva qurultayında vahid müsəlman milləti ideyası deyil, ölkənin müxtəlif müsəlman və Türk xalqlarının ayrı-ayrı müstəqil millətlər kimi formalaşması layihəsi qalib gəldi.

Bu baxımdan M.Rəsulzadə ümumrusiya miqyasındakı fəaliyyətiylə ilk dəfə olaraq Rusiyanın digər müsəlman və Türk xalqları arasında millət quruculuğu proseslərinin inkişafına təkan vermiş oldu.

Həmin andan etibarən M.Rəsulzadə əslində ümumrusiya miqyaslı siyasi xadimə çevrilmiş oldu. Məşhur tatar ziyalılarından olan Abdulla Taymas sonralar yazırdı ki, M.Rəsulzadənin I ümumrusiya qurultayındakı parlaq çıxışı nümayəndələrə böyük təsir etmiş oldu. A.Taymasın sözlərinə görə, həmin çıxış sayəsində Məhəmmədəmini “bütün Rusiya türklüyü tanımış, artıq o, sadəcə Azərbaycan türkçülüyünün deyil, bütün Rusiya türkçülüyünün əzizi olmuşdur”.[54]

Beləliklə, M.Rəsulzadənin qeyd etdiyi kimi, “İstanbul yurdçuları bu şüarları (türkləşmək, islamlaşmaq və müasirləşmək) nəzəri şəkildə yaymaqda ikən Azərbaycan Türkləri bunu siyasi bir fəlsəfə kimi qəbul edərək qurduqları milli siyasi partiyanın (“Müsavat” nəzərdə tutulur – A.B.) prinsipi elan etdilər. Həmin siyasi məsləkin qənaətinə görə, bəşəriyyət millətlərin sayı qədər  hökumətlərə bölünərək daha sonra Dünya Federasiyası yaratmalı idi”.[55]

M.Rəsulzadənin siyasi-ideoloji sahədəki novatorluğu ondadır ki, o, türkçülük ideyalarına əsaslanaraq azərbaycançılığın – Azərbaycan milli dövlətinin yaradılması layihəsinin bitkin bə ardıcıl konseptual sistemini işləyib hazırlamış oldu. Onu da xüsusi vurğulamaq lazımdır ki, M.Rəsulzadə təkcə nəzəriyyəçi deyildi, həm də Azərbaycan Türklərinin milli dövlətçiliyinin yaranması və inkişafına əvəzsiz töhfələr vermiş praktik idi. Həmin ideyanın həyatda gerçəkləməsi uğrunda mübarizə M.Rəsulzadənin bütün sonrakı siyasi fəaliyyətinin əsas məzmununu təşkil edir.

 

əsas linklər