
İstanbul Türkiyə Azərbaycan Dərnəyi Mərkəzi 31 Mart Soyqırımı ilə əlaqədar Kadıköydəki binasında mətbuat konfransı keçirib. Dərnəyin sədri Səfər Qaraqoyunlu bildirib ki, məqsədimiz eyni taleyi və dərdi bölüşən Azərbaycan və Türkiyə türklərinin məruz qaldığı soyqırımları anmaq, onları dünya ictimaiyyətinə çatdırmaqdır. S.Qaraqayonlunun fikrincə, 31 Mart Türkiyədə də soyqırım günü olmalıdır, çünki soyqırım edən, də soyqırıma məruz qalan da bəllidir. “Biz türklər ermənilərin törətdiyi qətliamları hər zaman və hər yerdə xatırlatmalıyıq. Bu soyqırımı törədənlər dünya ictimaiyyəti qarşısında hesabat verməlidir. Əməllərinin cəzasını çəkməlidirlər. Ermənilər həm Azərbaycan, həm də Anadolu türklərini qətlə yetiriblər”.
Mətbuat konfransında Səfər Qaraqoyunlu 31 Mart Soyqırımının tarixi haqqında məlumat verib. “31 Mart qətliamı günlərlə davam edib, qırğınlar zamanı insanlar diri-diri torpağa basdırılıb. Bu vəhşilik ancaq may ayında Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycan xalqının dəstəyi ilə müdaxiləsindən sonra durdurulub. Bu müdaxilə Türkiyə Azərbaycan qardaşlığı tarixinə qızıl hərflərlə yazılıb”.
Ermənilərin “türksən, yoxsa erməni?” deyə soruşduqdan sonra qətliamı gerçəkləşdirdiyini qeyd edən Qaraqoyunlu ermənilərin türklərə qarşı 5 dəfə soyqırım etdiyini ( 1905-1906; 1918-1920; 1948-1953 və 1988-1989, 1992 Xocalı) bildirib. “Həyata keçirilən etnik təmizləmə və zorakılıqlar da bunu sübut edir. Şübhəsiz ki, 1918-20-ci illərdə törədilən faciələr və 1992-ci ildəki Xocalı soyqırımı türk xalqının yaddaşında xüsusi iz buraxıb. Birinci dünya müharibəsi zamanı yaranmış xaos və 1917-ci ildə Çar Rusiyasında baş verən fevral, oktyabr inqilabları ermənilərin azərbaycanlılara qarşı yürütdüyü siyasət üçün əlverişli şərait yaradıb. 1918-ci ilin mart ayından etibarən bolşevik inqilabı adıyla Azərbaycan torpaqlarında kütləvi qətllər törədilib. Zorakılıqlar 1918-ci il mart ayının son üç günündə kulminasiya nöqtəsinə çatıb, təkcə Bakıda 30 min insan amansızcasına qətlə yetirilib. Bu qətliamlar Bakı ilə yanaşı, Azərbaycanın Şamaxı, Quba, Qarabağ, Naxçıvan bölgələrində və bu gün Ermənistan ərazisi sayılan amma tarixən Azərbaycan torpaqları olmuş Zəngəzur qəzası və İrəvanda da həyata keçirilib, 3 gündə 120 minə yaxın insanın həyatına son qoyulub”.
Bu günlərdə Qubaya etdiyi səfərindən danışan S.Qaraqoyunlu buradakı kütləvi məzarlığı görərkən çox üzüldüyünü deyib və əlavə edib ki, soyqırım iddiası edən və iftira atanlar mütləq Qubaya gedib oradakı mənzərənin şahidi olmalıdır.