Həbsdəki NİDA-çıların sayı 7-yə çatdı

NİDA vətəndaş hərəkatına qarşı total repressiyalar davam edir. Aprelin 1-də təşkilatın artıq 7-ci üzvü istintaqa çağırılıb. NİDA-çı Zaur Qurbanlı Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aparılıb. Bu barədə vəkil Xalid Bağırov məlumat verib. Z.Qurbanlıya qarşı CM-in 228.3-cü maddəsi ilə ittiham elan olunub. O, Nəsimi Rayon Məhkəməsinə aparılıb və barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.

Gənc məhbusun anası jurnalistlərə deyib ki, oğlu ilə fəxr edir: “Gəlib məni də tutsunlar. Bu gün sizə qoşuluram. Oğlum haqq yolundadır. Bu hakimiyyətə nifrət edirəm. Yığdıqları pulları yasa xərcləsinlər. Mən sizə qoşuluram”.


“NİDA üzvlərinin həbsinə etiraz əlaməti olaraq Səbayel müsavatçılarının hər biri hərəkata üzv olmağa qərar verib”. Bunu “Qafqazinfo”ya Müsavat Səbayel rayon təşkilatının sədri Razim Əmiraslanlı söyləyib. O bildirib ki, dünəndən etibarən üzvləri hərəkatın internet ünvanındakı anketdən qeydiyyatdan keçir və proses davam edəcək.
Yazar Seymur Baycan, karikaturaçı-rəssam Gündüz Ağayev və kinoşünas Aygün Aslanova da NİDA-ya qoşulub.
NİDA aprelin 2-si saat 14:00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda həbslərlə bağlı geniş brifinq keçirəcək. Bu barədə “Yeni Müsavat”a hərəkatın media koordinatoru Elmin Bədəlov məlumat verib. Qurum təşkilata qarşı yönəlmiş repressiya siyasətinin son bir neçə gündə daha da şiddətlənməsini açıq hücum sayır. Təşkilat bəyan edir ki, baş verənlər NİDA-nı məhv etməyə hesablanıb və ümumilikdə gənclik hərəkatının etirazlarını boğmaq cəhdidir. Bəyanatda qeyd olunur ki, üzvlərinin həbsi NİDA-nı zəiflətmir və təşkilata yeni qoşulanlar var.
Yada salaq ki, martın 7-də NİDA-nın üç üzvü - Məmməd Əzizov, Şahin Novruzlu və Bəxtiyar Quliyev həbs edilib. Onlar 10 mart aksiyasında “Molotov kokteyli” maddəsindən istifadəyə cəhddə ittiham olunur. Təşkilatın digər üzvü Rəşad Həsənov qanunsuz silah saxlamaqda təqsirləndirilir. Martın 30-da qurumun daha iki üzvü həbs edilib. Rəşadət Axundov və Üzeyir Məmmədli barədə 3 aylıq həbs tədbiri seçilib. Onlar odlu silah saxlamaqda ittiham olunur. İttihamlar təsdiqlənsə, onları 5 ildən 8 ilədək həbs cəzası gözləyir.

 

Emil SALAMOĞLU

əsas linklər