
Eyni kökdən olan türkdilli xalqların bir araya gəlməsi və vahid ideya ətrafında birləşməsi olduqca vacibdir. Bu, təkcə Azərbaycan deyil, digər türkdilli dövlətlər üçün də mühüm əhəmiyyət kəsb edir.
AzərTAc xəbər verir ki, bu sözləri Astanadakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının sədri, Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumunun iştirakçısı Vidadi Salahov iyunun 21-də jurnalistlərə müsahibəsində demişdir.
Tədbirin əhəmiyyətini vurğulayan Vidadi Salahov qeyd etmişdir ki, bütün türk dünyasının bir araya gəldiyi bu cür mötəbər Forumun geosiyasi baxımdan mühüm bir mərkəzdə yerləşən Azərbaycanda keçirilməsi sevindirici haldır.
O demişdir: “Bütün bunlar ölkəmizdə həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Əminəm ki, gələcək nəsillər əldə edilən bu nailiyyətlərin bəhrəsini görəcəklər”.