Almaniya Avropada ən çox azərbaycanlılar yaşayan ölkədir


1. Avropa mətbuatında bir çox hallara Azərbaycan haqda həqiqəti əks etdirməyən məqalələr dərc olunur. Elə bir hüquqi qurum yarada bilərikmi ki, həqiqəti əks etdirməyən yazılar dərc edilən mətbu orqanlarına Avropa qanunları əsasında təkzib verdirib doğru olanı dərc etdirə bilək?

- Əslində, həqiqəti əks etdirməyən yazılar dərc edilən mətbu orqanlarının yazılarını təkzib etdirmək üçün xüsusi bir qurumun yaradılması tələbi qanunvericilikdə təsbit olunmayıb. İstənilən şəxs müvafiq qurumlara müraciət edərək mətbu orqanının yazısının təkzib etdirməyə nail ola bilər. Bu qurumun təşkilati-hüquqi forması isə şübhəsiz ki, qeyri-hökumət təşkilatı (QHT) olmalıdır. Qəzet və ya internet saytlarında yazılan hər yazını hamı oxumur. Bəzən elə olur ki, Azərbaycan dövlətinin tam əleyhinə, məqsədyönlü şəkildə yazılmış bir yazı haqda çox gec xəbər tuturuq. Məqalələrdə müəyyən xəritələr dərc olunur ki, görürsən Azərbaycanın ərazisi olan torpaqlar ya erməni, ya da İran ərazisi kimi göstərilir. Düşünürəm ki, bu sahədə ixtisaslaşma baxımından ayrıca bir qurumun yaradılması daha məqsədəuyğun olardı. Çox yaxşı olardı ki, Almaniyada həqiqi fəaliyyət göstərən diaspora təşkilatlarımızdan bir nəfər xüsusi olaraq seçilsin, birgə fəaliyyət üçün strategiya hazırlansın və həmin şəxslər mütəmadi olaraq bu problemi izləsinlər. Zamanında aşkar olunmuş problemi həll etmək daha asan olur. Bu məsələni saytlar, “Die Zukunft”qəzetiniz və ya sosial mediada müzakirəyə çıxarmaq lazımdır. Çünki bizim erməni kimi mənfur düşmənimiz var. Onlar bütün ömürləri boyu Azərbaycana xələl gətirə biləcək bütün naqisliklərə əl atacaqlar. 

 2. Almaniya siyasi-araşdırma, beyin mərkəzlərində çalışan azərbaycanlıların soydaşlarımız tərəfindən tanınması üçün nə edə bilərik?

- Mövcud texniki tərəqqi dövründə bunu reallaşdırmaq o qədər də çətin olmaz. Belə ki, həmin soydaşlarımızın tanınması üçün ayrıca veb səhifə açmaq və ya məşhur sosial şəbəkələrdə xüsusi səhifələr yaradıb, Almaniya siyasi-araşdırma mərkəzlərində çalışan azərbaycanlılar haqqında məlumatları həmin səhifələrdə yerləşdirmək olar. “Die Zukunft” Almaniya azərbaycanlılarının ilk print mediasıdır. Qəzet və Avropa Azərbaycan İnformasiya Mərkəzi bu işdə effektli fəaliyyət göstərə bilər. Siz əgər bu qəbildən olan soydaşlarımızın axtarılıb tapılması ilə əlaqədar bir yazı dərc etsəniz, güman edirəm səsinizə səs verən çox olacaq.  

3. Avropa Azərbaycan İnformasiya Mərkəzi və Almaniya azərbaycanlılarına məxsus“Die Zukunft” qəzetinin cənublu-şimallı bütün azərbaycanlıların mətbu orqanı olması üçün Siz hansı tövsiyələr verərdiz?

- İstənilən mətbu orqanının əhalinin geniş kütlələri arasında sevilib-seçilməsi üçün ilk növbədə həmin mətbu orqanı xalqın mətbu orqanı olmağı bacarmalıdır. Yəni, əgər Siz xalqın problemlərini işıqlandırıb, xalqın adından danışmağı bacarsanız, xalq da Sizin qəzeti oxucusuz qalmağa qoymaz. Bəzən diaspora təşkilatları alman mediasına çıxmaqda çətinlik çəkir. Bizim öz qəzetimiz olacaqsa, zəruri problemi öz qəzetimizdə dərc edib lazımi ünvanlara çatdıra biləcəyik. Gələn saylardan başlayaraq qəzetin alman dilində dərc olunacağına əsaslanaraq güman edirəm yaxın zamanda “Die Zukunft” azərbaycanlıların Almaniyada güvənc nöqtələrindən biri olacaq.

4. Almaniya dövləti Qarabağın müharibə olmadan azad edilməsi üçün hansısa rol oynaya bilərmi?

 - Bildiyiniz kimi, Almaniya Avropada ən güclü dövlətdir. Təbii ki, torpaqlarımızın sülh yolu ilə azad olunmasında mühüm rol oynaya bilər. Lakin məslə bundan ibarətdir ki, Almaniya bu rolu oynamaq istəyirmi? Azərbaycan millət vəkilləri Almaniya Parlament  nümayəndələri ilə görüşlər keçirirlər. Parlamentlərarası işçi qrupu var. Azərbaycan-Almaniya parlamentlərarası işçi qrupun üzvləri alman parlamentariləri ilə görüşməzdən əvvəl fəaliyyət göstərən diaspora təşkilatları nümayəndələri, sizin yuxarıda qeyd etdiyiniz kimi Almaniya beyin mərkəzlərində çalışan azərbaycanlı politoloqlarla görüşlər keçirilməsi ümumi işimiz üçün düşünürəm çox xeyirli olardı. Bəzən bizim millət vəkilləri çox önəmli nüansları unudurlar. Almaniya, Cənubi Azərbaycandan sonra ən çox azərbaycanlılar yaşayan ölkədir. Burda həm kəmiyyət var, həm də keyfiyyət. Millət vəkillərimizə vətən naminə bu mühüm amili  unutmamağı xatırlatmaq istərdim.

əsas linklər