Dini konfessiya rəhbərləri azərbaycanlıların soyqırımı günü ilə bağlı müraciət ünvanlayıb

Azərbaycandakı dini konfessiya rəhbərləri 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıblar.

Müraciətdə deyilir:

"O Bir Olan Yaradanın adı ilə! Azərbaycan Respublikasının vətəndaşlarının və dünyada yaşayan milyonlarla azərbaycanlıların, tarixdə baş vermiş faciələrə biganə qalmayan insanların iradəsini ifadə edərək, 31 Mart – Azərbaycanlıların soyqırımın günü ərəfəsində Müraciətimizi dünya ictimaiyyətinin, dini liderlərin, parlamentlər və beynəlxalq təşkilatların diqqətinə çatdırmağı özümüzə borc bilirik.

Bəşəriyyətə nazil olmuş müqəddəs kitablarda əksini tapan ali həqiqətlərdən biri də budur ki, Uca Rəbbin yaratdığı bir insanı belə qətlə yetirmək, cəmi bəşəriyyəti məhv etmək qədər ağır cinayətdir. Bəşəriyyətin qan yaddaşında həkk olunmuş milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş soyqırımları insanlığa qarşı ən böyük və bağışlanılmaz günahlardandır və bu cinayətə məruz qalan xalqlardan biri də Azərbaycan xalqıdır ki, bu dəhşətli həqiqəti dünya ictimaiyyəti bilməli, ədalətli qiymətini mütləq verməlidir.


XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda məqsədyönlü şəkildə kütləvi məskunlaşdırılan ermənilərin "Böyük Ermənistan" xülyası ilə azərbaycanlılara və bu ərazilərdə tarixən yaşayan digər xalqlara qarşı kütləvi qətllərin və soyqırımı aktlarının reallaşması ilə nəticələndi. Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dönə-dönə təkrarlandı. Erməni millətçilərinin xalqımıza qarşı iki əsrdən artıq davam edən ardıcıl təcavüz, etnik təmizləmə siyasəti, terror və vandalizm əməlləri səbəbindən Azərbaycanlılar tarixən yaşadıqları indiki Ermənistan, daha sonra isə Qarabağ ərazisindəki doğma yurd-yuvalarından didərgin salındılar. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan tarixi ədaləti – dünya birliyi tərəfindən tanınan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra belə erməni ekstrmistlərinin ölkəmizə qarşı revanşist ritorikası davam etməkdədir.

Tarix isə sübut edir ki, 1905-ci və 1918-ci illərdə erməni ekstremistləri tərəfindən Bakıda və bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədildi, on minlərlə dinc insan qətlə yetirildi, yaşayış məntəqələri, tarix və mədəniyyət abidələri, məscidlər, kilsələr və sinaqoqlar dağıdıldı. Təkcə Mart soyqırımı – 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində – Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, Dərbənd və digər ərazilərdə daşnak erməni və erməni əsilli bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilmiş, itkin düşmüşdür.

1918-1920-ci illərdə Şimali Azərbaycanda (Bakı, Şamaxı şəhəri, Şamaxı qəzası, Quba şəhəri, Quba qəzası, Lənkəran qəzası), Qərbi Azərbaycanda (Zəngəzur qəzası, İrəvan qəzası), Cənubi Azərbaycanda (Urmiya, Təbriz, Xoy, Səlmas şəhərləri) azərbaycanlı əhaliyə, Qubada və Dərbənddə yəhudi əhaliyə qarşı həyata keçirilən soyqırımı tarixi sənədlərdə öz əksini tapmışdır. 1918-ci il Mart hadisələrində təkcə 3 gün ərzində Bakı şəhərində 12 mindən artıq azərbaycanlı soyqırıma məruz qalmış, şəhərin tarixi məscid və məbədlərinə təcavüz edilmişdir; Şamaxı qəzasının 53 kəndində 8 027 nəfər, Şamaxı şəhərində isə 8 min azərbaycanlı qətlə yetirilmiş, Qafqazda ən qədim tarixə malik Şamaxı Cümə məscidi yandırılmışdır. Quba şəhərində, Quba qəzasında, habelə Dərbənddə 16 mindən çox azərbaycanlının həyatına son qoyulmuş, 162 kənd dağıdılmış, 3 minə qədər yəhudi vəhşicəsinə qətlə yetirilmişdir; Lənkəran qəzasında 2 min insan qətlə yetirilmişdir; 1918-1920-ci illərdə Zəngəzur qəzasında 10068 nəfər azərbaycanlı öldürülüb və şikəst edilmiş; İrəvan quberniyasında 211 azərbaycanlı kəndi məhv edilmiş və əhalisi soyqırıma məruz qalmışdır. Ermənilərin etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində 1916-cı ildə bu ərazidə yaşamış 375 min nəfər azərbaycanlı əhalinin sayı 1922-ci ildə 70 min nəfərə enmişdi. 1918-1920-ci illər ərzində Gürcüstanın azərbaycanlılar yaşayan Borçalı mahalında, Tiflisin azərbaycanlılar yaşayan tarixi məhəllələrində 5 minə yaxın azərbaycanlı məhv edilmişdir. Həmçinin, 1918-1920-ci illərdə Urmiya, Maku, Təbriz, Xoy və Səlmasda 120 mindən artıq azərbaycanlı qətlə yetirilmişdir.

Tarixi arayış üçün bildirək ki, XX əsrin əvvəllərində erməni ekstremistlərinin kütləvi qırğın siyasətinin izləri Orta Asiyada, Türküstanda da mövcud olmuşdur. 1918-1922-ci ildə Özbəkistanın Fərqanə vadisində ermənilər tərəfindən 35 mindən artıq özbək müsəlmanın həyatına son qoyulması, Kokandın yandırılması, bir gün ərzində erməni daşnakları tərəfindən on mindən çox, Əndicanda isə dörd min yarımdan çox insanın məhv edilməsi, Qırğızıstanda Suzak, Bazar-Korgon kəndlərinin bütün sakinlərinin güllələnməsi, qırğının Cəlalabad sərhədlərinə qədər gedib çatması tarixi mənbələrdən məlumdur.



Azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti sovet hakimiyyəti dövründə də davam etdirildi. 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı Zəngəzurdakı öz ata-baba yurdlarından deportasiya edildi və faktiki olaraq əzəli Azərbaycan ərazilərində yaradılmış Ermənistan Respublikası monoetnik dövlətə çevrildi.

Ötən əsrin 80-ci illərinin ikinci yarısında SSRİ-nin rəhbər dairələrinə erməni lobbisinin təzyiqi və təhriki ilə erməni millətçilərinin xalqımıza qarşı təcavüz və etnik təmizləmə siyasətinin yeni dalğası başlandı. Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırlmasından istifadə edən erməni şovinistləri 300 minə yaxın azərbaycanlının Ermənistandan amansızlıqla qovulmasını həyata keçirdilər. 80-ci illərin sonu-90-cı illərin əvvəllərində ərazilərimizin 20 faizi – Qarabağın Dağlıq hissəsi və onun ətrafındakı yeddi rayon genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində işğala məruz qaldı, bir milyondan artıq azərbaycanlı doğma yurdlarından didərgin salındı. 1992-ci ildə erməni ekstremistlərinin Xocalıda, Ağdabanda, Daşaltıda həyata keçirdikləri soyqırımı aktları isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsi oldu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı quldurlarının Xocalı şəhərinə qəfil silahlı basqın edərək oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törətməsi, qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirilməsi, 150 nəfərin itkin düşməsi, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qoyulması, vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin meyitləri üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilməsi, mahiyyəti etibarilə, Xocalı faciəsini Holokost, Gernika, Xatın, Srebrenitsa, Ruanda soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə bir sıraya qoyur. Bütövlükdə, 2 milyon azərbaycanlı ermənilər tərəfindən törədilmiş soyqırım, etnik təmizləmə və deportasiya siyasətinin fəlakət və dəhşətlərini öz taleyində yaşamışdır.

Bu arada xüsusi qeyd edək ki, uzun illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın öz müxtəlifliyi ilə fərqlənən mədəni və mənəvi irsinə qarşı terror reallaşdırılmışdır. Ermənilər qəsb etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini, mədəniyyət abidələrimizi, ziyarətgah və qəbirstanlıqlarımızı, xristian və yəhudi məbədlərini məhv etdilər. Ermənilər Qarabağda tarixən mövcud olmuş qədim alban, müsəlman, pravoslav dini və mədəni irsini yoxa çıxarmaq yönündə məqsədyönlü iş apararaq mədəni-mənəvi irs nümunələrimizi ya məhv edib sıradan çıxarmış, ya da tarixini, mənşəyini saxtalaşdıraraq özününkiləşdirmiş – erməniləşdirmiş, qriqoryanlaşdırmışlar.

Bu gün Azərbaycanın rəsmi və ictimai dairələri Ermənistanın Azərbaycan ərazisində törətdiyi etnik təmizləmə, soyqırımı əməllərinə, vandalizm aktlarına dair təkzibolunmaz faktları beynəlxalq təşkilatların və ictimaiyyətin diqqətinə çatdırmaqdadır. Təəssüflər olsun ki, YUNESKO azad olunmuş Qarabağ torpaqlarına araşdırıcı missiyasını yollamağı ləngidir, Avropa Parlamenti isə ikili yanaşma mövqeyindən çıxış edərək Qarabağda guya “erməni irsinin dağıdılması” barədə qərəzli qətnamə qəbul edir. Halbuki, azad olunmuş ərazilərimizdə yeni erməni cinayəti faktları – kütləvi məzarlıqlar aşkarlanmaqdadır. Azərbaycan ərazilərində müharibə cinayəti – yandırılmış torpaq taktikasını tətbiq etmiş ermənilərin basdırdıqları saysız-hesabsız minalar səbəbindən günahsız insanlar bu gün də həyatlarını itirməkdə, əlilliyə düçar olmaqdadırlar.

Azərbaycanda əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayan dini icmaların rəhbərləri kimi Cənubi Qafqaz bölgəsində bütün xalqlar, dinindən və dilindən asılı olmayaraq bütün insanlar arasında qarşılıqlı anlaşmanın nəhayət bərqərar edilməsinin tərəfdarıyıq. Müharibə, ərazi iddiaları, nifrət, dini və etnik ayrıseçkilik, revanşizm kimi meyllərə son qoyulmalı, dövlətlər arasında sabitlik hökm sürməli, davamlı iqtisadi inkişaf yolunda səylər göstərilməlidir. Regionumuzda olan bütün dini icmalar, ələlxüsus Erməni Apostol Kilsəsi bu istiqamətdə fəal çalışmalı, sülhü və dialoqu təşviq etməli, sülhpərvər və humanist ideyaları təbliğ etməlidir. Lakin təəssüflər olsun ki, erməni din xadimləri qonşu xalqlara qarşı təcavüzü dəstəkləyir, erməni diasporunun və lobbisinin imkanlarını səfərbər edərək hal-hazırda erməni terrorçuları və ekstremistlərinin revanşist, radikal, ksenofob, faşizm xislətli əməllərinə bəraət qazandırmağa çalışırlar.

Biz, Azərbaycanda yaşayan din xadimləri bir daha dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edir, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət verməyə çağırırıq. Həqiqət gec-tez qalib gələcəkdir, ədalət öz yerini tutacaqdır, inşallah! Qoy Uca Yaradan hamımıza doğrunu yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!"

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski imzalayıblar.

əsas linklər