İranda azərbaycanlı siyasi fəal İsmayıl Əli Mirzayi zəmanətlə azadlığa buraxılıb

İranda azərbaycanlı siyasi fəal azadlığa buraxılıb. İsmayıl Əli Mirzayi 27 günlük həbs həyatından sonra 400 milyon tümən zəmanətlə Urmiya şəhərinin mərkəzi həbsxanasından məhkəməyədək müvəqqəti azadlığa buraxılıb. Azərbaycanlı siyasi fəal hakimiyyət əleyhinə təbliğat aparmaq, etnik qruplarla əlaqə qurmaq və fitnə cərəyanı ilə əməkdaşlıqda günahlandırılıb. İ. Mirzayinin məhkəməsinin nə vaxt keçiriləcəyi məlum deyil.

Qeyd edək ki, azərbaycanlı siyasi fəal İranın islahatçılar qanadına mənsub İran Müşarikət Cəbhəsi Partiyasının Qərbi Azərbaycan vilayəti üzrə təmsilçisidir. Hətta İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları İsmayıl Əli Mirzayini mayın 19-da Urmiyadakı evinə basqın edərək tutublar. Mənzildə axtarış aparılıb, ona aid kitablar, əlyazmalar və kompüter müsadirə edilib. ETTELAAT əməkdaşları bir neçə gün sonra təkrar evdə axtarış aparıb, bir neçə kitab və şəxsi əşyaları özləri ilə götürüblər. Azərbaycanlı siyasi fəal həbsindən əvvəl İran Məsləhət Şurasının sədri, eks-prezident Əli Əkbər Haşimi Rəfsəncaninin və sabiq prezident Məhəmməd Xatəminin seçki kampaniyasına qoşulmamaq və dəstək verməmək barədə xəbərdarlıq da alıb.

Bu arada “Sananews”un verdiyi məlumata görə, azərbaycanlı fəal Sadiq Feyzullahnejad bir ay ETTELAAT-ın Urmiya şəhərindəki təcridxanasında saxlanıldıqdan sonra Makı şəhərinin həbsxanasına köçürülüb. Azərbaycanlı fəal bu il mayın 22-də ETTELAAT əməkdaşları tərəfindən Bazerqan (Gürbulaq) şəhərində tutulub .

əsas linklər