
Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyasından olan deputatı Feramuz Üstünlə müsahibə
Feramuz bəy, bu yaxınlarda Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanla bağlı açıqlamalar verərək, guya 3-4 ildən sonra Azərbaycanın bölgədə mövqelərinin zəifləcəyini və s. açıqlamalar verdi. Sizcə, Sarkisyan nələrə əsaslanıb bu fikirlər işlədib?
-Məndə bu fikirlərlə tanışam. Amma deyə bilmirəm ki, Sarkisyan bu fikirləri hansı səbəblərlərə söykənərək bildirib. Bircə onu deyə bilərəm ki, Azərbaycan bu gün inkişaf etməkdə olan dövlətdir və regionda önəmli söz sahibinə malikdir. Azərbaycansız hansısa layihəni gerçəkləşdirmək qeyri-mümkündür.
Maraqlı olan Ermənistan özü ciddi problemlər içindədir. Daxilində vəziyyət olduqca ağırdır. İki dövlətlə rəsmən əlaqələri yoxdur. Gündən-günə daxilində də vəziyyət pisləşməkdədir. İndi də durub Azərbaycan haqqında hansısa fikirlər bildirmək məntiqsizlikdir. Azərbaycanın inkişafı göz qabağındadır. Sarkisyanın bu məsələ ilə bağlı açıqlaması məntiqsizlikdir. Bu erməni ictimaiyyətinə hesablanmış bir mesajlardır. Populist fikirlərdən başqa bir şey deyil.
Əvvəla Sarkisyan Azərbaycan haqqında danışmaqdansa, daxilində olan ciddi problemlərinin həlli ilə məşğul olarsa daha yaxşı olardı. Üstəlik, işğal etdiyi Qarabağ torpaqlarından erməni ordusu çıxmalı və Azərbaycan-Türkiyə əlaqələrinin normallaşmasını düşünməlidir. Bu Ermənistan üçün çox fayda gətirər.
-Ermənistan rəhbərliyi daha çox dediyiniz məsələləri yox,tamam başqa siyasət yürüdür. Qeyd etdiyiniz məsələlər öz həllini taparsa, bu proses Ermənistana nə qazandıra bilər?
-Hər zaman bu mövzunun üzərində dayanırıq ki, Ermənistan son 20 ildə nəyə nail oldu? Biz ölkədə baş verən məsələlərə təhlil edərsək, Ermənistan işğal prosesindən heç bir şey qazanmadı. Tam əksinə itkilərə məruz qaldı. Ölkədə dağınıq iqtisadiyyat, miqrasiya axını ilə üz-üzə qalıb. Bütün regional layihələrdən kənar qalan, Ermənistanın siyasi-iqtisadi gələcəyi sual altındadır. Çünki Qafqaz elə bir bölgədir ki,burada barış və sakitlik hakim olarsa, bölgə daha da və sürətlə inkişaf edər. Bunlar olmasa bundan ən çox zərər çəkən tərəf Ermənistan olacaq.
-Türkiyənin bu məsələlərdə rolunu necə görürsünüz?
-Bu gün bəzi güclər istəsələr və istəməsələr də Qafqazda Türkiyənin təsiri artmaqdadır. Son illər Türkiyənin cənubi Qafqazda fəal siyasət yürütdüyü ortadadır. Türkiyədən Gürcüstan və Azərbaycana siyasilər, iş adamları və s.sahələri təmsil edən şəxslərin səfərləri sürətlənib. Türkiyə bölgədə cərəyan edən hadisələri diqqətlə izləyir.
Həmçinin, Türkiyənin bölgədə güclənməsi Azərbaycanın bölgədə güclənməsinə gətirib çıxarır. Çünki iki qardaş ölkə arasında əlaqələr elə bir səviyyədədir ki, bu əlaqələr bölgədə ancaq barış və təhlükəsizliyin qarantı rolunu oynamaqdadır.